Mətbuat icmalı: ARDNF Çin aktivlərinə görə 10 milyon dollar "zərərə düşüb"

Şəklin mənbəyi, Getty
“Azərbaycan”: İsmayıllıda Turizm İnformasiya Mərkəzi
İsmayıllı rayonunda Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində açılan Turizm İnformasiya Mərkəzi turizm potensialı yüksək olan bölgədə daxili turizmin inkişaf etdirilməsinə, yerli və xarici turistlərin rayona cəlb olunmasına xidmət göstərəcək. “Mərkəz, habelə informasiya texnologiyaları vasitəsilə bölgənin turizm potensialı barədə dünyanın hər yerinə ətraflı məlumatlar göndərəcək, sorğuları cavablandıracaq.”
Mərkəzin rəsmisi deyib ki, Baş Qafqaz dağ silsiləsinin cənub yamacında yerləşən İsmayıllı ərazisindən “Girdiman, Ax-Ox və Göyçay çayları axır. Qalacıq, Çayqovuşan, Brovdal, Müdrüsə kəndlərinin yaxınlığında füsunkar şəlalələr, habelə rayon ərazisində təbii göllər, irihəcmli sututarlar mövcuddur. Tircan kəndində “Bədo” adlanan sahədə, Diyallı, Namazgah, İstisu kəndlərinin yaxınlığında müalicəvi əhəmiyyətli sular var.”
Bundan başqa bildirilir ki, “rayon ərazisində turistlər üçün maraqlı olan 233 tarix və mədəniyyət abidəsi mövcuddur. Onlardan biri - Lahıc Dövlət Tarix və Mədəniyyət Qoruğu dünya əhəmiyyətli, 32-si ölkə, 127-si isə yerli əhəmiyyətlidir. 73 tarix və mədəniyyət abidəsi isə yeni aşkar olunub.”
“Azərbaycan”: Tanınmış şokolad ustasından ustad dərsi
Mədəniyyət və Turizm Nazirliyi xəbər verib ki, sentyabrın 5-6-da Muzey Mərkəzində tanınmış şokolad ustası Nikolya tərəfindən eksklüziv ustad dərsi təşkil olunacaq. Müəllif, eyni zamanda "Nikolya" Şokolad Muzeyinin yaradıcısı, tanınmış şokolad ustası Nikolay Popov “şokolad möcüzələri yaradaraq master-klass seriyaları təqdim edəcək. Muzey arzu edənləri ustad dərslərində iştiraka dəvət edir.
Dünya ölkələrinin 40-dan artıq şəhərində qonaq olan məşhur "Nikolya" Şokolad Muzeyinin mayın 16-dan Bakıda olduğu bildirilir. "Nikolya" Şokolad Muzeyinin sərgisi müxtəlif yaş və statuslu tamaşaçıları cəlb edir. Dünya turu zamanı 5 il ərzində sərgini 500 mindən artıq tamaşaçı ziyarət edib. Hər bir ziyarətçi üçün şokoladın pulsuz dequstasiyası təşkil olunub.”
“Azərbaycan”: ABŞ səfiri və USAİD-in direktor əvəzi QHT-lərə Dövlət Dəstəyi Şurasında
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından bildiriblər ki, şurada ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta, Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktor əvəzi Kristofer Monahan və səfirliyin siyasi işlər üzrə müşaviri Yaniv Barzilay ilə görüş keçirilib.
Məlumatda deyilir ki, “Səfir R.Sekuta Azərbaycanın son illərdə əldə etdiyi inkişafı və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq imkanlarını yüksək qiymətləndirdiyini bildirib. O, QHT qanunvericiliyinə edilən son əlavə və dəyişikliklərlə bağlı maraqlanıb və bu istiqamətdəki ən son yeniliklər barədə məlumat almaq istədiyini” deyib. Şuranın rəsmiləri qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərin cari vəziyyəti haqqında qonaqları məlumatlandırıb və onları maraqlandıran digər suallara cavab veriblər.
“Azadlıq”: Şirkətlər fəaliyyətini dayandırır, banklar müflis elan olunur
“Neftin ucuzlaşması Azərbaycanda yaranmış maliyyə böhranını getdikcə dərinləşdirir. Dünən daha bir bank maliyyə böhranı üzündən fəaliyyətini dayandırdı. 1 saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsi lisenziyası ləğv olunan “Evrobank” ASC-nin müflis elan olunması ilə bağlı qərar qəbul edib.”
Bundan başqa “Bank VTB Azərbaycan”da vəziyyətin ürəkaçan olmadığı deyilir. Bildirilir ki, “fevral devalvasiyası nəticəsində banklar əmanətçilərin etimadsızlığı üzündən 795,53 milyon manat itirib.” Mərkəzi Bankın verdiyi məlumata görə cari ilin 1-ci yarısında ölkəyə 511 milyon dollar pul göndərilib ki, “bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36 faiz azdır.”
Maliyyə böhranının hətta iri şirkətlərin fəaliyyətinə də sarsıdıcı zərbə vurduğu qeyd olunur. “Artıq “KIA Azərbaycan” satış mərkəzlərini bağlamağa başlayıb. Şirkətin icraçı direktoru Zəka Əlibəyov fins.az-a bildirib ki, avtomobillərin bahalaşması və kredit şərtlərinin sərtləşdirilməsi nəticəsində avtomobillərin təkrar bazarda satışı 55 faiz, yeni avtomobillərin satışı isə 80 faizə yaxın azalıb. Şirkət rəsmisi deyib ki, satışların azalması səbəbindən “KIA Motors” bəzi satış mərkəzlərini bağlamalı olub. “Bu proses davam edəcək. …Bu normal haldır ki, satışlar azalanda xərcləri ödəyə bilmədiyi üçün dillerlər bağlanır”, - deyə Zəka Əlibəyov vurğulayıb.”
“Azadlıq”: Xədicə İsmayılın məhkəməsində şahid: “Müstəntiq məni 4 saat yaxın saxladı, özü yazdığını verdi ki, al qol çək”
Avqustun 11-i tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılın işi üzrə məhkəmənin növbəti iclasında ilk ifadə verən şahid bu iş üzrə zərərçəkmiş qismində tanınan Tural Mustafayevin keçmiş qayınanası Fərqanə Rəsulova olub. “Şahidin ifadəsində “Meydan TV”nin adı çəkilsə də, vəkil Cavad Cavadovla sual-cavab zamanı aydın olub ki, o, ümumiyyətlə, “Meydan TV”nin nə olduğunu bilmir.”
Rövşanə Rəhimlinin anası Zemfira Əliyeva da dünən şahid qismində dindirilib. O bildirib ki, Tural Mustafayev içki qəbul edəndən sonra hərəkətlərinə nəzarəti tamamilə itirirdi: “Içəndə vurub dağıtmaq, intiqam almaq istəyirdi. May ayı idi, Rövşanə ilə mübahisələri olmuşdu, bir də gördük, ona asılmış ilgək şəkli göndərib. Qızım qorxdu ki, özünü asır. Tez qaçdıq onun yaşadığı evə, gördük ki, stolun üstündə içki, yemək bişirib, ilgək evin içində asılıb, özü də oturub eyvanda. Dedim ki, ayıb deyil? Adamı belə qorxutmaq olar? Ondan sonra içkidən aralandı, nişan oldu. Amma sonra yenə öz bildiyini elədi. Bu adam arağı ac qarına içirdi...”
Şahidin sözlərinə görə, dəfələrlə mübahisələrdən sonra Rövşanə Turaldan ayrılmaq qərarına gəlib: “Bu adam əlində zəhər küçələri gəzirdi. Rayona valideynlərinə, qohum-əqrəbasına zəng eləyib dedim. Heç kim yaxın durmadı”.
Dindirilən növbəti şahid, “Azadlıq” radiosunun əməkdaşı Esmira Cavadovanın ifadə verməsi zamanı məlum olub ki, iş materiallarındakı ifadədə onun müqavilənin Xədicə Ismayılla bağlandığı yazılıb. “Esmira Cavadova qətiyyən Xədicənin adını çəkmədiyini və bu barədə yazılanların həqiqətə uyğun olmadığını bildirib: “Bu ağ yalandı. Mən Kənan Əliyevin adını çəkmişdim. Müstəntiq saxtakarlıq eləyib”.”
Dünən dindirilən sonuncu şahid “Meydan TV”nin əməkdaşı, vaxtilə Tural Mustafayevlə birlikdə kirayə evdə qalmış Cavid Abdullayevin də dediklərilə cinayət işindəki ifadəsi arasında kəskin ziddiyyətlər olub. “Bu səbəbdən onun ifadəsi elan edilib. Həmin ifadədə Tural Mustafayevin işlə təmin olunmasında Xədicə Ismayılın ona problem yaratdığı, ayrılandan sonra barəsində xoşagəlməz rəy yaratdığı barədə fikirlər yer alıb. Cavid Abdullayev ümumiyyətlə, bu cür ifadə vermədiyini məhkəmənin diqqətinə çatdırıb:
“Orada yazılanların heç birini mən deməmişəm. Müstəntiq məni 4 saat yaxın saxladı, özü yazdığını verdi ki, al qol çək. Mən indi məhkəmədə verdiyim ifadəni təsdiq edirəm”.”
“Xədicə Ismayıl hakimə müraciət edərək, həftədə, heç olmasa, bir gün məhkəmə iclaslarına fasilə verilməsini istəyib: “Həbsdə olsam da, mənim də hüquqlarım var. Həbsdə olan şəxs gündə iki saat açıq havada olmaq hüququna malikdir. Amma mən bu gün neçə saat bu məhkəmənin zirzəmisində pis qoxuda saxlanılmışam. Axşam məhkəmədən aparılanda artıq gəzinti yeri qapalı olur. Mənim həftədə iki dəfə telefonla danışmaq hüququm var. Amma mən məhkəmədən aparılanda gec olur. Məsələn, dünən təcridxanaya çatanda baxmayaraq ki, telefon otağı açıq idi, mənə icazə vermədilər. Başa düşürəm ki, mənim telefon danışıqlarıma qulaq asan adamın iş saatı başa çatdığına görə həmin vaxt o, çıxıb getmiş olur və mən də bu səbəbdən danışa bilmirəm. Və nəhayət, mənim həftədə bir gün ailə üzvlərimlə görüşmək imkanım var. Şənbə və bazar günləri qadınlara görüş verilmir. Həftə içi də siz hər gün məhkəmə keçirirsiz deyə, mən ailəmlə görüşə bilmirəm.
Ona görə də xahiş edirəm ki, bütün bunları nəzərə alıb, məhkəmə iclaslarına həftədə bir gün fasilə verəsiz, qalan günlər də iclasları yarım gün keçirəsiz".
“Azadlıq”: Ödürülmüş jurnalistin işi ilə bağlı yeni həbslər və beynəlxalq təşkilatların reaksiyası
“Daxili Işlər Nazirliyi və Baş Prokurorluq jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi ilə bağlı birgə məlumat yayıb. Məlumatda bildirilir ki, fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Məlumatda deyilir ki, Elşən Ismayılov, Samir Mustafayev, Camal Məmmədov, Kənan Mədətov və Arif Əliyev Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Istintaqın hazırkı mərhələsində Cavid Hüseynovun, bibisi oğlu Elşən Ismayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayətin Cavid Hüseynovun təhriki ilə törədilməsi fərziyyəsi də istintaq-əməliyyat qrupu tərəfindən araşdırılır.”
Bundan başqa Avropa Ittifaqı ali nümayəndəsinin xarici işlər və siyasət ofisinin avqustun 10-da yaydığı bəyanatda deyilir ki, Azərbaycanda jurnalistlər və digər KIV nümayəndələri üçün təhlükəsiz mühit yaradılmalıdır ki, onlar zorakılıq və təqiblərdən qorxmayaraq öz işlərini yerinə yetirə bilsinlər.
ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dünya Miyatoviç isə Ilham Əliyevə yazdığı məktubda jurnalist Rasim Əliyevin öldürülməsini pisləyərək Azərbaycan rəhbərini jurnalistlərin təhlükəsizliyini təmin etməyə və ölkədə mətbuat azadlığı vəziyyətinin sürətlə pisləşməsinin qarşısını almağa çağırıb. Miyatoviç yazır ki, baş vermiş son faciəli hadisə Azərbaycan hakimiyyətini beynəlxalq təşkilatların dərin narahatlıqlarına səbəb olmuş bu tipli hadisələrin qarşısının alınması üçün vətəndaş cəmiyyətiylə ciddi dialoqa başlamağı və vəziyyətin daha da pisləşməsinin qarşısını almağı zəruri edir.
…Miyatoviç Ilham Əliyevə məktubunda təəssüflə bildirib ki, bu vaxta qədər azad mətubatın qorunmasıyla bağlı demək olar ki, heç bir iş görülməyib. Rasim Əliyevlə bağlı sonuncu faciəli hadisə bu qorxulu vəziyyətin aradan qaldırılması üçün ciddi addımların atılmasını tələb edir.
ATƏT-in mətbuat üzrə nümayəndəsi daha sonra Xədicə Ismaylıovanın, Rəsul Cəfərovun, Seymur Həzinin, Ömər Məmmədovun, Əbdül Əbilovun, Pərviz Həşimlinin, Nicat Əliyevin, Rəşad Ramazanovun hələ də ən müxtəlif ittihamlarla həbsxanada saxlanılmasını qeyd edir.
Dünya Miyatoviç məktubunda daha sonra bildirir ki, Elmar Hüseynovun qətlinin təqsirkarları hələ də azadlıqdadır. “Eyni fikirləri Rafiq Tağının qətliylə bağlı da deyə bilərik”,- deyə o, qeyd edib.”
“Sərhədsiz reportyorlar” təşkilatı da Azərbaycan hakimiyyətini Rasim Əliyevin ölümünün araşdırılması üçün hər şeyi etməyə çağırıb. Rasim son 10 ildə Elmar Hüseynov, Alim Kazımlı, Rafiq Tağıdan sonra Azərbaycanda öldürülən dördüncü jurnalistdir: "Rasim Əliyevin öldürülməsi ölkədə uzun illər ərzində yüksək vəzifəli məmurlar tərəfindən yaradılan dözümsüzluk və cəzasızlıq şəraitinin nəticəsidir. Hökumət məmurları tənqidçi jurnalistləri düşmən və xəyanətkar adlandırırsa, jurnalistlərə hücumlar cəzasız qalırsa bu cür faciələrin baş verməsinə təəccüblənmək lazım deyil.”
““Hüquqlar naminə idman” (Sport For Rights) koalisiyası da Rasim Əliyevin döyülərək öldürülməsini pisləyib. …Koalisiya beynəlxalq birliyi Azərbaycanda durumu diqqət mərkəzində saxlamağa çağırır. Bəyanatı 10-dan artıq beynəlxalq təşkilat imzalayıb.”
“Azadlıq”: ARDNF Çin aktivlərinə qoyduğu sərmayədən 10 milyon dollar zərərə düşüb
“Azərbaycan Dövlət Neft Fondu (ARDNF) - avqustun 11-də Çin Mərkəzi Bankının (ÇMB) milli valyuta - yuanın 2%-lik devalvasiyası ilə bağlı qərarından sonra 10 milyon dollar zərər edib.”
Qəzet xatırladır ki, ARDNF Çin aktivlərinə 3 mlrd. yuan (500 mln. dollar) həcmində investisiya yatırmaq üçün 2014-cü ildə ÇMB-dən müvafiq lisenziya alıb. Nəticədə bu ilin iyul ayında Çin dövlət istiqrazlarına investisiya həyata keçirilib. İnvestisiya yuanla baş tutduğundan, bu valyutanın bugünkü 2%-lik devalvasiyası dollar ekvivalentində ARDNF-ə 10 mln. dollar zərər vurub. Ekspertlər yuanın tədricən devalvasiya ediləcəyini proqnozlaşdırırlar.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban xəbəri şərh edərkən deyib ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Çin aktivlərinə pul yatırması yanlış qərar idi və bu çox böyük itkidir. Belə ki, vəsaitlər bu il iyulun əvvəlində yatırılıb və bir ay ərzində 10 milyon dollar itirilib.
““May ayından hər kəs Çin bazarını tərk edirdi. Heç kim Çin iqtisadiyyatının gələcəyinə inanmır”, - deyə İlham Şaban qeyd edib. Təəssüf ki, ARDNF təmsilçiləri [digər investorları Çin şirkətlərinə sərmayə qoymaqdan çəkindirən] nüansları nəzərə almayıblar və Azərbaycan xalqına məxsus 500 milyon dolları ciddi risk altına salıblar. İlham Şaban düşünür ki, ARDNF əmlak yatırımlarında da bu cür yanlış proqnozlara yol verir: “Məsələn, 2013-cü ildə Moskvadakı “QUM”un binasına 144 milyon dollar vəsait yatırılıb, indi qiyməti 40 milyon dollara düşüb. Ümumiyyətlə, onda Moskva, Seul, Paris və Londonda alınmış əmlaklara 800-900 milyon dollar vəsait yatırılmışdı, indi onların toplam qiyməti 300 milyon dolları keçmir. Həmin əmlaklar alınan ərəfədə bütün dünya ekspertləri neftin həmin vaxtkı yüksək qiymətlərinin köpük olduğunu, qiymətlərin düşəcəyini və əmlak qiymətlərini salacağını deyirdi. Amma ARDNF-də heç kim buna fikir vermədi”,- deyə İlham Şaban ANS-Pressə bildirib.
“Yeni Müsavat”: Siyavuş Novruzov: “Bəzi idmançıların özlərini qeyri-təvazökar aparmasını pisləyirəm.”
YAP-çı deputat, Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, parlamentin İntizam komissiyasının sədri Siyavuş Novruzov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı mövqeyini açıqlayarkən deyib:
“Mən bu hadisəni birmənalı şəkildə pisləyirəm. Lakin bunun siyasiləşdirilməsinin, hakimiyyətin ünvanına ittihamların səsləndirilməsinin əleyhinəyəm. …Mən bəzi idmançıların özlərini qeyri-təvazökar aparmasını pisləyirəm. Onlar əldə etdikləri uğuru gələcəkdə daha da genişləndirmək istiqamətində fəaliyyət göstərməkdənsə, bunun əksini edirlər. Düzdür, özünü maksimum təmkinlə, təvazökar şəkildə aparan xeyli sayda idmançılarımız da var. Amma təəssüf ki, hamısı belə deyil.”
Jurnalistin “Sizcə, bunun səbəbi nədir?” sualına Siyavuş Novruzov belə cavab verib: “Bəzi idmançılarda əldə etdikləri nailiyyətlərdən baş gicəllənməsi əmələ gəlir. Rusiyada, Türkiyədə, başqa ölkələrdə baxırsan ki, üçqat, dördqat Avropa çempionları var. Və hələ də idmana davam edirlər. Bizdə də belə idmançılar var. Namiq Abdullayev, Fərid Mansurov, İlham Zəkiyev kimi dəfələrlə uğur qazanmış idmançılarımız çoxdur. Hansı ki, çox sadə, təvazökar insandırlar. Amma elə idmançılarımız da var ki, əldə etdikləri nailiyyətlərdən onlarda baş gicəllənməsi əmələ gəlib. Və nəticə etibarı ilə həm idmana, həm onları sevənlərə, dəstəkləyən şəxslərə ziyan gətirirlər. Bu cür də olmaz. İnsan təvazökar olmalıdır. Onlar bilməlidirlər ki, dövlətin onlara mükafat verməsi, sırf həvəsləndirmək, zəhmətlərinə qiymətdir. Bundan başqa qara niyyətlər üçün istifadə etmək olmaz. Əgər dövlət öz idmançısına sahib çıxırsa, onun nailiyyətini mükafatlandırırsa, bu o demək deyil ki, həmin idmançı bundan özünün şəxsi mənafeyi naminə istifadə etməlidir, gücünü sadə vətəndaşların üstündə sınamalıdır.”
“Yeni Müsavat”: Cahangir Hacıyev mülkləri satışa çıxarıb, sabiq bankirin ölkədən çıxışına qeyri-rəsmi qadağa var
Qəzet Cahangir Hacıyevin Beynəlxalq Bank sədrliyindən uzaqlaşdırılandan sonra özünün də istintaqa cəlb edildiyini, lakin onun istintaqla əməkdaşlıq etdiyinə görə həbs edilmədiyini qeyd edir. Bildirilir ki, “ C.Hacıyev kreditlərlə bağlı bütün məlumatları istintaqçılarla bölüşür, kreditlərin kimlərin xahişi ilə verilməsi ilə bağlı olan məlumatları da gizlətmir. Konkret kreditlər üzrə hansı nazirin, komitə sədrinin ona zəng etdiyini açıq şəkildə istintaqçılara deyir. Buna görə sabiq bankir azadlıqda gəzir.”
Bundan başqa C.Hacıyevin özünə yaxın olan ayrı-ayrı şəxslərin adına götürülən kreditlərin ödənilməsini də təmin etməli olduğu da qeyd olunur. “Məlumata görə C.Hacıyevin hazırda maliyyə durumu həddən artıq pisdir, əmlaklarını belə satışa çıxarıb. …C.Hacıyevin ölkədən çıxışına da qadağa qoyulub. Qeyri-rəsmi tətbiq olunan qadağa rəsmiləşə də bilər.”
“Yeni Müsavat”: Bakı Metrosunun işində problem yaranıb
Qəzet yazır ki, hazırda İçərişəhər stansiyası istiqamətində qatarların hərəkəti tam dayanıb. Dərnəgül stansiyası istiqamətində gedən qatarlar isə Nizami stansiyasına qədər hərəkət edir.
“Bakı Metropoliteni” QSC-dən mətbuata bildiriblər ki, “Sahil” stansiyasında su axıntısında artım müşahidə olunub. “Bu artımın qarşısını almaq üçün gərginlik çıxarılıb. Buna görə, hazırda 28 May - İçərişəhər xətti istiqamətində qatarların hərəkəti dayandırılıb.”
Metropoliten rəsmisi bildirib ki, problem qısa müddətdə aradan qaldırılacaq.

























