Mətbuat icmalı: Zədələnmiş pulları necə dəyişməli?

Şəklin mənbəyi, Getty
"Эхо": Azərbaycan iqtisadiyyatına qoyulmuş xarici sərmayə bir ildə 46,3% artıb
Trend agentliyi Azərbaycan Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2015-ci ilin yanvar-iyun ayları ərzində ölkə iqtisadiyyatına qoyulmuş xarici sərmayə 3.2 milyard manat təşkil edib ki, bu da keçən ilin analoji dövrünə aid göstəricisindən 46,3 faiz çoxdur.
Xarici sərmayənin ən böyük həcmi mart, minimal ölçüsü isə fevral aylarına təsadüf edir.
“Hesabat dövründə xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan iqtisadiyyatına qoyulmuş sərmayənin 88,5 faizi (2,85 manatdan çox) Böyük Britaniya, Türkiyə, Norveç, Rusiya, İran, İsveç, ABŞ və Yaponiyanın payına düşür.”
Bildirilir ki, Böyük Britaniya bu sahədə lider mövqeyini saxlayır. Sözügedən dövr ərzində qoyulmuş sərmayənin 32 faizi məhz onun payına düşür. Bu isə 1,03 manat deməkdir.
"Эхо": Zədələnmiş pullarınızı harada dəyişdirirsiniz?
Qəzet vətəndaşların əlində olan zədələnmiş və köhnəlmiş pulların dəyişdirilməsi qaydaları barədə yazı dərc edib. Bildirilir ki, “Azərbaycanın Mərkəzi bankı haqqında” qanunun 40-cı maddəsinə əsasən zədələnmiş əskinasları bir sıra hallarda dəyişdirmək mümkündür.
Əgər əskinasın 60 faizi qorunub saxlanıbsa, onu dəyişdirmək mümkündür. Əgər əskinas bir neçə hissəyə bölünübsə, onu dəyişmək mümkündür, bir şərtlə ki, yapışdırılmış hissələr əskinasın 100%-ni təşkil etsin.
Zədələnmiş əskinasların sahəsinin neçə faizinin qaldığını müəyyən etmək üçünsə bank işçiləri xüsusi tordan istifadə edirlərmiş.
Bildirilir ki, zədələnmiş banknotları ölkənin bütün kommersiya banklarında, onların filiallarında, Mərkəzi bank və onun regional mərkəzlərində hər iş günü dəyişdirmək olar.
"Эхо": ABŞ səfiri ətraf mühiti qorumaq üçün velosipedə keçməyi tövsiyyə etdi
ABŞ-ın Azərbaycandakı səfiri Robert Cecuta bazar günü “Yaşıl Velosipedçilər” klubunun ABŞ səfirliyi ilə birgə təşkil etdiyi “Qlobal düşün, qlobal fəaliyyət göstər” adlı velosiped yarışında iştirak edib.
O, jurnalistlərə deyib: “Əgər bu gün ətraf mühitin vəziyyəti yaxşılaşırsa, bu ilk növbədə bizim nənə-babalarımızın və valideynlərimizin ətraf mühit üçün etdiklərinin nəticəsidir. Düşünürəm ki, biz də öz uşaqlarımız və nəvələrimiz üçün ətraf mühitin müdafiəsi üçün öz töhfəmizi verməliyik”. Səfir buna bənzər tədbrlərin gələcəkdə də davam edəcəyinə ümidini ifadə edib.
Səfir də daxil olmaqla 50 nəfərin iştirak etdiyi velosiped yürüşü Bakı Dəniz Limanından başlayaraq şəhərin mərkəzi küçələrindən keçib və ümumilikdə 13 kilometr məsafə qət edib.
"Azərbaycan": Yüngül atletimiz çempion oldu
“Azərbaycanlı yüngül atlet Nazim Babayev İsveçin Eskilstuna şəhərində keçirilən gənclər arasında Avropa çempionatının qalibi olub.”
AZƏRTAC-ın verdyi xəbərə görə Nazim Babayev “uzunluğa tullanma yarışlarının finalında 17,04 metr nəticə göstərərək qızıl medal qazanmaqla yanaşı rekorda da imza atıb.”
«Azərbaycan»: Silahlı Qüvvələrimiz beynəlxalq tədbirlərdə
“İyulun 20-dən 24-dək Almaniyanın Oberammerqau şəhərində "Quru Qoşunların döyüş hazırlığının qiymətləndirilməsi" və iyulun 20-dən 27-dək Londonda "Müdafiə Tədqiqatları üzrə Kral Kolleci" kursları keçirilir”.
Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, tədbirlərdə Azərbaycanın Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.
"Azərbaycan": Azsaylı xalqların etnik geyimlərinin sərgisi
Xəbər verilir ki, “Azərbaycanda yaşayan azsaylı xalqların milli geyimləri ilə bağlı sərgi təşkil ediləcək. Sərgi Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə bu ilin payızında keçiriləcək.”
Qəzet xatırladır ki, ötən il qurum tərəfindən “Azərbaycan milli geyimləri rəssamların gözü ilə” mövzusunda respublika sərgisi keçirilib.
























