Xədicə İsmayılın həbsdə "narazılıqları var”

Şəklin mənbəyi, BBC World Service
Bu gün jurnalist Xədicə İsmayılın həbsinin 6 ayı tamam olur. O, ötən il dekabrın 5-də keçmiş həmkarını özünəqəsd həddinə çatdırmaq barədə ittihamla saxlanılıb.
Onun BBC Azərbaycancaya danışan vəkili Fəxrəddin Mehdiyev Xədicə İsmayıl ilə ötən həftə görüşdüyünü bildirir. O deyir ki, jurnalist özünu yaxşı hiss etsə də bəzi narazılıqları var.
“Vaxtlı vaxtında mətbuat dərclərini əldə edə bilmir, məktubları mətbuata ötürməkdə problemlər var. Görüşlərə gələndə çox ciddi şəkildə yoxlanılır. Buna görə də çox vaxt yazışmaları alınmır”.
Xədicə İsmayıl keçmiş həmkarı Tural Mustafayevin ittihamı ilə "özünü öldürmə həddinə çatdırma" maddəsilə saxlanılıb.
Daha sonra fevralın 13-də jurnalist Azərbaycan Baş Prokurorluğu tərəfindən mənimsəmə və israf etmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma və vəzifə səlahiyyətlərindən sui istifadə maddələri ilə ittiham olunub. İttihamlar təsdiqlənərsə, jurnalisti 12 ilədək həbs cəzası gözləyir.
Cənab Mehdiyev onu da deyir ki, jurnalistin işi ilə bağlı bu yaxınlarda Avropa məhkəməsinə şikayət təqdim olunub.
“Əslində iş əvvəl də göndərilmişdi, amma son vaxtlar Xədicə İsmayılın həm həbs müddətinin uzadılması ilə bağlı mütəmadi olaraq apelyasiya şikayətlərimiz olub, həm də həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatətlərimiz təmin olunmayıb. Bütün bu tədbirləri ikayətə əlavə edərək yenidən göndərmişik”, o deyib.
Aprel ayında Tural Mustafayev Xədicə İsmayıla qarşı şikayətini geri götürdüyünü açıqlayıb. BBC Azərbaycancaya danışan Tural Mustafayev "doğru qərara" gəldiyini deyib və şikayət ərizəsi verməsini "psixi durumundakı pozğunluqla" əlaqələndirib.
Vəkil Mehdiyev deyir ki, Tural Mustafayevin şikayətinin geri götürməsi ilə irəli sürülmüş “özünəqəsd həddinə çatdırmaq” ittihamı öz qüvvəsini itrir.
Həmçinin oxu: <link type="page"><caption> Azərbaycan dünyanın senzura beşliyinə düşüb </caption><url href="http://www.bbc.com/azeri/international/2015/04/150422_azeri_censorship" platform="highweb"/></link>
“Bu ittihamla bağlı artıq xitam verilməlidir. Biz vəsatət qaldırmışıq bu barədə, amma hələ ki, rəsmi bir cavab almamışıq”, deyən vəkil, fevral ayında irəli sürülmüş 4 ittihamla bağlı ekspertiza təyin olunsa da, hər hansı istintaq hərəkətləri olmadığını deyir.
Xədicə İsmayıla qarşı bir ittiham da xüsusi ittihamçı Elman Türkoğlu tərəfindən irəli sürülüb. O, şərəf və ləyaqətinin təhqir olunması iddiası ilə məhkəməyə müraciət edərək Xədicə İsmayıldan şikayətçi olub. Həmin şikayət əsasında jurnalist 2500 manat cərimə cəzasına məhkum edilib.
Vəkil Yalçın İmanov deyir ki, bu işlə bağlı apellyasiya şikayəti təmin olunmayıb. “Biz vəsatət qaldırdıq ki, apellyasiya şikayəti qismən məhkəmə istintaqı ilə aparılsın, amma vəsatət təmin olunmadı. İndi ilkin apelyasiya qərarından Ali Məhkəməyə kassasiya şikayəti vermişik”.
Nyu Yorkda mənzilləşən Jurnalistləri Müdafiə Komitəsi 2015-ci il hesabatında Azərbaycanı dünyanın 10 ən senzuralı ölkələri arasında 5-ci yerə qoyub.
Təşkilatın hesabatına əsasən Azərbaycanda <link type="page"><caption> 10 jurnalist həbsdədir</caption><url href="https://cpj.org/2015/04/10-most-censored-countries.php" platform="highweb"/></link>.
Xədicə İsmayıl həbs olunudqdan sonra Anna Politovskaya Söz Azadlığı mükafatına və PEN Amerika Mərkəzinin söz azadlığı ilə bağlı nüfuzlu mükafatı - PEN/Barbara Goldsmith mükafatına laiq görülüb.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Marie Harf Xədicə İsmayılovanın həbsinin daha geniş təqiblər kampaniyasının tərkibi kimi göründüyünü deyib.
“Biz Azərbaycanda vətəndaş cəmiyyəti, o cümlədən jurnalistlərin fəaliyyətinə qoyulan məhdudiyyətlərdən dərin narahatlıq keçiririk", o bildirib.
Avropa Şurası Parlament Assambleyasının prezidenti Anne Brasseur öz növbəsində xanım İsmayılın həbsi ilə bağlı bildirib: "Avropa Şurasının üzvü olan Azərbaycan AİHM standartlarına riayət etməlidir".
Xədicə İsmayıl özünü heç bir ittihamda təqsirli bilmir və həbsini siyasi sifariş sayır. Azərbaycan hökuməti bu iddianı rədd edir.

























