Mevlüt Çavuşoğlu Azərbaycana səfər edəcək

Çap edildi

Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu qarşıdakı həftə Azərbaycana rəsmi səfər reallaşdıracaq.

Türkiyə XİN-dən verilən rəsmi açıqlamaya əsasən, 25-26 fevral arasında baş tutacaq səfər "mütəmadi olaraq keçirilən yüksək səviyyəli görüşlər" sırasındandır.

Açıqlamaya əsasən nazir Çavuşoğlu, Bakı görüşlərində Türkiyə-Azərbaycan əlaqələrində yer alan mövzular və Yuxarı Qarabağ ixtilafı başda olmaqla regional və beynəlxalq məsələləri əhatəli şəkildə müzakirə edəcək".

Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç diqqəti nazir Çavuşoğlunun Bakıya rəsmi səfərini "Azərbaycan üçün önəmli bir gündə" reallaşdırmasına yönəldib.

Səfir Kılıç BBC Azərbaycancaya deyib ki, səfərin "Xocali qətliamının ildönümündə Bakıda olması qardaşlıq münasibətlərinin səviyyəsindən xəbər verir".

"Hər bir səfər kimi bu səfər də iki ölkə arasındakı əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək", səfir Hulusi Kılıç deyib.

İki ölkənin xarici işlər nazirlərinin son görüşü ötən il dekabrın 10-da baş tutmuşdu.

Nazirlər Mevlüt Çavuşoğlu və Elmar Məmmədyarov Qarsda gürcü həmkarları Tamar Beruçaşvili ilə regional məsələlərin müzakirəsi üçün üçtərəfli görüş keçirmişdilər.