Azərbaycanda kinorejissor Ramil Usubovun iddiası əsasında cərimələnib

Şəklin mənbəyi, Photo Ramin Deko
Ziyalılar Forumunun sədri Eldəniz Quliyev daxili işlər nazirinin iddiası əsasında təhqir və böhtan maddələri ilə ittiham olunaraq cərimələnməsi haqda məhkəmə qərarını "qərəzli və sifarişli" hesab edir.
"Heç şübhəsiz ki, bu siyasi sifarişdir. Bir daha göründü ki, Azərbaycan məhkəməsi müstəqil deyil. Daha çox siyasi sifarişlə işləməyə üstünlük verir. Əgər məhkəmə hakimiyyətin təməl sütunlarından biridirsə, bu qərar çox acı təəssüf hissi doğurur", Quliyev BBC Azərbaycancaya deyib.
Cümə axşamı Nəsimi Rayon Məhkəməsi nazir Ramil Usubovun iddiası əsasında Quliyevin 480 saat ictimai işlərə cəlb olunmaqla min manat cərimə olunması haqda qərar çıxarıb.
Eldəniz Quliyev Facebook sosial şəbəkəsində nazirə müraciət edərək bəzi yol polisi əməkdaşlarının "öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini" qeyd edib və onu "konkret addımlar atmağa" çağırıb.
Cərimə
Müraciət yerli saytların birində dərc edildikdən sonra məhkəməyə müraciət edən nazirin iddiası əsasında Nəsimi Rayon Məhkəməsinin təyin etdiyi linqvistik ekspertiza Quliyevin yazdıqlarında təhqir məqamlarının olduğu barədə rəy verib.
Milli Şuranın üzvü siyasi fəaliyyətinə görə təzyiqə məruz qaldığını iddia edir.
"Mənim Ziyalılar Forumunda fəaliyyətim, eləcə də Milli Şurada təmsil olunmağım, milli azlıqların hüquqlarını qorumağımı bunlar həzm edə bilmirdilər. Belə bir qurama məhkəmə prosesi keçirdilər", o qeyd edib.
Quliyevin sözlərinə görə, cəriməni ödəmək fikrincə deyil.
"Əvvəl həbs etmək istəyirdilər. Sonra 480 saat ictimai iş, min manat cərimə və 147 manat yalançı linqvistik ekspertizasının da pulunu ödəməli olduğun haqda qərar çıxarıldı. Bunun heç birini etmək fikrində deyiləm. Əgər bu əlimə süpürgə götürməli olsam, bunlar arxayın olsunlar ki, ilk süpürməli olduğun şey elə bunların özləridir", o əlavə edib.
























