Mətbuat icmalı: "Nəinki ikinci, üçüncü devalvasiya da ola bilər"

Çap edildi

“Azərbaycan”: Türkiyə və Azərbaycan HHQ-nin birgə təlimi

Müdafiə Nazirliyindən xəbər veriblər ki, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə iştirakı ilə “TurAz Qartalı-2015” taktiki təlimlərində iştirak etmək məqsədilə türkiyəli mühəndis-texniklərdən ibarət geniş tərkibdə heyət ölkəmizə gəlib.

Hazırda birgə təlimlərin aktiv fazasının keçirilməsinə hazırlıq məqsədilə heyətlərin toplanması, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar fəaliyyət həyata keçirilir.

Birgə təlimlərə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitəsi, o cümlədən “MiQ-29”, “F-16” qırıcı, “Su-25” hücum, “F-4E” bombardmançı, “C-130 Herkules” hərbi-nəqliyyat təyyarələri, “Mi-35” döyüş, “Mi-17” və “Sikorski UH-60” döyüş-nəqliyyat, “Cougar AS532” axtarış-xilasetmə helikopterləri cəlb olunacaq.

Təlimlər sentyabrın 18-dək davam edəcək.

“Azərbaycan”: Vəfa Fətullayevanın xatirəsi anılacaq

Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər ki, sentyabrın 25-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında unudulmaz aktrisa, əməkdar artist, Dövlət mükafatı laureatı Vəfa Fətullayevanın anadan olmasının 70 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

Vəfa Fətullayeva 1945-ci il avqustun 25-də Bakıda anadan olub. 1970-ci ildən Akademik Milli Dram Teatrında çalışıb. Teatrın səhnəsində İ.Əfəndiyevin "Məhv olmuş gündəliklər" əsərində Fəridə, "Mahnı dağlarda qaldı" tamaşasında Gülgəz, M.F.Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasında Şərəfnisə, M.İbrahimovun "Kəndçi qızı" əsərində Bənövşə, Anarın "Sizi deyib gəlmişəm" tamaşasında Zeynəb və s. maraqlı obrazlar yaradıb.

Yaradıcılığının çiçəklənən dövründə ağır xəstəliyə düçar olan aktrisa 1987-ci il mayın 21-də vəfat edib.”

“Azərbaycan”: Tovuzda yeddi dağ şəlaləsi aşkar edilib

Tovuzda uca dağların zirvəsində 7 şəlalə tapılıb. İnsan ayağı dəyməyən məkan rayonun Çobansıxnaq kəndinin yaxınlığında yerləşir. Yerli tədqiqatçı Cəlaləddin Qasımov çətin dağ keçidlərindən, sıldırımlı yollardan keçərək bu əsrarəngiz təbiət möcüzəsini aşkarlayıb. Kənd ağsaqqalları dağlarda bir şəlalənin olduğunu eşitdiklərini desələr də, tədqiqatçı ərazidə 7 şəlalə görüb.

Qəzet Cəlaləddin Qasımova istinadən yazır ki, “şəlalələrin ən hündürü 35, ən kiçiyi isə 10 metr məsafədən tökülür. Dərin dərələrdən adlayan, insan ayağı dəyməyən dolaylardan keçən tədqiqatçı 25 kilometrdən çox piyada yol qət edərək bu gözəl məkana yetişib.

Şəlalə yerləşən ərazi sıldırım qayalıqlar əhatəsində olduğundan demək olar ki, bura insan ayağı dəyməyib. Elə yerli sakinlər də bu təbiət gözəlliyindən xəbərsiz olublar. Hündür qayalıqlardan axıb gələn su Zəyəm çayına tökülür.

Həm yerli, həm xarici turistlərin diqqətini çəkə biləcək bu məkan gələcəkdə kənd turizminin inkişafında böyük rol oynaya bilər.

“Azadlıq”: Qubad İbadoğlu: “Nəinki ikinci, hətta üçüncü devalvasiya da baş verə bilər”

Ərzaq məhsulları bahalaşandan sonra ölkədə dollar qıtlığı yaranıb. Buna səbəb hökumətin növbəti dəfədevalvasiyaya gedəcəyindən ehtiyat edən əhalinin sürətlə dollar toplamağa başlamasıdır. Doğrudur, Mərkəzi Bank yayılan məlumatlarıəsassız adlandırır.

Bankın iddiasına görə, həm nağd, həm də qeyri-nağd valyuta üzrə bankların tələbatı tam təmin olunub vəyeni ehtiyacların ödənilməsi üçün də kifayət qədər valyuta ehtiyatı mövcuddur.

Bankların filial və şöbələri, o cümlədən valyuta mübadilə şöbələri nağd xarici valyuta satışını həyata keçirirlər. Eyni zamanda bildiririk ki, əhalinin və iqtisadi subyektlərin xarici valyutaya olan tələbatının ödənilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə geniş fililal şəbəkəsi olan bankların filial, şöbə və valyuta mübadilə şöbələri adi iş recimində fəaliyyət göstərir vəbazar günü də valyuta satışını davam etdirəcəklər.

Qəzet yazır ki, iki günə 370 milyon dollar satılıb.

“Marja.az saytının əməkdaşları banklarda olaraq dolların satışı ilə maraqlanıb. Məlum olub ki, bir sıra bankların filiallarına baş ofisləri tərəfindən 22.08.2015-il tarixindən bütün valyutalar üzrə satışı dayandırmaq tapşırılıb. Bir sıra banklarda isə dolların satışına limit tətbiq olunub. Tətbiqə görə, bir nəfərəyalnız 2000 dollar satılır. Dollar alan vətəndaşların şəxsiyyət vəsiqəsi alınaraq sürəti çıxarılaraq götürülür.

Banklardan bildiriblər ki, dollar satışının dayandırılması həftənin bazar ertəsindən yeni məzənnə ilə satılacağı ilə izah olunur.

Bundan report.az məlumat yayıb ki, ötən iki iş günü ərzində banklar cari tələbata uyğun olaraq Mərkəzi Bankdn 370 mln. dollar alıb. Bunun 47 faizi və ya 176 mln. dolları avqustun 20-də, qalan 53 faizi və yaxud 194 mln. dolları isə avqustun 21-də satılıb.”

“Əgər fevral devalvasiyasını zəruri edən səbəblərdən biri 500 milyon dolların satılması idisə, o zaman yeni devalvasiyanın olması qaçılmazdır. Çünki indi də iki günə 500 milyondan bir qədər az, 370 milyon dollar satılıb. Ümumiyyətlə, ekspertlər hesab edir ki, Mərkəzi Bankın açıqlamalarına baxmayaraq devalvasiya zərurətə çevrilib.

Məsələn, iqtisad elmləri doktoru Qubad İbadoğlu “Facebook” səhifəsində yazıb ki, manatın nəinki ikinci, hətta üçüncü devalvasiyası da baş verə bilər.

“Nə qədər ki, Mərkəzi Bank milli valyutanı bazara müdaxilə yolu ilətənzimləyəcək, bir o qədər də manatın taleyi ilə bağlı narahatçılıq qalacaq. Odur ki, Azərbaycan manatının xilas yolu ilk növbədə valyuta bazarının və bütövlükdə iqtisadiyyatın liberallaşmasından keçir. Əks təqdirdə, əgər islahatlar aparılmayacaqsa, manatın nəinki ikinci, hətta üçüncü devalvasiyası da baş verə bilər”, - deyə Qubad İbadoğlu qeyd edib.

“Yeni Müsavat”: Samir Əliyev: “Mərkəzi Bank vəziyyətlə bağlı açıq məlumat verməlidir”

“Azərbaycan Mərkəzi Bank (AMB) valyuta bazarında ajiotajı aradan qaldırmaq üçün banklara şifahi xəbərdarlıq göndərib. Mərkəzi bank xəbərdarlığında kommersiya banklarına dolların satış məzənnəsinin maksimal həddinin 1,055 səviyyəsində götürülməsini tövsiyə edib. Mərkəzi Bankın bu tələbinə əməl etməyən banklarla bağlı qanunvericiliyə uyğun ölçü götürüləcəyi bildirilir.

…Manatla bağlı olan bu gərginliyin nə vaxta kimi davam edəcəyinə gəlincə isə iqtisadçı ekspert Samir Əliyev bu həftənin manatın taleyində böyük rol oynayacağını deyib.

O, əhalinin növbəti devalvasiyanın olacağı ilə bağlı panikasının obyektiv və subyektiv səbəblərindən danışıb: “Əhalinin bu panikasını ətrafdakı proseslərə görə obyektiv qəbul etmək olar. Yəni neftin qiyməti düşməyə başlayır, Rusiya rublu yenidən ucuzlaşıb. ...Azərbaycanda fevral devalvasiyasından əvvəlki proseslər hazırda da təkrarlanır.

Oxşar proseslər olduğu üçün də insanlar panikaya düşüblər. Bu ajiotaj da təbiidir. Subyektiv tərəf isə bundan ibarətdir ki, müvafiq qurumlar, xüsusən də Mərkəzi Bank bu məsələdə pərdə arxasında durmamalıdır. Cəmiyyətlə, mətbuatla, ekspertlərlə, vətəndaşlarla işləməli, müzakirələr aparmalı, insanları bu vəziyyətlə bağlı açıq məlumat verilməlidir. Ancaq Mərkəzi Bank susur. Ondan heç bir xəbər, reaksiya yoxdur və bu da insanlarda təbiidir ki, narahatçılıq, panika yaradır. Düşünürəm ki, hər bir halda bu məsələ çox həssas məsələ olduğuna görə hökumət diqqətli olmalıdır.”

“Yeni Müsavat”: Mingəçevirin polis rəisi: “Vicdanımla deyirəm ki, işdən uzaqlaşdırılacağımı düşünürdüm”

Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi polkovnik Ələsgər Bədəlov musavat.com-un müxbirinə belə deyib:

“Daxili işlər naziri cənab Ramil Usubova təşəkkür edirəm ki, mənə etimad göstərdi. Vicdanımla deyirəm ki, işdən uzaqlaşdırılacağımı düşünürdüm. Amma cənab nazir mənə etimad göstərdi, çox sağ olsun, verilən şiddətli töhmət də az cəzadır”.

Ə.Bədəlov bildirib ki, Bəhruz Hacıyevin nəşi morqa aparılarkən onun yaxınları prokurorluğun müstəntiqini döyərək xəsarət yetiriblər. Daha sonra polis şöbəsinin qarşısına gələn B.Hacıyevin qohumları daha bir polis əməkdaşına xəsarət yetiriblər. B.Hacıyevin ölümü və qeyd edilən iki hadisə ilə bağlı cinayət işi başlanılıb.

Rəis onu da əlavə edib ki, polislə toqquşma zamanı şöbənin 10 əməkdaşı bədən xəsarəti alıb. Şöbənin bir maşını yararsız hala salınıb. Ə.Bədəlov polislə qarşıdurma zamanı 21 nəfərin saxlanıldığını, onlardan 10-nun işinin Mingəçevir Şəhər Prokurorluğuna göndərildiyini deyib.

Ə.Bədəlov əlavə edib ki, digər saxlanılanlar barəsində inizbati qaydada cəza tədbiri görülüb və buraxılıb. Rəis onu da qeyd edib ki, hazırda işi prokurorluğa göndərilən 10 nəfərdən 8-i əvvəllər də məhkum olunmuş şəxslərdir.

Polis rəisi saxlanılan şəxslərin döyülməsi barədə yazılanların həqiqəti əks etdirmədiyini bildirib.

Ə.Bədəlov Bəhruz Hacıyevi polis şöbəsinə gətirən 3 polis əməkdaşının istintaqa ifadə verdiyini, onlardan polis baş-leytenantı Şahlar Şahlarzadənin polis orqanlarından kənarlaşdırıldığını və həbs olunduğunu əlavə edib.”

“Yeni Müsavat”: Mərhumun bədənində “dubinka” və elektroşok izləri olub?

Mingəçevirdə polis şöbəsində müəmmalı şəkildə ölən Bəhruz Hacıyevin yaxınları onun polis tərəfindən işgəncə verilərək öldürüldüyünü iddia edirlər. Onların verdiyi məlumata görə, mərhumun bədənində “dubinka” və elektroşok izləri olub, “Hacıyev əsas xəsarəti də elektroşok zamanı alıb. Onun qaraciyərinin ciddi zərər gördüyü və bu səbəbdən də öldüyü bildirilir.

Mərhumun valideynləri onun intihar etmədiyini, öldürüldükdən sonra binadan atıldığını deyərək, günahkarların cəzalandırılmasını tələb edirlər.

B.Hacıyevin yaxınlarına onun polis bölməsinə normal şəkildə gətirilməsini əks etdirən görüntülər göstərilib. Lakin onun intihar etməsini, özünü pəncərdən atmasını əks etdirən heç bir görüntü yoxdur. Mərhumun yaxınları Haceyevin intihar etdiyi deyilən yerin kamerlar tərəfindən müşahidə olunduğunu, amma bunu əks etdirən görüntünün olmamasından narazıdır.”

Avqustun 23-də Mingəçevir şəhərində çəkiliş aparan “Meydan TV”-nin əməkdaşları şöbəyə dəvət olunublar. Onların suallarını baş vermiş hadisə ilə bağlı Mingəçevir şəhərinə ezam edilən DİN əməkdaşı, general Cavanşir Məmmədov və polkovnik Ələsgər Bədəlov cavablandırıblar.

Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi polkovnik Ələsgər Bədəlov “Meydan TV”-nin müxbirlərinə deyib: “Əgər mənim rəis olduğum dövrdə 4 ölüm hadisəsi olsaydı, indi məni çoxdan işdən qovmuşdular. 10 il əvvəl burada bir nəfər döyülüb, ona görə 3 nəfər polis həbs olunub. Başqa hadisə olmayıb, yazılan 4 hadisənin nə olduğunu mən bilmirəm”.

B.Hacıyevin atası Dilsuz Hacıyev də musavat.com-a açıqlama verib. D.Hacıyev günahkarların cəzalandırılmamasından narazıdır. Oğlunun günahsız yerə polis şöbəsinə aparıldığını və orada öldürüldüyünü deyən Dilsuz Hacıyev cəsədi sonra morqa aparılmasının, yarılmasının da qanunsuzluq olduğunu bildirib.

“Oğlumu elektroşokla öldürüblər. Bütün bədəni qaralmışdı. Elektroşokdan ürəyi dayanıb. Öləndən sonra da ya pəncərdən atıblar, ya da gətirib, binanın qabağına qoyublar ki, guya özünü pəncərədən atıb” - deyə B.Hacıyevin atası bildirib.

Ata oğlunu polis bölməsinə aparan şəxslərin, eləcə də Samirin həbs edilməsini tələb edib. O, oğlunun həmin polislər tərəfindən şərləndiyini və sonradan polis bölməsinə aparılaraq, öldürüldüyünə əmin olduğunu deyib.

“Yeni Müsavat”: Tural Mustafayev Xədicə İsmayıla: “Əfv yazmaq istəsən, elə bunu birinci ildə edə bilərsən”

…Xədicə İsmayılın həbsinə səbəb olan Tural Mustafayev bir neçə günlük fasilədən sonra yenidən üzə çıxdı. Məlumdur ki, T.Mustafayev jurnalistin məhkəməsinə gələrək, daha öncə istintaqda onun əleyhinə vermiş olduğu ifadədən imtina etmiş, ondan sonra isə ortalıqlarda görünməmişdi.

T.Mustafayev avqustun 23-də sosial şəbəkədə yazdığı statusla yeni məqamlara toxunub: “Rasim Əliyev öldü! Migəçevirdə bir gənc öldü. Lap sabah mən də öldüm. Nə olacaq axı? Kimə güvənirsən? Avropa Birliyinə? NATO-ya? Amerikaya? Yoxsa min illər boyunduruq altında olan Azərbaycan xalqına? Hansı ki, min illər boyu tatar, türk, monqol, ləzgi, ya da Azərbaycan milləti olmağına inanmayan, seçkiləri 70 manata saxtalaşdıran millətə inanırsan? Məni 26-da məhkəməyə mövqeyimi müəyyənləşdirməyə çağırırsan. Lap yaxşı, mən gəldim və dedim ki, mənim mövqeyim vəkilimlə üst-üstə düşmür. Nə olacaq? 9 ildən işini 5 ilə endirəcəklər? Ya 9 il olsun, ya 5 il olsun. Əfv yazmaq istəsən, elə bunu birinci ildə edə bilərsən. Daha 5 il, ya da 9 il gözləməyə dəyməz. Sənin vicdanın kimi mənim vicdanım da təmizdir. İnanmaya bilərsən. Nə vaxtsa imkan olsa, hakimiyyət dəyişsə, arxivlər açılsa, hər şey gün kimi aydın olacaq. Mən səndən fərqli olaraq, heç kimə güvənmirəm. Sadəcə, özümə güvənirəm və inanıram ki, hər şey mənə də qismət olacaq, mən qisasımı alacam. Sadəcə, istəyim odur ki, məndən əl çəkin. Mən sizdən fərqli olaraq, haqqımı tələb etmək istəyirəm. Aktyorluq eləmək istəmirəm!!!