Mətbuat icmalı: Avropa Oyunları, Pirşağı, Nəbatat bağı, oliqarxlar...

Şəklin mənbəyi, AFP
“Azərbaycan” qəzeti bugünkü nömrəsində “Euronews” telekanalının saytında Bakıda keçirilən ilk Avropa Oyunlarının 8-ci günündən hazırlanmış reportaj barədə yazıb.
Bildirilir ki, reportaj qadın velosipedçilərin yarışından və bədii gimnastika və su polosu yarışlarından bəhs edir.
“Azadlıq” qəzeti bugünkü sayında da xarici mətbuatın Azərbaycandakı korrupsiya və vətəndaşların ağır həyat şəraiti barədə yazılarının icmalını təqdim edib.
İcmalda deyilir ki, “İspaniya mediasında Bakıda keçirilən Avropa Oyunları "diktaturanın təbliğatı" adlandırılıb.”
“Azadlıq” “Frankfurter Allgemeine”nin dərc etdiyi geniş repotajdan hissələri də oxuculara təqdim edib.
“Parıltının arxasındakı səfalət...
Parıltılı Bakıya minlərlə idmançı dəvət olunub - avtokratiya obrazının nümayişi oyunlarına. Avropa Oyunlarının təkcə açılış mərasiminə 100 milyon manat vəsait xərclənib.
Açılış mərasimindən üç gün sonra parıltılı Heydər Əliyev prospektindən kənar bir yerə getdik. Orada bir neçə kişi çirkab içində qazıntı işləri aparırdı. Həmin ərazi neft çıxarılan sahə idi. Taksi sürücüsü bizi müşayiət edən yerli adama irad tutaraq dedi: “Niyə bunlara şəhərin yaxşı yerlərini yox, pis yerlərini göstərirsən?” Həmin adam da bildirdi ki, o ərazidə onun yaxın qohumu yaşayır və onlara baş çəkməliyik. O, yalan danışırdı...
…Kasıb insanlar oradakı zibillikdə nə isə axtarmaqla məşğul idilər. Biz orada çox dayana bilməzdik. Çünki orada olduğumuzu bilsəydilər, bizim üçün problem yaradıla bilərdi. İdmançıların qaldığı ərazidə hər tərəf parlaqdır, müasirdir. Bir qədər kənarda isə köhnə, yarımçıq, çirkli tikililər görmək mümkündür.
İspaniyanın “El Mundo” qəzeti isə yazır ki, “bir sıra beynəlxalq təşkilatlar Avropa Oyunlarını “diktaturanın təbliğatı” adlandırır. Çünki bu turnir əslində, Əliyev rejiminin özünü beynəlxalq ictimaiyyətə nümayiş etdirməsinə hesablanıb. …Avropa Olimpiya Komitəsinin prezidenti 2012-ci ildə ”Avropa Oyunları" adı altında qitə turniri təsis etmək qərarına gəldi. Bu məsələdə İspaniya Olimpiya Komitəsi də ona aktiv dəstək verdi. Sanki Avropa bununla 1951-ci ildən özünün qitə oyunları turniri olan Amerika, Asiya ilə bərabərlik yaratmaq istəyirdilər.
"Beynəlxalq hüquq-müdafiə təşkilatı olan “Amnesty International” kimi qurumlar Bakıda keçirilən Avropa Oyunlarını “diktaturanın təbliğatı” kimi qiymətləndirir".
Çünki hazırda turnirə “ev sahibliyi” edən Azərbaycan xüsusən son vaxtlarda bütün dünyaya nümayiş etdirib ki, bu ölkədə vətəndaş hüquq və azadlıqları məhdudlaşdırılıb.
Pirşağı çimərlikləri
“Yeni Müsavat” qəzetində “Pirşağıda Avropa Oyunlarını fürsət bilib dənizi hasarladılar!” adlı fotoreportaj dərc edilib.
Reportajda deyilir ki, “hələ sovet dövründə pioner düşərgələrinin sayı-hesabı olmayan Pirşağı qəsəbəsindəki yaşı bilinməyən çimərlik də hasarlanıb. Daha doğrusu, hasarlanma 1-ci Avropa Oyunları başladığı gündən 1 gün sonra sona çatdırılıb - prezidentin imzaladığı qanunda hasarların dəniz sahilindən 20-50 metrlik aralıda olması haqda qadağa var və məmurlar bu qadağanı sadəcə, saya salmırlar.”
“…Fakt odur ki, dənizə darvaza qoyub onu hasarlarla xalqın üzünə bağlayıblar. Özü də bunu Bakıda keçirilən mötəbər tədbir günlərində - 1-ci Avropa Oyunlarına start verildiyi iyunun 12-dən 13-nə keçən gecə ediblər.”
Nəbatat bağı
“Yeni Müsavat” qəzeti “Bakının ən böyük yaşıllıq zolağı olan “Nəbatat bağı”nın” taleyi barədə yazır. Bu mövzuda dərc olunmuş yazıda deyilir ki, “ölkənin ən zəngin flora mərkəzi olan bağda ağaclar qurumaq üzrədir.”
Yazıda deyilir ki, “…Bəzi bəzəkli lövhələrin üzərində bitkinin sadəcə, adı qalıb, özü isə çoxdan quruyaraq, məhv olub. Bağın hər tərəfində saralmış otlar, kəsilmiş ağaclar gözə dəyir.”
Bildirilir ki, bütün bunlara səbəb bağa suyun verilməməsidir. Bağın hər tərəfində suvarma xətləri olsa da, bu xətlərdən su gəlmədiyinin şahidi olduq. Bir neçə su kranını açıb, yoxlasaq da heç birindən su gəlmədi.
…Ağacların bu cür qurumasından “Nəbatat bağı”nın rəhbərliyi də xəbərsiz deyil. Çünki, bağın müxtəlif istiqamətlərində quruyan ağaclar kəsilərək, üst-üstə yığılıb, yük maşınları ilə daşınır.”
Oliqarxlar
“Yeni Müsavat” qəzeti “Oliqarxların həbsinin ikinci dalğasının başlanması” barədə yazır.
Virtualaz.org saytına istinadən bildirilir ki, “bir müddət ölkənin dərman bazarında əsas oyunçu hesab edilən “Riyad-Farm” MMC-nin prezidenti Həsən Şərifov yenidən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb və həbs olunub.”
Məlumatda deyilir ki, ““Riyad-Farm”ın Beynəlxalq Bank qarşısında cəmi 24 milyon dollarlıq kredit öhdəlikləri var. Bu öhdəliklərə şirkətin Almaniyanın “Kommerzbank” bankından Azərbaycan Beynəlxalq Bankının zəmanəti ilə aldığı 14 milyon dollar kredit və Sahibkarlığa Kömək Milli Fondundan alınan 10 milyon dollar kredit daxildir.”
























