Müsavatın "avtoritar rəhbərliyi" barədə Qeybullanın iddiası böhtandır - Elman Fəttah

Ötən ilin sentyabr ayında Arif Hacılı partiya rərhbəri vəzifəsində İsa Qəmbəri əvəzləyib.
Şəklin alt yazısı, Ötən ilin sentyabr ayında Arif Hacılı partiya rərhbəri vəzifəsində İsa Qəmbəri əvəzləyib.
Çap edildi

“Adil Qeybullanın partiyanın avtoritar rəhbərliyi olduğuna dair iddiası böhtandır. O ilk dəfə deyil ki, partiya sıralarından istefa verir”, bu sözləri Musavat Partiyası başqan müavini Elman Fəttah BBC Azərbaycancaya açıqlamasında deyib.

Onun sözlərinə görə, xroniki olaraq partiyadan bir neçə insan istefa verib və sonradan partiya sıralarına geri qayıdır. “Bunlar yaxşı hal deyil, heç Adil bəyə də yaraşmaz. Adil bəy əvvəllər olduğu kimi fikrini dəyişib geri qayıda bilər”.

Mayın 3-də Musavat Partiyasının Binəqədi rayon təşkilatı Vurğun Əyyubun təşkilatın sıralarından xaric edilməsi barədə qərar qəbul edib. Musavat Partiyasının Divan üzvü və Binəqədi rayon təşkilatının keçmiş sədri Nemət Kərimlinin mətbuata açıqlamasında deyib ki, Vurğun Əyyub özəyin iclaslarına qatılmaqla bağlı çağırışlara məhəl qoymayıb, qərarlara tabe olmayıb, üzvlük haqqını ödəməyib. Buna görə də özək təşkilatı onun partiyadan xaric edilməsi ilə bağlı qərar qəbul edib.

Adil Qeybulla isə bu qərarı absurd adlandıraraq partiya sıralarından istefa edib. Adil Qeybulla öz növbəsində verdiyi qərarı müdafiə edir. O deyir ki, Musavat partiyanın rəhbərliyini "ələ keçirmiş indiki qurum" öz opponentlərinə qarşı "ədalətsiz, nizamnaməyə zidd, absurd" ittihamlarla yollarla mübarizə aparırır.

“Bu mübarizə heç bir Musavatçılıq prinsiplərinə cavab vermir. Bu tendensiya davam etdiyinə görə, ordakı mənəvi mühiti nəzərə alaraq artıq orda işləməyin qeyri - mümkün idi. Bu səbəbdən istefa etdim”, - o deyir.

Adil Qeybulla Elman Fəttahın sözlərinə cavab olaraq, bundan öncə təkcə bir dəfə istefa etdiyini və bu addımının qınaqla qarşılandığını deyir.

“2011-ci ildə istefa etmişdim. O vaxt da eyni tipli hadisə ilə bağlı idi istefam. Amma cəmiyyət və hərəkat yoldaşlarım tərəfindən qınaq və basqı var idi deyə, partiya sıralarına geri qayıtdım. Amma bu gün məni qınayanlar da qərarımı dəstəkləyirlər”, - deyən Adil Qeybulla bundan sonra siyasi fəaliyyətini davam etdirəcəyini bildirir.

Elman Fəttah partiyanın rayon təşkilatının qərarını təsdiqləyərək, nizamnaməyə görə partiya strukturları kifayət qədər muxtar qurumlardır deyir. O bildirir ki, bu qərarın verilməsi gözlənilən idi.

“Musavat partiyasının Qurultayından sonra Vurğun Əyyub partiyasının qurultayını tanımadığını bəyan edir. O, partiyanın məclisini, divanını da tanımaqdan imtina edərək partiyanı legitim saymır. O, üzv olduğu özəyi də tanımaq istəmir. Bu səbəbdən belə bir qərarın çıxması normal idi. Çünki bu qədər tanımamağın cavabı olaraq strukturlardan biri çıxıb Vurğun bəyi tanımırıq deməli idi”, - deyən başqan müavini qərara olan reaksiyaları və Adil bəyin reaksiyasının başadüşülən saymır.