İtkin düşmüş Azərbaycan əsgərlərinin meyiti tapılıb

Çap edildi

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyindən APA-ya itkin düşən Azərbaycan hərbçilərinin tapılması ilə bağlı məlumat verilib.

Məlumata əsasən, rəsmi Bakının xahişilə BQXK Azərbaycan və Ermənistanın razılaşdığı humanitar əməliyyatın keçirilməsi üçün neytral vasitəçi olub.

Ölkələr arasındakı beynəlxalq sərhəddə həyata keçirilmiş "əməliyyatın nəticəsi olaraq iyunun 23-də itkin düşmüş iki azərbaycanlı hərbçinin taleyinə aydınlıq gətirilib", məlumatda bildirilib.

Bu arada, Azərbaycan Müdafiə Nazirliyi itkin düşmüş azərbaycanlı əsgərlərin meyitlərinin tapıldığını xəbər verib. Müdafiə Nazirliyinin məlumatına əsasən, iyunun 23-də "Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində qoşunların təmas xəttində, dağ-meşə şəraitində yolu azan kiçik çavuş Musayev Musa Sabir oğlu və kiçik çavuş Yolçuyev Tural Sahib oğlunun meyitləri qarşı tərəfdə minalanmış sahədə aşkarlanıb".

Məlumata əsasən axtarış BQXK vasitəçiliyilə həyata keçirilib.

"Görülən tədbirlər nəticəsində cəsədlər ərazidən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib", Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bundan əvvəl Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan tərəfinə itkin düşən hərbçiləri axtarmağa şərait yaratdığını BBC Azərbaycancanın Yerevan müxbirinə bildirmişdi.

Azərbaycanın Müdafiə Nazirliyinin saytında bildirilirdi ki, iyunun 23-də müddətdən artıq həqiqi hərbi xidmətdə olan kiçik çavuş Musayev Musa Yolçuyev Turalın dağ-meşə şəraitində yolu azmaları və qarşı tərəfdə olduqları ehtimal edilir.

"Dünən rəsmən məlumat vermişik ki, bu tərəfdə həmin adamlar aşkar edilməyib", Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi iyunun 24-dı BBC Azərbaycancaya deyib.

Onun sözlərinə görə, Ermənistan Qızıl Xaç Cəmiyyəti də Nazirliyə müraciət edib ki, sərhəddə itən iki nəfərin axtarılmasına imkan yaradılsın.