HRW: Oyunlar repressiya fonunda başlayır

Çap edildi

Hüquq müdafiə qrupu Bakı 2015 Avropa Oyunlarının postsovet dövründə "misli görünməmiş təqiblər atmosferində" açıldığını bəyan edib.

Human Rights Watch (HRW) təşkilatının "Azerbaijan: Bakı Oyunları geniş təqiblər fonunda başlayır" adlı hesabatında deyilir ki, Azərbaycan hakimiyyəti onlarla tənqidçini həbs edib və yarışları işıqlandırmaq üçün Bakıya gəlmək istəyən iri Avropa nəşrlərinin jurnalistlərini ölkəyə buraxmayıb.

6 min idmançının iştirakı ilə keçiriləcək ilk Avropa Oyunlarına cümə günü start verilir. Azərbaycanı insan haqlarını pozmaqda ittiham edən qurum və təşkilatlar beynəlxalq yarışlardan əvvəl həbs olunmuş fəalların azad edilməsinə səsləyirlər.

İnsan haqları sahəsində pozuntuların olmadığını deyən Azərbaycan tənqidləri qarayaxma kampaniyasının tərkibi adlandırıb. İlk Avropa Oyunları 50 ölkəni bir araya gətirən Avropa Olimpiya Komitələri (EOC) təşkilatı tərəfindən idarə olunur.

Təqiblər

“Hökumət təqiblərinə görə Avropa Oyunları tarixə yanlış səbəblərə görə düşür”, Nyu Yorkda mənzillənən HRW təşkilatının Avropa və Mərkəzi Asiya departamentinin direktor müavini Rachle Denber bildirib.

“Media azadlığı Olimpiya hərəkatının əsas təməllərindədir. Oyunları işıqlandıran müxbirlərə viza verməməklə Azərbaycan və prezident Əliyev ev sahibliyinin əsas qaydalarından birini rədd edirlər. EOC və Beynəlxalq Olimpiya Komitəsi ətraflı izahat və bu addımların ləğvini tələb etməlidir”.

Olimpiya xartiyası

HRW bildirir ki, EOC media azadlığını təmin edən Olimpiya Xartiyasına əməl etmək öydəliyini yerinə yetirə bilməyib və Azərbaycan hökumətinə təsir göstərmək fürsətini əldən qaçırıb. EOC rəsmiləri müsahibə və bəyanatlarında bildiriblər ki, “suveren hökumətə nə etməni diktə” edə bilməzlər və "siyasi məsələlərə qarışmırlar".

Çərşənbə axşamı günü Bakı aeroportunda saxlanılan Platform London təşkilatının fəalı Emma Hughes Azərbaycana gəldiyi günün ertəsi deportasiya olunub, hüquq müdafiə qrupu bildirir. Bunun ardınca Amnesty İnternational təşkilatı Azərbaycana səfərinin təxirə salınması barədə təklif aldığını bildirib.

İyunun 10-da Avropa Parlamentində keçirilən dinləmələrdən sonra bəyanat verən bir qrup MM deputatı insan haqları ilə bağlı tənqidlərin təzyiq kimi istifadə olunduğunu deyiblər.

“Azərbaycanda peşə fəaliyyətinə görə həbs edilmiş hüquq müdafiəçisi və ya jurnalist yoxdur. Eləcə də, bu cür peşə sahiblərinin cinayət törətdikləri halda məsuliyyətdən azad olunacaqlarına dair hər hansı qanun da mövcud deyildir”, - MM sədr müavinlərinin imza atdığı bəyanatda deyilir.

"Təəssüf hissi ilə qeyd etməliyik ki, həm Avropa Parlamenti, həm də onların hüquq müdafiəçisi adlandırdığı ayrı-ayrı şəxslər 20 ildən çoxdur Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bütün hüquq və azadlıqlarından məhrum edilmiş 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün tapdalanmış insan ləyaqəti barəsində susmağa üstünlük vermişlər".