ABŞ, Azərbaycanla hərbi əməkdaşlığı "dəyərləndirir"

Şəklin mənbəyi, modgovaz
ABŞ, Azərbaycanla hərbi sahədə əməkdaşlığını, o cümlədən NATO daxilində Azərbaycanla birgə fəaliyyətini "dəyərləndirir", ABŞ-ın Bakıdakı səfirliyi BBC Azərbaycancaya bildirib.
Bu, Azərbaycanın Müdafiə Nazirliyinin son bir ildə ABŞ-la hərbi əlaqələrdə "soyuqluq" müşahidə olunsa da, hərbi əlaqələrin bərpa edilməsinə dair məlumatından sonra deyilib.
"Azərbaycanın müstəqilliyindən bəri, biz qarşılıqlı hərbi proqramlar, hərbi səriştəlilik, terrorla mübarizə, əks-terror və hətta ingilis dili təlimləri təşkil etmişik.. Əməkdaşlığımız və dəstəyimiz bu gün də davam edir", səfirliyin məlumatında deyilir.
İyulun 14-də Azərbaycanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov ABŞ-nın Bakıdakı hərbi attaşesini Müdafiə Nazirliyinə dəvət edərək onunla fikir mübadiləsi aparıb.
Cənab Sadıqov "hərbi əməkdaşlıq sahəsində yaranmış soyuqluqdan təəssüf hissini ifadə edib", Müdafiə Nazirliyi qeyd edib.
"Dövlət Departamentinin ölkəmizə qarşı yürütdüyü ikili standartlar siyasətinə baxmayaraq biz NATO-nun etibarlı tərəfdaşı kimi çıxış etməkdə davam edirik və Əfqanıstanda bizə həvalə olunmuş missiyanı uğurla yerinə yetiririk", Nazirlik Azərbaycan rəsmisinin sözlərini yazıb.
Nazirlik hərbi əlaqələrin soyuma səbəbləri barədə detallı məlumat verməyib.
Hərbi ekspert Cəsur Sümərinli BBC Azərbaycancaya deyib ki, Azərbaycanla ABŞ arasında qarşılıqlı səfərlər, təcrübə mübadilələri, kadr hazırlığı, seminar, konfrans və strateji planlamada ekspert dəstəyi sahələrində əməkdaşlıq olub, həmçinin Azərbaycan Əfqanıstanın sabitliyi istiqamətində NATO ilə əməkdaşlığı davam etdirir.
Lakin ekspert iddia edir ki, "2014-cü il üçün Azərbaycan-ABŞ hərbi əməkdaşlıq proqramı demək olar ki, yerinə yetirilməmiş qalıb. 2015-ci ilin 6 ayında tərəflər arasında hər hansı hərbi əməkdaşlıq həyata keçirilməyib".
Nəcməddin Sadıqov onu da əlavə edib ki, Azərbaycan Pentaqon və NATO ilə hərbi əməkdaşlığı davam etdirməyə, hərbi qurumlar arasında etibarın tam bərpa olunmasına hazırdır.
Cənab Sadıqov onu da əlavə edib ki, o, "bundan sonra" Dövlət Departamentinin rəsmi şəxsləri tərəfindən hərbi əməkdaşlıq planlarının yerinə yetirilməsinə mane olması cəhdlərinin təkrarlanmayacağına, hərbçilərin isə razılaşdırılmış və təsdiq olunmuş planların siyasətçilər tərəfindən pozulmasına uymayacaqlarına və əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılacağına ümid edir.
























