Azərbaycan separatçıların Böyük Britaniyaya səfərinə etiraz edir

Çap edildi

Azərbaycan Böyük Britaniyaya rəsmi şəkildə, Dağlıq Qarabağda separatçıların rəhbəri Bako Saakyanın Böyük Britaniyaya səfərinə, həmçinin Chatham House - Kral Beynəlxalq Münasibətlər İnstitutunda tədbirlərdə iştirakına görə etiraz edib.

Çərşənbə günü xarici işlər nazirinin müavini Xələf Xələfov Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiqi Nazirliyə dəvət edərək qəti etirazını bildirib, XİN-in məlumatında deyilir.

"Bu kimi halların Azərbaycan və Böyük Britaniya arasında mövcud olan dostluq və strateji münasibətlərin ruhuna uyğun olmadığı vurğulanıb və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş addım kimi qiymətləndirilib", məlumatda qeyd edilir.

Etiraz məktubu təqdim edilən səfir İrfan Siddiq isə bildirib ki, Böyük Britaniya Dağlıq Qarabağdakı rejimi tanımır.

Britaniya XİN-ə yaxın mənbələrdən BBC Azərbaycancaya bildirilib ki, Bako Saakyan Londona Ermənistan pasportu ilə gələcək və Britaniya hökuməti cənab Saakayana vizanı məhz bu pasportu əsasında verib.

Böyük Britaniya Xarici İşlər Nazirliyi Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə bildirib ki, Saakyanın Böyük Britaniyaya səfəri hökumət tərəfindən təşkil edilməyıb və o, Londonda olacağı müddətdə heç bir hökumət rəsmisi ilə görüşməyəcək.

Həmçinin əlavə edilib ki, "Böyük Britaniya Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəkləyir, Dağlıq Qarabağda yaradılmış rejimi tanımır və Böyük Britaniyanın bu mövqeyi dəyişməz olaraq qalır".

Azərbaycan və Ermənistan arasında 90-ci illərin əvvəllərindən bəri Dağlıq Qarabağ və yeddi ətraf rayona görə münaqişə davam edir. Hadisəyə 1994-cü ildə bu ərazilərin etnik ermənilərin nəzarəti altına keçməklə Ermənistan və Azərbaycan arasında atəşkəslə ara verilib.