KİV haqqında qanuna yeni dəyişiklər gəlir

Çap edildi

Azərbaycanda təklif olunan yeni qanun layihəsinə görə, bir il ərzində məhkəmənin qərarı ilə iki dəfə məsuliyyətə cəlb olunan medianın fəaliyyəti dayandırıla bilər.

"KİV haqqında" qanuna ediləcək dəyişiklərin layihəsi prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunub, yerli media xəbər verir.

Dəyişiklər edilmiş qanun layihəsi dekabrın 16-da parlamentin müzakirəsinə çıxarılacaq.

Media ekspertləri yeni dəyişiklərin Azərbaycanda media azadlığının məhdudlaşdırılmasına yönəldildiyini düşünürlər.

Mediaya basqı

Media hüquqları eksperti Ələsgər Məmmədli kütləvi informasiya vasitəsinin əlavə fəaliyyətinə xitam verilməsi ilə məhkum olunmasının “hüquqi qarşılıqlıq baxımından düzgün olmadığını" deyir və bunu “mediaya basqı” kimi qiymətləndirir.

“Faktiki olaraq kütləvi informasiya vasitəsi hər hansı qanunu pozursa və cərimələnirsə, o artıq cəzasını çəkmiş olur. Və hər hansı əlavə suç olmadan yeni cəza çəkmək, əlavə məhkum olmaq ağır prosedurdur”, cənab Məmmədli BBC Azərbaycancaya bildirib.

Onun sözlərinə görə, yeni dəyişiklər medianın azadlığı və Konstitusiyasının 50-ci maddəsində medianın heç bir halda fəaliyyətinin dayandırılmaması ilə bağlı bəndə ziddir.

İlham Əliyev
Şəklin alt yazısı, "KİV haqqında" qanuna ediləcək dəyişiklərin layihəsini Milli Məclisə prezident İlham Əliyev təqdim edib

“Azərbaycan 2001-ci ildə Avropa Şurası qarşısında öhdəlik götürəndə də, qanunda 10 bəndin 9-nu çıxardı ki, bunlar məhdudlaşdırıcı bəndlərdir. Yenidən eyni məzmunlu məhdudlaşdırmanın olması həm Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklər, həm də media azadlığına verdiyi dəyərdən geri çəkilmə anlamına gəlir”, media eksperti qeyd edib.

Cənab Məmmədlinin fikrincə, dəyişiklər qəbul olunarsa, bu, qanunvericilik normalarının düzgün təsbit olunmamasına gətirib çıxaracaq.

“Çünki bu normalarda fundamental insan hüquq və azadlıqları baxımından media azadlığının da önəmli yeri var və media azadlığının məhdudlaşdırılması çox istisna hallarda İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində nəzərdə tutulur”, ekspert əlavə edib.

Yeni müddəanı media azadlığına “ciddi sanksiya” adlandıran Məmmədlinin sözlərinə görə, bu dəyişiklər kommersiya anlayışına da ziddir.

“Kütləvi informasiya vasitələrinin böyük media quruluşları, holdingləri var və burda yüzlərlə insan işləyir. Birdən birə hansısa iki xırda inzibati pozuntuya görə müəssisəni bağlayıb insanları çölə atmaq olmaz. Bu təklifin müzakirə olunub geri qayıtması lazımdır. Biz qanunlarımıza azadlıqları azaldan deyil, artıran müddəalar gətirməliyik”, ekspert bildirib.

Şərait

Bakı Dövlət Univetsitetinin müəllimi və telejurnalist Qulu Məhərrəmlinin fikrincə, yeni dəyişikliklər “KİV haqqında” demokratik qanunun fəlsəfəsindən uzaqlaşmaq deməkdir.

“Kütləvi informasiya vasitələri fəaliyyətini məhdudlaşdırmağa yönəlik istənilən tədbirlər dünyada mütrəce qanun kimi qəbul olunur... Qəzet etik qaydalara əməl etməlidir, bunun üçün onun şəraiti olmalıdır. İnformasiya mənbələrinə çıxışı olmalıdır. Bizim cəmiyyətdə bu ağrılı məsələlərdir”, Məhərrəmli BBC Azərbaycancaya bildirib.

Konstitusiyada medianın azad olması və informasiya azadlığını təsbit olunduğunu qeyd edən jurnalistin sözlərinə görə, qanuna edilən son dəyişiklərin məqsədi Azərbaycan reallığında məlumatları məhdudlaşdırmaqdır.

“Bu əlavələr söz və mətbuat azadlığının xeyrinə deyil”, ekspert əlavə edib.

Araşdırmaçı jurnalist Xədicə İsmayılın sözlərinə görə, qanuna təklif olunan yeni dəyişiklər prezidentin məramını “çox açıq şəkildə göstərməsi” kimi qəbul edilməlidir.

Xədicə İsmayılova
Şəklin alt yazısı, Xədicə İsmayıl düşünür ki, İlham Əliyev ölkədə "heç bir tənqidi kütləvi informasiya vasitəsinin qalmasını istəmir"

“O ölkədə heç bir tənqidi kütləvi informasiya vasitəsinin qalmasını istəmir. İndiyə kimi ən çox məhkəmə şikayətləri edilən qəzetlər hökümət haqda tənqiqi məqalələr yazan qəzetlərdir və onlar haqqında sifarişli məhkəmə qərarları çıxarılır. Təsəvvür edin ki, indi həmin qəzetlər bağlana bilər”, jurnalist BBC Azərbaycancaya bildirib.

"KİV haqqında" qanuna görə, hazırda barəsində üç məhkəmə hökmü çıxarılmış kütləvi informasiya vasitəsinin fəaliyyətinə və yayımına xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilə bilər.

Bu il altı ay ərzində Avropa Şurasına sədrlik etmiş Azərbaycan ölkədə media hüquqları və insan haqlarının vəziyyətinə görə tənqid olunur.