Azərbaycanda yeni reklam qanunundan narazılıq

Şəklin mənbəyi, Getty
- Müəllif, Xanım Cavadova
- Vəzifə, BBC Azərbaycanca, Bakı
- Çap edildi
Azərbaycanda yeni reklam qanunu layihəsi media orqanlarının brendlərin adının çəkməsini yasaqlayır.
<link type="page"><caption> Yeni qanun layihəsinin</caption><url href="http://www.meclis.gov.az/?/az/law/846/1" platform="highweb"/></link> hazırlanması müzakirələrində iştirak etmiş Reklamçılar İttifaqının rəhbəri Hacıəmi Atakişiyev deyir ki, brendin adını çəkməklə məlumat vermək artıq reklam deməkdir.
"Brendin adı çəkilirsə, gizli reklam edilir demək. Ad çəkilirsə, həmin brendin sponsor olduğu deyilməlidir. Brend sponsor deyilsə və olmaq istəmirsə də, media orqanı brendin adını çəkirsə, media qurumu ya cərimələnə, ya da məhkəməyə verilə bilər".
Bu və bu kimi yeniliklərlə gələn və Milli Məclisdə artıq birinci oxunuşda qəbul edilmiş qanun layihəsi media qurumları və ictimaiyətlə əlaqələr (İƏ) mütəxəssislərinin etirazına səbəb olub.
Mütəxəssislər deyir ki, belə yeniliklər media qurumlarının işinə maneə törədə bilər və media azadlıqlarını pozur.
"Media qurumlarına azadlıq verilməlidir. İndi istənilən medianın xaricdə çıxmış hər hansı brendin məhsulu barədə informasiya verməsi reklam hesab edilə bilər", İƏ üzrə mütəxəssis Afət Yaqubova BBC Azərbaycancaya deyir.
Yeni layihəni Milli Məclisə təqdim edən deputat Vahid Əhmədov hesab edir ki, televiziya və radio verilişlərdə, internet şəbəkəsində, çap məlumatlarında və malların qablarında brendin adının çəkilməsi "düzgün deyil", yalnız sponsorlar siyahısında brendin adı çəkilə bilər.
Mütəxəssislər deyir ki, yeni qanun, həm şirkətin, həm də qurumun boynuna qoyur ki, reklam müqaviləsi bağlasınlar, əks halda bütün media brendlərin adını çəkmədən xəbər yazılmalıdır.
Cənab Atakişiyev göstərdiyi nümunədə deyir ki, media qurumları ad çəkmədən "müəyyən bir brendin yeni modelləri yaranıb" kimi xəbər yazısı hazırlaya bilər.
"Brendlər reklam vermək istəməsə özü uduzacaq. Brendlərin adını müqaviləsiz çəkən media isə cərimələnə və ya məhkəməyə verilə bilər", cənab Atakişiyev əlavə edir.
Sosial reklam
Mütəxəssilərin narazı olduğu digər maddə sosial reklamla bağlıdır.
Afət Yaqubova deyir ki, reklam vericinin ildə 5 faiz həcmində sosial reklam hazırlaması kimi məsuliyyət qanundan çıxarılıb.
Hazırda qüvvədə olan qanundan çıxarılmış maddədə deyilir ki, "reklam istehsalçısı özünün illik reklam istehsalının 5 faizi həcmində sosial reklamının istehsalına xidmət göstərməyə borcludur".
Yeni qanunda isə yalnız reklam yayıcısının üzərinə "illik efir vaxtının, nəşrlərdəki reklam yerlərinin və reklam qurğularının ümumi sahəsinin ən azı beş faizini sosial reklam üçün ayırmaq" kimi məsuliyyət qoyulur.
"Bu, məsuliyyəti reklam istehsalçısının üzərindən atır. Belə çıxır ki, reklam yayıcısı deyə bilər ki, heç kim reklam vermədi, mən də yaymadım. Sosial reklam mütləq lazımdır", xanım Yaqubova bildirib.
Yeni qanun layihəsini "Avropa standartlarına uyğun" adlandıran cənab Atakişiyev isə deyir ki, yeni maddələr reklam verici və yayıcı arasında münasibətlərə aid olduğundan istehsalçını "maraqlandırmır".
"Onlar bugünə kimi necə işləyirdisə, elə də işləyəcəklər".
Deputat Vahid Əhmədov BBC Azərbaycancaya deyib ki, sosial reklamın ümumi yayım vaxtının çoxaldılması üzərində işlənilir.
Reklama nəzarət
Layihədə reklam sahəsinə nəzarət və özünütənzimləmə maddəsi də narazılıq yaradıb.
Yeni qanunu əvvəlkindən fərqləndirən bir cəhət də "Reklam sahəsində özünütənzimləmə üçün birliklər, şuralar, assosiasiyalar, ittifaqlar və digər qeyri-hökumət təşkilatları yaradılır" cümləsinin əlavə edilməsidir.
"Ola bilər ki, layihədə bu qədər boşluqların olması reklam sahəsinə nəzarət edəcək bir aparatın yaradılması üçündür. O qurum reklamları qeydiyyatdan keçirsin, yoxlasın - yeni bir bürokratiya aparatı", xanım Yaqubova ehtimal edir.
Deputat Əhmədov deyir ki, belə bir məsələ qanunda nəzərdə tutulmasa da, bu, dövlətin işidir.
"Özünü tənzimləmə mexanizmi dedikdə, məsələn Reklamçılar İttifaqı var. Müqavilə əsasında işləyirlər".
"İki mənalı" qanun
Mütəxəssislərin layihədən narazı salan digər nüanslara ümumilikdə qanunun yazılma dilinin "iki mənalı olması"dır.
Məsələn, "İnternet şəbəkəsi" sözü suallar doğurub.
"İnternet şəbəkəsi deyəndə nə nəzərdə tutulur - bu, sözün geniş mənasıdır. Şirkətin saytı ola bilər, Facebook səhifəsi ola bilər, xəbər saytı ola bilər. İstənilən nəzarət qrupu bundan tutub şirkətə ilişə bilər", xanım Yaqubova qeyd edib.
Vahid Əhmədov "internet şəbəkəsi" dedikdə, bütün saytların nəzərdə tutulduğunu bildirib.
"Yaradıcılığa məhdudiyyət"
Yeni qanunda "ən" üstünlük bildirən təsvir vasitəsinin işlədilməsi də qadağan edilib. Reklamçılar bunu, yaradıcılığa məhdudiyyət kimi qəbul edib.
Ümumilikdə, mütəxəssislər bu layihəni Rusiya Federasiyasının "Reklam haqqında Qanun"unun mətninə bənzədib.
Reklamçılar İttifaqının rəsmisi isə 18 ildən sonra dəyişdirilən qanunu "modern" hesab edir və deyir ki, istənilən xarici şirkət bu qanunu anlaya bilər. "Anlamayan yerli şirkətlərsə yeni layihəyə uyğunlaşmalıdır".
Yeni qanun layihəsində razılıqla qarşılanan - dərs ləvazimatları, uşaq gündəlikləri və albomların üzərində reklamların qadağası, eləcə də siqaret və tütün məhsullarına qoyulan qadağalar kimi maddələr də olub.
Deputat Əhmədov da deyir ki, telefonlara gələn reklam mesajlarına qadağalar qoyulub. Bundan sonra reklam provayderi abunəçi ilə müqavilə əsasında belə mesajlar göndərə bilər.
Hazırda qüvvədə olan reklam haqqında qanun <link type="page"><caption> 1997-ci ildə qəbul edilib</caption><url href="http://www.icherisheher.gov.az/qanunlar,165/lang,az/" platform="highweb"/></link>.
























