Gəncədə aksiya zamanı iki şəxs "polis tərəfindən saxlanılıb"

Çap edildi

Dekabrın 10-da Gəncənin Cavadxan qəsəbəsində (keçmiş Avtozavod) keçirilən aksiya zamanı beş polis əməkdaşı ilə yanaşı bir sakin “müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.

Şənbə günü Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumata görə, hadisə nəticəsində polisə məxsus 3 xidməti maşının “şüşələri sındırılıb”.

“Xəsarət alanlardan İcra Hakimiyyətinin başçısı və onun müavini, 1 polis əməkdaşı və 1 vətəndaş 3 saylı şəhər xəstəxanasına yerləşdirilib”, rəsmi məlumatda deyilir.

Məlumata görə, “cinayəti törətməkdə şübhəli bilinən” iki şəxsə qarşı xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə və ya belə zor tətbiq etmə hədəsi ilə hədələmə maddəsi ilə ittiham irəli sürülüb və onlar saxlanılıb.