Rauf Mirqədirovun həbsdə saxlanılma "müddəti 5 ay uzadılıb"

Şəklin mənbəyi, apa
Baş Prokurorluq casusluqda ittiham olunan jurnalist Rauf Mirqədirovun həbs müddətinin daha 5 ay uzadıldığını açıqlayıb.
“Təqsirləndirilən şəxs Rauf Mirqədirovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bitdiyindən onun həbsdə saxlanılma müddəti qanunla nəzərdə tutulmuş qaydada daha 5 ay müddətinə uzadılıb”, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov BBC Azərbaycancaya deyib.
Mirqədirovun vəkili Elmar Süleymanov yerli mediaya açıqlamasında jurnalistin məhkəməsinin “gizli” keçirildiyini deyib.
“Əldə etdiyimiz məlumata görə dünən gizli məhkəmə iclası qurulub və Rauf Mirqədirov barəsində seçilən həbs qətimkan tədbirinin müddəti uzadılıb. Bu qərarı hansı hakimin çıxardığını öyrənməyə və sənədlər əldə etməyə çalışırıq”, “Modern.az” saytı vəkildən sitat gətirir.
Prokurorluq Mirqədirovun həbs müddətinin nə zaman artırıldığı barədə BBC Azərbaycancanın sualını cavablandırmayıb.
“Rauf Mirqədirovun müdafiə hüquqları təmin edilməklə cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Qanunun tələbləri gözlənilərək bu qərar verilib”, cənab Sultanov qeyd edib.
Jurnalistin vəkilləri onunla görüşə bilmədiklərini və qanunsuz həbsdə saxlanılması iddiası ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etdiklərini bildirib.
“Noyabrın 19-da Mirqədirovun həbs müddəti bitib və məhkəməyə yəqin ki, heç bir müraciət olunmayıb. Müraciət olsaydı, məhkəmə baxardı və bizi də dəvət edərdi. Dünəndən Rauf azadlıqda olmalıdır”, - cümə axşamı vəkil Fuad Ağayev BBC Azərbaycancaya deyib.
Baş Prokurorluqdan və Milli Təhlükəsizlik Nazirliyindən BBC Azərbaycancaya vəkilin iddiaları ilə bağlı şərh verilməyib.
“Ayna-Zerkalo” qəzetinin jurnalisti Rauf Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunduqdan sonra "dövlətə xəyanət" ittihamı ilə məhkəməyə qədər həbs edilib. Onun həbs müddəti iki dəfə uzadılıb.
"Qanunsuz həbs"
Cənab Ağayevin sözlərinə görə, jurnalistin MTN-nin İstintaq Təcridxanasında saxlanılması haqda məhkəmə qərarı öz hüquqi qüvvəsini itirib və o, “qanunsuz və heç bir hüquqi əsas olmadan” həbsdə saxlanılır.
“Biz dünən onun azadlığa buraxılmadığını gördük və hüquq-mühafizə orqanlarına, Baş Prokurorluq, Milli Təhlükəsizlik Nazirliyinə və Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə müraciət etdik. Bu gün müraciətlərimiz ünvanına çatsa da, cavab gəlmədi”, vəkil cümə axşamı bildirib. Jurnalistin vəkili onunla görüşmək üçün MTN-nin İstintaq Təcridxanasına getdiyini, amma görüşə bilmədiyini söyləyib.
“Dedilər ki, həkim onu müayinə edir, bu görünməmiş bir şeydir. İki saat müayinə mümkünsüzdür. İradlarımızı bildirdik və bir daha izah elədik ki, Raufu buraxmaq onların borcudur”, Ağayev qeyd edib.
Məhkəməyə müraciət
MTN-də jurnalistin həbsdə qalması ilə bağlı “heç bir səbəb deyilmədiyini” söyləyən vəkilin sözlərinə görə, təcridxananın rəisi ilə görüşmək cəhdləri baş tutmayıb.
“İstintaq Təcridxanasının rəisi ilə görüşməyə cəhd göstərdik. Dedilər burda yoxdu və zənglərə də cavab vermədi. Biz dedik ki, şəxsi işini qaldırın, Raufun həbs müddətinin bitməsi aydın olacaq. Bizə bildirdilər ki, araşdıracaqlar. İstənilən halda onun nəinki hüquqlarını, həm də müdafiə hüqunu da pozmuş oldular”, noyabrın 20-də vəkil əlavə edib.
Ağayev jurnalistin həbs müddətinin bitməsi ilə bağlı deyil, dərhal azadlığa buraxılması ilə bağlı cümə günü məhkəməyə müraciət olunacağını qeyd edib.
Sonda jurnalistin ailə üzvlərinə də azadlığa buraxılmaması, məhkəmənin niyə keçirilmədiyi barədə hakimiyyətdən heç bir məlumat verilmədiyini bildirib.
Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyinin birgə yaydığı açıqlamada "casusluq" maddəsi ilə ittiham olunan jurnalist Rauf Mirqədirovun "hərbi və dövlət sirrlərini Ermənistan xüsusi xidmət orqanlarına ötürməsi" bildirilir.
İyulun ortasında yayılan rəsmi məlumatda jurnalistin Ermənistan xüsusi xidmət orqanlarına ABŞ-ın İrana hücum edəcəyi halda "guya Azərbaycan hakimiyyətinin öz ərazisindən istifadə etməsinə icazə verməsi" haqda məlumatlar ötürdüyü deyilir.
























