Mətbuat icmalı: "Azərbaycan narkotiklərin Avropaya tranziti ölkələrindən biridir"

Şəklin mənbəyi, Getty
“Azadlıq”
Rumıniyada Ukrayna ərazisindən Qərbi Avropaya gedən 333 kiloqram heroin daşıyan iki yük maşını saxlanılıb. Yüklərdən biri itlərin aşkar etməməsi üçün üstü bibərlə örtülübmüş.
İşlə bağlı iki Türkiyə və iki Rumıniya vətəndaşı saxlanılıb. Heroininsə Əfqanıstanda istehsal edildiyi güman edilir.
Rusiyanın RIA və ITAR-TASS agentlikləri bildirib ki, narkotik Azərbaycan, Gürcüstan, Türkiyə və Ukraynadan keçirilib.
Bundan başqa İyunun 12-də Ukraynanın Təhlükəsizlik Xidməti Türkiyədən bitum rulonlarla (ruberoyd) bərə ilə Odessaya gətirilmiş 500 kiloqram heroini müsadirə edibmiş. 2014-cü ilin iyulunda isə Azərbaycandan Gürcüstana daxil olarkən yuyucu vasitə adı altında kanistrlərə doldurulmuş 3 ton maye heroin, morfin və kodein daşıyan yük maşını saxlanılmışdı.
“ABŞ Dövlət Departamentinin hesabatlarına əsasən, Azərbaycan Əfqanıstan narkotiklərinin Avropaya tranziti həyata keçirilən ölkələrdən biridir. Bu tranzitin illik həcmi onlarla tonla qiymətləndirilir.
Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) bildirib: “Rumıniyaya Azərbaycandan keçməklə getdiyi deyilən 333 kiloqram heroinə gəlincə isə bildiririk ki, kütləvi informasiya vasitələri bu xəbərdə Azərbaycanın adını yanlışlıq ucbatından hallandırıblar. Rumıniyanın Mütəşəkkil Cinayətkarlıqla və Terrorizmlə Mübarizə İdarəsinin rəsmi saytında yerləşdirilmiş məlumatda Azərbaycan haqda heç bir söz yoxdur”.
“Azadlıq”
“ABŞ Dövlət Departamenti müxtəlif ölkələrdə insan alverinə dair illik hesabatını açıqlayıb. ...Hesabatın Azərbaycana aid bölümü kifayət qədər əhatəlidir. Orada qeyd olunub ki, Azərbaycan məcburi əməyə və cinsi istismara məruz qalan kişilər, qadınlar və uşaqlar üçün birbaşa mənbə, tranzit və təyinat ölkəsidir.”
Hesabatda deyilir: “Azərbaycanlı oğlan və kişilər Azərbaycanla yanaşı, Rusiyada da məcburi əməyə məruz qalırlar. Azərbaycan qadınları və uşaqları isə həm ölkə daxilində, həm də Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya, Iran və Isveçdə cinsi istismara məruz qalırlar. Eyni zamanda, Türkiyə, Türkmənistan, Özbəkistan, Əfqanıstan, Filippin, Rumıniya, Hindistan və Ukraynadan olan bir xeyli işçi-miqrant da Azərbaycanda məcburi əməyə cəlb olunur”.
Bildirilir ki, “Azərbaycan hökuməti insan alverinin aradan qaldırılması üçün minimum standartlara əməl etmir, hərçənd bunun üçün səylər göstərir. …Hökumət əvvəlki kimi, əcnəbi insan alveri qurbanlarının sayını olduğundan daha az göstərməkdə davam edir; xarici miqrantları məcburi əməyə cəlb edən şirkətlərlə bağlı yetərincə araşdırmalar aparılmır. Ölkədə geniş yayılmış korrupsiya da insan alverinə qarşı mübarizədə qanun və mexanizmlərin effektivliyinə imkan vermir”.
Hesabatda insan alverinə qarşı effektiv mübarizə məqsədilə Azərbaycan hökumətinə bir sıra tövsiyyələr də öz əksini tapıb.
Hesabatda bundan başqa vurğulanır ki, “Azərbaycanda sistemli korrupsiya insan alverinə qarşı mübarizədə əsas maneədir: Vətəndaş cəmiyyətinin nümayəndələri xəbər verir ki, hüquq-mühafizə orqanları tanınmış fiqurlardan, vəzifəli şəxslərdən ehtiyatlanaraq, xüsusən məcburi əməyə cəlbetmə ilə bağlı halları yetərincə araşdırmırlar. Polis insan alverinin qurbanlarını istismar edənlərdən rüşvət almaqda ittiham olunur.
…Hökumət insan alverinə qarşı mübarizəyə nə qədər vəsait xərclədiyini də açıqlamır.
Hesabatda 2013-cü ildə baş vermiş bir hadisədən də bəhs olunur: “Azərbaycanda 2013-cü ildə Bakıdakı klubların birində fahişəliklə məşğul olan 53 nəfərlik qrupu həbs ediblər. Onların 45-i qadın, 8-i kişi olub. Saxlanılanların bir çoxu yetkinlik yaşına çatmayan özbəklər olub. Onlar avtomatik insan alverinin qurbanları sayılmalıdır. Qızlara hansı cəzaların verildiyi, onların nə qədər həbsdə saxlanıldığı məlum deyil.”
“Yeni Müsavat”
Bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə qəbul olunmaq üçün tələb olunan keçid ballarını 200-dən aşağı salmayıb. Qeyd olunur bu qərarın verilməsində təhsil naziri Mikayıl Cabbarovun təsiri var. Nazir 200-dən az bal toplayan abituriyentlərin tələbə olması fikrinə qarşı çıxıb və deyib ki, 200-dən aşağı bal yığan abituriyentlə təhsil qurmaq olmaz.
““XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri, fəlsəfə doktoru Etibar Əliyev isə məsələ ilə bağlı musavat.com-a bildirib ki, …TQDK öz müstəqilliyini qoruyub saxlayan bir qurumdur. Müəyyən tədqiqatlar və statistik təhlillərdən sonra TQDK öz qərarını açıqlayır və bu qərarlar daha çox cəmiyyətin xeyrinə işləyir. Ancaq Təhsil Nazirliyinin konkret bununla bağlı tövsiyə və təklifləri də istisna deyil. Çünki bir çox ali məktəblərdə artıq 150-200 balla daxil olanları oxutmaq və yaxud da onları mütəxəssis kimi hazırlamaq məsələsi çox böyük problemlər yaradır.
Burada ən ciddi faktor özəl ali məktəblərlə bağlıdır. Özəl ali məktəblərə çox böyük zərbə dəyəcək. Çox ehtimal ki, bir çox özəl ali məktəblərin ixtisaslarının yarıdan çoxu boş qalacaq. Bu faktoru bir neçə dövlət ali məktəbinə də aid etmək olar. Nazirlər Kabineti tərəfindən özəl və dövlət ali məktəblərinə qəbul planı artıq təsdiqlənib. …Artıq kadr hazırlığında kəmiyyət göstəricilərini arxa plana çəkmək lazımdır. Orta təhsilin keyfiyyəti artdıqca keçid ballarını da yüksəltmək lazımdır”.
“Yeni Müsavat”
Xəbər verilir ki, İrlandiya Olimpiya Şurasının prezidenti və Beynəlxalq Olimpiya Komitəsinin İcraçı şurasının üzvü Patrik Hikki Kuala-Lumpurda Beynəlxalq Olimpiya Komitəsinin 128-ci sessiyası ərəfəsində deyib ki, “Beynəlxalq Olimpiya Komitəsinin üzvü olan Monako knyazı Albert və Lüksemburqun Böyük Knyazı Anri istisna olmaqla, Qərbi Avropa liderlərindən heç biri Bakıdakı oyunların açılışında iştirak etmədi. Baxmayaraq ki, onlar öz maraqları tələb edəndə, siyasi və kommersiya səbəbləri ilə Azərbaycana səfər edirlər.
Hikki əlavə edib ki, Qərbi Avropa ölkələrinin idman tədbirlərinə, o cümlədən ötən ay Bakıda keçirilmiş Avropa Oyunlarının inauqurasiya mərasiminə müdaxiləsi ikiüzlülükdür. “Biz Qərbi Avropa ölkələrinin olimpiya hərəkatlarının əhəmiyyəti və nə etmək barədə mühazirələrindən boğaza yığılmışıq. …Fikrimcə, Qərbi Avropa dedikdə Avropa İttifaqına üzv 28 ölkəni nəzərdə tuturuq. Mən isə 50 Avropa ölkəsinin prezidentiyəm. Bu 50 ölkədən istənilən biri oyunlar keçirmək hüququna malikdir, ancaq Avropanın qalan hissəsinin suallarına cavab vermək borcunda deyil” - deyə Hikki bildirib.
“Xalq qəzeti”
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ Dövlət Departamentinin Azərbaycan ilə bağlı açıqlamasını şərh edərkən bildirib ki, “demokratik dövlət olan Azərbaycanda qanunun aliliyi tam şəkildə təmin edilib və heç kim siyasi fəaliyyətinə və baxışlarına görə təqib olunmur. Məhkəmənin qərarı olmadan hər hansı cinayət tərkibli hala münasibətdə bu cür qərəzli mülahizələr onun işinə yersiz və uğursuz müdaxilədən başqa bir şey deyil.
…ABŞ-ın İnsan Hüquqları üzrə Universal Bəyannamədən irəli gələn və beynəlxalq təşkilatlar, o cümlədən ATƏT çərçivəsində üzərinə götürdüyü öhdəliklərə məhəl qoymayaraq bütün ölkəni bürümüş polis zorakılığı və sistematik irqi ayrı-seçkilik halları, Quantanamo həbsxanasındakı mühakiməsiz uzunmüddətli həbs və işgəncələr, ölkə daxilində və hətta ən yaxın müttəfiqlərinə qarşı qlobal səviyyədə aparılan gizli dinləmə əməliyyatları, digər ölkələrin suverenliyini pozaraq pilotsuz uçan aparatları ilə həyata keçirilən mühakiməsiz qətllər və digər bu qəbildən olan çoxsaylı problemlərin fonunda özünü insan hüquqlarının “qlobal himayədarı” kimi qələmə verməsi yalnız və yalnız istehza doğurur.”
“Azərbaycan”
AzərTAc-ın verdiyi xəbərə görə “Türk axını” layihəsində irəliləmə olmadığı və danışıqların dayandırıldığı iddia edilir.
““Türk axını” layihəsi ilə 63 milyard kubmetr Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulurdu. Bu həcmin 47 milyard kubmetri Avropanın, 16 milyard kubmetri isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə ediləcəkdi. Layihə üzrə ilk qaz nəqlinin isə 2016-cı ilin dekabrında həyata keçirilməsi planlaşdırılırdı.”
“Azərbaycan”
Ölkənin baş toksikoloqu İsmayıl Əfəndiyev ilan sancmaları zamanı təcili göstərilə biləcək yardım barədə danışıb.
O öz geniş müsahibəsində təkcə ilanların deyil, başqa heyvanların sancması təhlükəsindən də danışıb: “Əqrəb sancmaları da Azərbaycanda kifayət qədər yayılmış haldır. Xoşbəxtlikdən ölkəmizdə qara əqrəblər deyil, sarı əqrəblər yayılıb.
Afrikada olan qara əqrəblər həyat üçün təhlükəlidir. Azərbaycandakı sarı əqrəblərin zəhəri isə qat-qat zəifdir, azdır.
İndiyədək Azərbaycanda əqrəb sancmasından ölüm hadisəsi baş verməyib. Belə hallarda heç zərdaba da ehtiyac olmur, eləcə lokal anesteziya ilə zəhərlənməyə qarşı müalicə aparılır.
Lakin son 10 ildə ölkəmizə Orta Asiyadan çox təhlükəli və zəhərli, el arasında “qara qurd” adlanan zəhərli hörümçəklər gəlib. Onların zəhəri gürzənin zəhərinindən də bir neçə dəfə güclüdür.
Hörümçək o qədər balacadır ki, heç bəzən onun sancdığını da hiss etmək olmur. Bu həşəratın zəhəri neyrotoksiki olduğundan, həmin nahiyədə şiddətli ağrılar başlayır. Hətta narkotik maddələr belə o ağrıları keyləşdirə bilmir.
Bu hörümçək 1,5 mm ölçüdə olur və belində 4 qırmızı nöqtə var. Əgər belə bir hörümçəyi görə bilsəniz, ondan qorunmağa çalışın”.
























