BBC Azərbaycancadan velosiped sürənlərə çağırış

Çap edildi

Cənubi Qafqazda yaşayırsınız və velosiped sürmək sizin həyat tərzinizdir? O zaman sizi BBC-nin regiondakı velosiped həvəskarları ilə sorğusuna dəvət edirik.

Azərbaycanda, Ermənistanda və Gürcüstanda çoxsaylı velosiped həvəskarları olsa da, bu ölkələrdə velosiped sürüşləri üçün əsas şərait məhduddur.

Apardığımız araşdırmalara görə, təkcə Gürcüstanın Batumi şəhərinin bir sıra yerlərində xüsusi velosiped yolu ayrılıb.

Gürcüstan sakinləri deyir ki, bu ərazilər turizm zonası olduğundan velosiped yolları ora "tez gəlib". Paytaxt Tbilisidə isə velosipedçilər adətən parklarda sürüşlər edir.

Ermənistanın paytaxtı Yerevanda bir neçə müddət öncə velosiped yolu çəkilməsi üçün cəhdlər edilib, bir neçə yerdə xüsusi işarələr qoyulub və bəzi yerlərdə yollar çəkilib. Hərçənd ki, bu yollar praktik hesab edilmir, çünki sakinlər o yollarla addımlayır, velosipedçilər isə maşın yolunda sürməli olur.

Azərbaycanda isə illərdir ki, velosiped yollarının çəkilməsi ətrafında müzakirələr gedir. Azərbaycanlıların, adətən yolların kənarı ilə və Bakı bulvarında sürüşlər etdiyini müşahidə etmək olar.

Hər üç ölkədə ayrı-ayrı şirkətlər velosiped kirayəsi ilə də məşğuldur. Bu biznes, adətən yay aylarında məşhurlaşır.

Yollar olsa da, olmasa da, bu ölkələrin hamısında vətəndaşların əksəriyyəti velosiped sürməyə maraqlıdır.

Sizin velosiped sürmək və velosiped yolları barədə fikirləriniz nədir? Sizcə, xüsusi velosiped yolları ayrılmalıdırmı? Niyə?

Nə düşündüyünüzdən asılı olmayaraq, biz fikirlərinizi bilmək istəyirik. Həmçinin velosipedinizlə birgə foto və ya videolarınızı da göndərə bilərsiniz.

Lütfən, şərh, foto və ya videonuzu 10 avqusta qədər göndərin. Məqalə BBC Azərbaycanca saytında çap olunacaq.

Şərhlərinizi, foto və videolarınızı <link type="page"><caption> azeri@bbc.co.uk</caption><url href="mailto:azeri@bbc.co.uk" platform="highweb"/></link> ünvanına, və ya <link type="page"><caption> Facebook səhifəmizdəki</caption><url href="https://www.facebook.com/BBCAzeri" platform="highweb"/></link> poçt qutusuna göndərin. Lütfən, yalnız özünüz çəkdiyiniz və istifadə edə biləcəyimiz fotoları bizə göndərin.

Fotolar və şərhlər tərcümə edilərək BBC News saytında, həmçinin BBC dil xidmətlərinin saytlarında istifadə oluna bilər.