Bu gün Azərbaycanda İnsan Hüquqları günüdür

Şəklin mənbəyi, AFP
Bu gün Azərbaycanda İnsan hüquqları günüdür. 1998-ci ildə bu gün sabiq prezident Heydər Əliyevin imzaladığı sərəncamla “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilib.
Amma bu gün Azərbaycan bir çox yerli və beynəlxalq təşkilatlar tərəfindən, ölkədə insan hüquqlarının vəziyyətinə görə kəskin tənqid olunur.
Norveçin Helsinki Komitəsi tərəfindən hazırlanan, "siyasi məhbus" kimi tanınan şəxslərin siyasında Azərbaycandan 80 adamın adı əks olunub.
Human Rights Watch Azərbaycan hakimiyyətinin, öz tənqidçilərinə qarşı repressiya apardığını bildirir.
“Sərhədsiz Reportyorlar” Azərbaycanın mətbuat azadlığı indeksi siyahısında 180 ölkə arasında 162-ci yerdə durduğunu bildirir.
Transparency International-ın korrupsiya hesabatında isə Azərbaycan 175 ölkə 126-cıdır.
Prezident İlham Əliyev öz oppenetlərini sıxışdırmaqda ittiham olunmaqla yanaşı, hakimiyyətə gələndən bəri heç bir yerli mediaya müsahibə vermədiyi üçün tənqid olunur.

Şəklin mənbəyi, Bertus Bouwman
Ancaq cənab Əliyev çıxışlarında Azərbaycanda heç kimin siyasi baxışlarına görə təqib olunmadığını və ölkədə insan hüquqlarının vəziyyətinin müsbət olduğunu deyib.
Senzura beşliyində
Bu ilin aprel ayında Beynəlxalq mətbuat hüquqları təşkilatı Jurnalistləri Müdafiə Komitəsinin (The Committee to Protect Journalists -CPJ) senzura indeksində Azərbaycan ilk beşliyə daxil edilib. Təşkilat bildirib ki, hökumətlərin senzura taktikasına jurnalistlərin məhbus edilməsindən tutmuş repressiv qanunlar və internet azadlığı üzərinə qoyulmuş məhdudiyyələrədək ən müxtəlif taktika növləri daxildir.
Beynəlxalq təşkilatların siyasi və ya vicdan məhbusu kimi tanıdığı hüquq müdafiəçiləri və jurnalistlərə qarşı əsasən aşağıdakı ittihamlar irəli sürülüb.
2013-cü ilin sentyabrında “Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov 5 il azadlıqdan məhrum edilib. 2012-ci il iyun ayında həbs olunan Məmmədova qarşı dövlətə xəyanət, milli nifrət və düşmənçiliyin salınması, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə və ittihamı irəli sürülüb.

REAL Hərəkatının sədri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublu 2013-cü il yanvar ayında İsmayıllı rayonunda kütləvi üsyanlarla nəticələnmiş keçmiş icra başçısının oğlu və yerli sakinlər arasında baş verən toqquşmalara görə həbs olunublar. Onlar 2013-cü il yanvarın 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında ictimai-siyasi sabitliyi pozmaqda ittiham olunublar. İlqar Məmmədov 7, Tofiq Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum edilib.
2013-cü ilin mart ayında N!DA vətəndaş hərəkatının üzvləri həbs olunub. Onlar Narkotik və qanunsuz silah əldə etmək və daşımaqda günhlandırılırlar. Amnesty International N!DA Vətəndaş Hərəkatı fəallarınınm həbslərini 10 mart "Əsgər ölümlərinə son!" aksiyası ilə əlaqələndirib. 2014-cü il mayın 6-da onlara hökm oxunub. Zaur Qurbanlı, İlkin Rüstəmzadə və Rəşadət Axundova 8 il, Rəşad Həsənov və Məmməd Əzizova 7.6 il, Bəxtiyar Quliyev və Üzeyir Məmmədliyə 7, Şahin Novruzluya isə 6 il azadlıqdan məhrum etmə cəzası verilir. Onlardan bəziləri hazırda azadlıqdadır.
2013-cü ilin sentyabırında "Bizim Yol" qəzetinin jurnalisti və moderator.az saytının direktoru Pərviz Həşimli həbs olunub. Ona və Təvəkkül Qurbanova qarşı "qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı" və "qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma" maddələri ilə cinayət işi açılıb. O, 2014-cü il may ayında 8 il müddətinə azadlıqdan məhrum edilib.

Şəklin mənbəyi, Bertus Bouwman
2013-cü ilin dekabırında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli qanunsuz sahibkarlıqda, külli miqdarda vergidən yayınma və seçki saxtakarlığında ittiham olunaraq həbs edilib. 2014-cü il may ayında o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Elə həmin il Anar Məmmədli Avropa Şurası Parlament Assambleyası (AŞPA) Vaclav Havel adına İnsan Haqları mükafatına sahib olub.
2014-cü ilin mart ayında “Ayna-Zerkalo” qəzetinin Türkiyə təmsilçisi, siyasi şərhçi Rauf Mirqədirovun Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib və burada həbs olunub. Jurnalist hazırda Cinayət Məcəlləsinin 274-cü, dövlətə xəyanət maddəsi ilə ittiham olunur. İttiham öz təsdiqini taparsa, o, 10 ildən 15 ilədək və ya ömürlük həbs cəzası ala bilər. Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi açıqlama verərək bu həbsdən narahatlığını ifadə edib.
2014-cü il avqust ayında İnsan Haqları Klubu təşkilatının rəhbəri, hüquq müdafiəçisi Rəsul Cəfərov həbs edilib. Ona qarşı qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunur. İstintaq dövründə ona qarşı, həmçinin, mənimsəmə və sənədləri saxtalaşdırma maddələri ilə də əlavə ittihamlar elan olunub. 2015-ci ilin aprel ayında o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Şəklin mənbəyi, Aziz Kerimov
2014-cü ilin iyul ayında Sülh və Demokratiya İnstitunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı konfliktoloq Arif Yunus həbs olunub. Onlar dövlətə xəyanət, dələduzluq vergidən yayınma, qanunsuz sahibkarlıq, sənədlərin saxtalaşdırılması, bilə-bilə saxta sənədlərdən istifadə etmə maddələri maddələri ilə ittiham olunurlar.
2014-cü ilin avqust ayında Hüquq Maarifçiliyi Cəmiyyəti qeyri-hökümət təşkilatının rəhbəri, hüquq müdafiəçisi İntiqam Əliyev vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə ittiham olunaraq həbs olunub. 2015-ci il aprel ayında 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Human Rights Watch onun həbsini siyasi motivli sayaraq onun azad edilməsini tələb edib.
2014-cü ilin avqust ayında həbs olunanlardan biri də Azərbaycan Xalq Cəbhəsi partiyasının Rəyasət Heyətinin üzvü olan jurnalist, Azərbaycan hökümətini tənqid edən "Azərbaycan saatı" TV proqramının aparıcısı və Azadlıq qəzetinin redaktoru Seymur Həzidir. Ona qarşı "silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə xuliqanlıq" maddəsi ilə cinayət işi açılıb. Bu ilin yanvar ayında o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Şəklin mənbəyi, Revan Seyfulla
2014-cü il dekabr ayında Azadlıq Radiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayıl keçmiş həmkarını özünəqəsd həddinə çatdırmaq barədə ittihamla saxlanılıb. Daha sonra ona qarşı Azərbaycan Baş Prokurorluğu tərəfindən mənimsəmə və israf etmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma və vəzifə səlahiyyətlərindən sui istifadə maddələri ilə cinayət işi açılıb. İttihamlar təsdiqlənərsə, jurnalisti 12 ilədək həbs cəzası gözləyir. Xədicə İsmayıl həbs olunudqdan sonra Anna Politovskaya Söz Azadlığı mükafatına və PEN Amerika Mərkəzinin söz azadlığı ilə bağlı nüfuzlu mükafatı - PEN/Barbara Goldsmith mükafatına layiq görülüb. Bir çox insan və jurnalist haqları təşkilatları onun dərhal azadlığa buraxılmasına çağırıb.
Azərbaycan hökuməti bu məsələlərlə bağlı bütün tənqidləri rədd edir və ölkədə insanların siyasi baxışlarına yox, əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunduğunu deyir.
Yeni Azərbaycan Partiyasının Sədr müavini Əli Əhmədov “siyasi məhbuslar problematikası”-nı bəzi Avropa dairələrinin Azərbaycana təzyiq üsulu olduğunu hesab etdiyini deyib.
Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanın hüquqi dövlət normalarına uyğun fəaliyyət göstərdiyini deyərək, ölkədə siyasi məhbusların olmadığını bildirib.
“Qərbin bəzi QHT-ləri, dairələri tərəfindən Azərbaycanda mətbuat azadlığının, azad medianın olmadığı, insan haqlarının pozulduğu barədə iddialar səslənir. Azərbaycan 15 ilə yaxındır, Avropa Şurasının üzvüdür, Avropa Məhkəməsinin yurisdiksiyasındadır. Azərbaycan məhkəmələrinin qərarından Avropa Məhkəməsinə şikayət edilə bilər”, o bildirib.
























