Britaniya səfiri Azərbaycanda jurnalistlərə akreditasiya verilməməsini pisləyib

İrfan Siddiqin şərhi "Turan” informasiya agentliyinin sualına cavabda səslənib.
Şəklin alt yazısı, İrfan Siddiqin şərhi "Turan” informasiya agentliyinin sualına cavabda səslənib.
Çap edildi

Britaniyanın Azərbaycandakı səfiri deyib ki, Avropa Oyunlarını işıqlandırmaq üçün Bakıya gəlmək istəyən Britaniya jurnalistlərinə akreditasiya verilməməsi təəssüf doğurur.

Diplomatın şərhi Bakıda narazılıqla qarşılanıb. Yüksək rütbəli Azərbaycan rəsmisi şərhi "heç bir çərçivəyə siğmayan bir informasiya" kimi dəyərləndirib.

İrfan Siddiqin reaksiya doğurmuş mülahizəsi "Turan” informasiya agentliyinin sualına cavabda səslənib.

“Təəssüf edirəm ki, bəzi jurnalistlər hadisənin hissəsi olmaq imkanından məhrum edilib. Bunun həmçinin Azərbaycana təəssüf doğuran təsiri olub. Akreditasiyanın rədd edilməsi mənfi məlumatların yayılmasının qarşısını almaq niyyətindən irəli gəlirdisə, o tam əks təsirə və daha çox neqativ xəbərlərə səbəb olub. Fərqli fikirlərin qəbulu güclü demokratiyanın əlamətlərindən biridir. Azərbaycanın bütün mətbuata və maraqlı tərəflərə Avropa Oyunlarına qatılmaq, onları izləmək və yarışlarla bağlı fikirlərini sərbəst ifadə etməyə maneəsiz giriş imkanının yaratması mühümdür”.

"Dünən mətbuatda heç bir çərçivəyə siğmayan bir informasiyaya rast gəldim. Birləşmiş Krallığın Azərbaycandakı səfiri britaniya jurnalistlərinin akreditasiya almamalarını biabırçılıq adlandırıb", - Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter hesabında yazıb.

"Görünür Birləşmiş Krallığın səfiri elə hesab edir ki, Azərbaycanla bağlı nə istəsə deyə və edə bilər. Təəssüf".

Britaniya səfiri müsahibəsində həmçinin oyunlara baş çəkib Britaniya idmançılarını şəxsən salamlamaq imkanından məmnun qaldığını bildirib.

“Mən ötən cümə günü rəsmi açılış mərasiminə Britaniya xarici işlər nazirinin müavini Tobias Ellwood-la birlikdə qatıldım. Mərasim möhtəşəm və çox əzəmətli idi. Səhnəni canlandıran su axını ilə yerdən otun qalxmasının dramatik təsviri ən çox xoşuma gələn hissə oldu".