Leyla və Arif Yunusların məhkəməsi sabah davam edəcək

Müxbirimiz məhkəmədən xəbər verir ki, səfirlik işçiləri və jurnalistlərin çoxu zala buraxılmayıb
Şəklin alt yazısı, Müxbirimiz məhkəmədən xəbər verir ki, səfirlik işçiləri və jurnalistlərin çoxu zala buraxılmayıb
Çap edildi

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun və onun həyat yoldaşı, politoloq Arif Yunusun ilkin baxış məhkəməsi keçirilib.

Vəkil Elçin Qəmbərov məhkəmədən sonra BBC Azərbaycancaya deyib ki, bu gün şahidlər dindirilib, sabah da bu proses davam etdiriləcək.

"Bizim vəsatətlər, mahiyyəti kiçik və ya ciddi də olsa heç biri təmin olunmayıb, ona görə də məhkəmənin gedişatı ümidverici deyil", cənab Qəmbərov deyir.

Elçin Qəmbərovun sözlərinə görə, bu prosesdə səkkiz şahid dindirilib, şahidlər danışan zaman Leyla Yunus iki dəfə etiraz edib və bu barədə protokola qeydiyyat aparılıb.

"Leyla Yunus məhkəmədə yaşanan insidentlərə, şahidlərin sözlərinə emosional reaksiya verirdi", vəkil izah edib.

Məhkəmə prosesi səhər təxminən 10-da başlayıb və 5-6 saat davam edib. Prosesin ilk hissəsində ittiham aktı oxunub.

Növbəti məhkəmə iyulun 28-də baş tutacaq.

Bazar ertəsi BBC Azərbaycancanın müxbiri Günel Səfərova Bakı Ağır Cinayətlər Məhkəməsindən bildirib ki, məhkəmə zalına Almaniyanın Bakıdakı səfirliyinin nümayəndəsi və tərçüməsi də daxil olmaqla bir neçə şəxs buraxılıb.

Müxbirimiz deyir ki, məhkəmə işçiləri qəbul otağında gözləyən səfirlik işçilərini və jurnalistləri binadan zorla çıxarıb.

"Məhkəmədən 1 saat öncə gələnlər zala buraxılanların çoxunu tanınadıqlarını və qəbul otağının zalından buraxıldıqlarını görmədiklərini dedi, məhkəmə işçiləri də hamını çölə çıxardı".

Sonradan bir neçə nəfərə fasilədən sonra içəri daxil olmağa izn veriləcəyi bildirilsə də heç kim zala buraxılmayıb.

Müxbirimizin sözlərinə görə, məhkəmə zalının qarşısından Leyla Yunusun səsi eşidilib.

"Leyla Yunus deyir ki, mənə fərqi yoxdur hansı hökmü çıxaracaqsınız, adınız istənilən halda cəllad kimi tarixə düşəcək", müxbirimiz eşidib.

Leyla və Arif Yunus 2014-cü ilin iyul ayında həbs olunub. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

İyulun 15-də Yunuslar ailəsinin hazırlıq iclası keçirilib.