Azərbaycanda 7 ballıq zəlzələ olub

Şəklin mənbəyi, World Earthquakes
Azərbaycanda Şəkidən 29km cənub-şərqdə 7 bal gücündə zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib ki, zəlzələ yerli vaxtla saat 09:49:36-da Şəki ərazisində baş verib. Episentrdə zəlzələ 7 bal, ətraf rayonlarda isə 6-5 bala qədər hiss olunub.
Zəlzələ Ucar, Göyçay, Ağdaş, Şamaxı, Zaqatala, Balakən, Şəki, Qəbələ, İsmayıllı, Tovuz, Salyan, Sabirabad, Şirvan və Mingəçevirdə hiss edilib, şahidlər Facebook sosial şəbəkəsində yazır.
Onların sözlərinə görə, zəlzələ 8-9 saniyə "hiss edilib".
Eyni zamanda Fövqəladə Hallar Nazirliyi bölgələrdən zəlzələ nəticəsində dağıntılar olması barədə məlumatların "daxil olmadığını" bildirir, APA yazır.
Şəkidən Vəfa Paşayeva deyib ki, bəzi evlərdə "dağıntılar olub".
Şəki rayonunun icra hakimiyyətindən bildirilib ki, zəlzələnin episentrinə yaxın ərazilərdə, Turan qəsəbəsi, Sarıca kəndində köhnə tikililərdə çatlar yaranıb.
Həmçinin, Oğuzun Padar, Muxas, Qarabulaq və Kərimli kəndlərində bir sıra köhnə tikililərdə iri və xarda çatlar yaranıb və bir neçə evin divarında "azmiqyaslı uçma halları" baş verib, Oğuz rayon Fövqəladə Hallar Komissiyasının sədri Etibar Yusifov deyib.
Facebook sosial şəbəkəsindəki Balakən səhifəsində istifadəçilər bildrib ki, silkələnmə təxminən 8-9 saniyə çəkib.
Mexlube Abdullayeva adlı istifadəçi isə deyib ki, "elə Mingəçevirdə də güclü oldu".
"Gəncədə çox və uzunmüddətli oldu", Nəcmi Kərimli qeyd edib.
Tovuzda dağıntılara "rast gəlinmədiyini" deyən Sadiq Əliyev adlı istifadəçi yazır ki, zəlzələ onu yuxudan oyadıb.
























