Kişi və qadınlar arasında imkan fərqləri azalır - xəritə
Kişilər və qadınlar arasındakı imkanlar fərqi ötən il də azalmaqda davam edib.
Dünya İqtisadi Forumunun (DİF) (World Economic Forum - WEF) hesabatına görə, buna səbəb qadınların siyasətə və işçi qüvvələrinə daxil olmasıdır.
Forum 142 ölkədə iqtisadi, səhiyyə, təhsil və siyasətdə iştirak kimi faktorları təhlil edib.
Doqquz il əvvəl bu hesabatların tərtibinə başlanandan bəri 105 ölkədə genderlər arasında imkan fərqləri azalıb, beş ölkədə isə fərqlər daha da kəskinləşib.
İslandiya dalbadal altıncı ildir ki, bu sahədə liderlik edir. Yəmən həmin müddətdə siyahının sonunda yer alıb.
İslandiyanın ardınca, Finlandiya, Norveç və İsveç olmaqla, Şimali Avropa ölkələri siyahıdakı ilk beşliyə daxildirlər. Bu ölkələr, onların təbirincə deyilərsə, uzun müddət mütərəqqi siyasi instinktləri ilə öyünüblər.
Ümumi sıralama:
Birləşmiş Krallıq qlobal indeksdə səkkiz pillə enərək 26-cı yerdə qərar tutub. Bu müddətdə ilk iyirmiliyin xaricində olan Ruanda 7-ci pilləyə yüksəlib və Afrikada ən yüksək reytinqli iqtisadiyyat olub.
DİF-in hesabatına görə Britaniyanın uğursuzluğuna səbəb qadınların gəlirlərinin kişilərə nisbətdə az olmasıdır. Atlantik okeanın o tayında isə ABŞ, orada maaşlar arasındakı fərq daraldığından üç pillə qalxaraq ilk iyirmiliyə daxil ola bilib. Birləşmiş Ştatlarda parlament və nazirliklər səviyyəsində təmsil olunan qadınların faizi yüksəlib.
DİF hesabatının müəllifi Saadia Zahidi deyib ki, Ruandanın uğuru oradakı işçi qüvvəsində kişilər qədər də qadınların olmasıdır. Ruandada həmçinin qadınlar təkcə səhiyyə və təhsil sahələrində deyil, həm də ölkənin nazirlik ofislərində daha çox təmsil olunublar.
Reytinq siyahısının sürprizlərindən biri də qadınlar üçün ən yaxşı ölkə kimi Nikaraquanın 10-cu yerdən altıncı yerə yüksəlməsi və Filippinin ən yüksək reytinlqli Asiya ölkəsi kimi 9-cu yerdə qərar tutmasıdır.
Ölkələr dörd əsas sahə üzrə qiymətləndirilib:
- Qadınlar işləyə və eyni iş üçün kişilər qədər pul ala bilirlərmi?
- Təhsil almaq imkanları varmı?
- Onlara siyasi fəaliyyətlə məşğul olmaq imkanı verilirmi?
- Qadınların təkcə gözlənilən ömür uzunluğu yox, cəmiyyət daxilində kişilərə nisbətdə sağlamlıqları necədir?
Bu qiymətlərin nəticələrinə ictimai qüvvələr təsir göstərir. Məsələn, Hindistan bu il cədvəldə 13 pillə enərək 114-cü yerə düşüb. Bu isə Brics (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) qrupu adlandırılan ölkələr arasında ən aşağı göstəricidir.
Saadia Zahidi deyib ki, Hindistanda qadınların ictimai həyatda iştirakını mənfi mənada təsirləndirən ictimai nəqliyyatın təhlükəsizliyi məsələsi olub.
Qlobal baxımdan gender bərabərliyinin tərəqqisi daha çox qadının işçi qüvvələrə və siyasətə daxil olması ilə bağlıdır, deyib Zahidi.
Siyasət üzrə sıralama:
Hesabatın müəllifi əlavə edib: “Ötən onillikdə daha çox qadın və kişi işçi qüvvələrinə daxil olubsa da, bu mənada 49 ölkədə qadınların sayı daha çox olub.
"Siyasət sahəsinə gəlincə, qlobal miqyasda 10 il bundan əvvəllə müqayisədə qadın millət vəkillərinin sayı 26, qadın nazirlərin sayı isə 50 faiz artıb. Bu, iqtisadiyyatlar və milli mədəniyyətlər üçün çox geniş dəyişiklikdir" – deyib hesabat müəllifi.
Xanım Zahidi bildirib ki, ölkələrin öz statuslarını yaxşılaşdıra bilmələrinə səbəb onların, məsələn, seçki namizədləri üçün kvota və hədəfləri müəyyən etmələri olub.

Şəklin mənbəyi, BBC World Service
























