Mətbuat icmalı: "Ehtiyata buraxılan əsgərlər yenidən çağırılır"

Çap edildi

"Azadlıq": Avropa Parlamentinin sabahkı sessiyasında Azərbaycandakı repressiyalarla bağlı qətnamə layihəsi təqdim ediləcək

"Avropa Parlamentində Liberal-Demokratlardan ibarət fraksiya (ALDE qrup) parlamentin sabah keçiriləcək sessiyasında Azərbaycandakı repressiyalarla bağlı qətnamə layihəsi təqdim edəcək. Bu barədə Fraksiyanın Niderlanddan olan üzvü Mariette Şake “Twitter” hesabında məlumat yayıb.

“Avropa Parlamenti təcili qaydada Azərbaycanda insan hüquqlarının vəziyyətilə bağlı qətnamə layihəsini müzakirə edəcək və səsvermə keçiriləcək. Qətnamə layihəsini ALDE qrup təqdim edəcək”, – deyə Avropa Parlamentinin deputatı qeyd edib.

Xatırladaq ki, bu fraksiyasının üzvləri bugünlərdə Azərbaycanda hakimiyyəti tənqid edən şəxslərin barəsində çıxarılan hökmləri pisləyərək, Avropa İttifaqını bu ölkədəki repressiyalarla əlaqədar tədbir görməyə çağırmışdı. Fraksiya “Avropa İttifaqı Azərbaycanda tənqidçi səslərin həbsxanaya salınması ilə əlaqədar təcili tədbir görməlidir” başlığıyla bəyanat yaymışdı.

Qeyd edək ki, Avropa Parlamentinin vitse-prezidenti, Azərbaycan üzrə məruzəçi Anneli Jaatenmaki də bu fraksiyanın üzvüdür."

"Azadlıq": Riçard Kozlariç: "Amerika hökuməti narahatlıq bəyanatlarından sanksiyalara keçməlidir"

“EurasiaNet.org”da “Azərbaycan: sanksiyaların tətbiqi məsələsinə baxmağın vaxtı deyilmi?” başlığıyla dərc olunmuş geniş həcmli məqalə dərc edilib. Qəzet həmin məqalənin tərcüməsini oxucularına təqdim edir. Məqalədə deyilir:"Bəzi hüquq müdafiəçiləri bildirir ki, jurnalist Xədicə Ismayılovanın 7 il 6 ay azadlıqdan məhrum edilməsinə dair sentyabrın 1-də çıxarılan hökm Azərbaycanla Birləşmiş Ştatlar, eləcə də Avropa İttifaqı arasında əlaqələrdə sınma nöqtəsi kimi qiymətləndirilməlidir. ...Onun tərəfdarları bildirir ki, Ismayılovaya qarşı ittihamlar saxtadır...

“Azərbaycandakı misli görünməmiş repressiyaları nəzərə alaraq, bu ölkənin beynəlxalq partnyorları ona ənənəvi münasibəti göstərməməlidir. Bu ölkədə baş verənlərə görə sadəcə narahatlıq ifadə etməyin heç bir effekti yoxdur. Xədicə Ismayılova və digərlərinin ədalətsiz həbsinə görə konkret nəticə olmalıdır”, – deyə “Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatının Avropa və Mərkəzi Asiya bölməsinin direktor müavini Ceyn Byükenen bildirib.

O, hesab edir ki, Avropa İttifaqı Azərbaycan hökumətilə strateji tərəfdaşlıq razılaşmasına dair danışıqları dayandırmalı, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququ dondurulmalıdır.

“Bakı belə addımlar atmamışdan əvvəl bunların onun üçün hansı nəticə verəcəyini əvvəlcədən hesablayır”, – deyə Byükenen qeyd edib.

“Əgər ABŞ və Avropa İttifaqı Azərbaycan hökumətinin öz vətəndaşlarına münasibətdə dözümlü yanaşmasını, insan hüquq və azadlıqlarının təmin olunmasını istəyirsə, Qərb liderləri bu ölkədə insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan vəzifəli şəxslərə qarşı səfər və maliyyə sanksiyalarının tətbiqi məsələsinə baxmalıdır” – bunu ...1994-1997-ci illərdə ABŞ-ın Azərbaycanda səfiri olmuş Riçard Kozlariç deyir.

Keçmiş səfirin sözlərinə görə, Azərbaycan hökuməti sakit diplomatiyanı, bəyanatları üstüörtülü razılıq kimi dəyərləndirir: “Məhkəmə sistemilə manipulyasiya edərək açıq danışanları cəzalandıran hökumətə qarşı sanksiyalar ən güclü vasitədir”.

Son illiklərdə Qərbin Azərbaycanda insan hüquqlarına münasibətdə susqun mövqe tutmasının iki başlıca səbəbi var. Bunlardan biri Azərbaycanın böyük neft-qaz ixracatçısı olması; ikincisi isə Əfqanıstana yük daşınmasında, həmçinin Iranın nüvə ambisiyalarının dayandırılmasında Bakının roludur. 2014-cü ildən başlayaraq, hər iki faktor əhəmiyyətli dərəcədə azalıb. Məsələn, dünya bazarında neftin ucuzlaşması, həmçinin Iranla razılaşmadan sonra bu ölkənin neft-qaz satışında potensial iştirakı Qərbin gözündə enerji ixracatçısı kimi Azərbaycanın əhəmiyyətini xeyli azaldıb.

“Xədicə Ismayılova barədə hökm göstərir ki, rəsmi Bakı Qərblə əlaqələri əvvəlki kimi qiymətləndirmir. Dünyada tanınmış jurnalist, eləcə də ABŞ dövləti tərəfindən maliyyələşən bir radionun əməkdaşı olan bir qadının həbsxanaya salınması, ABŞ dövlət katibi Con Kerrinin dekabrın 21-də Azərbaycan prezidentilə bu məsələ ilə əlaqədar telefon danışığından sonra baş verənlər Birləşmiş Ştatlarla Azərbaycan arasında strateji tərəfdaşlığın hansı səviyyədə olduğunu göstərir”, – deyə uzun illərdir ki, Qafqaz üzrə araşdırmaçı olan Tomas de Vaal bildirib.

...Tomas de Vaal Azərbaycan hökumətinin xarici siyasətində kəskin dəyişiklik gözləmir. Onun fikrincə, Azərbaycan Qərblə münasibətlərin səviyyəsini azalda bilər, amma o, birmənalı şəkildə Moskvanın yanında olmayacaq."

"Azadlıq": Fransa TV kanalından Azərbaycan hakimiyyəti ilə müttəfiqlərinə sərt tənqid

"Fransa TV kanalı “France 2” sentyabrın 7-də ən populyar proqramlardan biri olan “Cash investigation” adlı proqramın növbəti buraxılışını Fransa prezidenti Ollandla azərbaycanlı həmkarı İlham Əliyevin münasibətlərinə həsr edib".

"Proqramda Fransua Olland ən sərt və ən ironiyalı şəkildə tənqid edilib. Proqram müəlliflərinin fikrincə, İlham Əliyev kimi bir diktatorla oturub-durmaq elan edilmiş mənəvi-siyasi dəyərlərə xəyanət deməkdir. Verilişin müəllifləri Azərbaycanda korrupsiyanın necə tüğyan etdiyindən, İlham Əliyevin müstəqil jurnalistləri və hüquq müdafiəçilərini həbs edərək, onlara divan tutmağından ətraflı bəhs ediblər. 1 il yarım ərzində hazırlanan bu verilişdə isti kadrlar da var. Məsələn, lap bu günlərdə Parisdə Azərbaycan mədəniyyət günləri keçirilməsinə rəhbərlik edən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın jurnalistlərin sual atəşləri altına necə düşməsi kimi kadrlar.

Proqramda Azərbaycan izləyicilərini heyrətləndirəcək bəzi faktların da üstü açılır. Məsələn, bəlli olur ki, Fransadakı Konyak şəhər meriyasının həyətində Azərbaycan hökumətinin hesabına təmir-tərtibat işləri aparılıb, üstəlik merə 8 min avro dəyərində xalça da hədiyyə edilib. Bu lütfkarlığın səbəbi bilinmir və hər halda “regionların sosial-iqtisadi inkişafı dövlət proqramı” çərçivəsində də deyil. Çünki “regionların sosial-iqtisadi inkişafı” adlı dövlət proqramı Fransanın deyil, Azərbaycanın regionlarını nəzərdə tutur".

"Proqram zamanı Azərbaycandakı diktaturanı təmizə çıxarmaq üçün “kirayə edilən” fransalı siyasətçilər ifşa edilib. ...Bundan sonra Azərbaycan hakimiyyətinin mənafelərini müdafiə etmək istəyənlər ictimai rəyə korrupsiya ortaqları kimi təqdim edilmək riskinin ortasında yerləşirlər."

"Azadlıq": İlham Əliyev: "Hər sahədə “ASAN xidmət”in standartları olmalıdır"

"Sentyabrın 8-də ölkə başçısı İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirə keçirilib. ...Ölkə başçısının müşavirədəki çıxışı bədbin notlarla zəngin olub. “Biz xoşagəlməz mənzərə ilə üzləşmişik və çalışmalıyıq ki, 2016-cı ildə iqtisadi inkişafı təmin edək”, – deyə İlham Əliyev bildirib. Ölkə başçısı həmçinin neft hasilatının düşdüyünü bildirib: “Azərbaycanda neft hasilatı artmır, düşür, neftin də qiyməti iki dəfədən çox düşüb, amma biz yenə də inkişaf edirik”.

Ölkə başçısı maliyyə böhranı başlayandan bəri ilk dəfə olaraq ölkənin “xoşagəlməz mənzərə” ilə üzləşdiyini, həmçinin neft erasının artıq arxa plana keçdiyini etiraf edir.

İlham Əliyev dövlət büdcəsindən danışarkən də bəzi etiraflar edib: “Artıq bununla (dövlət büdcəsini nəzərdə tutur – red) bağlı mənə məruzə edildi. Biz bu məsələni daha da geniş müzakirə edəcəyik. Gələn ilin büdcəsi real vəziyyəti nəzərə almalıdır. Gələn ilin büdcəsi daha çox sosial yönümlü büdcə olmalıdır. Əlbəttə, ən böyük prioritet təşkil edən investisiya layihələri də icra edilməlidir. Ancaq prioritet olmayan, o qədər də vacib xarakter daşımayan layihələri büdcə, investisiya proqramlarına salmamalıyıq. Israfçılığa yol verilməməli, maliyyə nizam-intizamı daha da gücləndirilməlidir. Çalışmalıyıq ki, vəsaitə qənaət edək. Indi bütün ölkələr bu siyasəti aparır, biz də bu siyasəti daha ciddi şəkildə aparmalıyıq."

Qəzetin fikrincə bu fikirlər maliyyə böhranının etirafıdır. Eyni zamanda buna qədər hökumətin büdcə vəsaitlərini necə gəldi xərcləməsinin təsdiqidir.

İlham Əliyev həmçinin bildirib ki, hökumət yeni situasiyada işləyəcək: “Neft gəlirləri azalır. Ona görə də daha çox innovasiyalara üstünlük verilməlidir. Sahibkarlığın inkişafı üçün əlbəttə ki, addımlar atılacaq və maliyyə sabitliyi təmin ediləcək. Mənim buna heç bir şübhəm yoxdur. Bizim maliyyə vəziyyətimiz sabitdir. Kifayət qədər valyuta ehtiyatlarımız var. Biz yenə də düşünülmüş siyasət apararaq valyuta ehtiyatlarımızı ildən-ilə artırırdıq. Bu il də biz Dövlət Neft Fondunun vəsaitini qoruyuruq. Düzdür, indi bəzi vaxtilə alınmış əmlakların qiyməti düşdüyünə görə, xüsusilə, avro-dollar məzənnələrinin arasında olan bəzi dəyişmələr elə fikir yarada bilər ki, bizim Dövlət Neft Fondunun ehtiyatları azalıb, ancaq reallığa baxanda görərik ki, azalmayıb. Çünki qiymətləndirmə ilə bağlı və dünya valyuta kurslarının səviyyəsi ilə əlaqədar bəzi dəyişikliklər edilib. Ancaq biz gələn il də valyuta ehtiyatlarımızı, xüsusilə, Dövlət Neft Fondunun ehtiyatlarını qorumalıyıq və qoruyacağıq.

...İlin sonuna qədər, xüsusilə, gələn ilin xərcləri ilə, investisiya proqramları ilə, maliyyə vəziyyətimizlə bağlı hökumət daha da ciddi işləməlidir, yeni təkliflər verilməlidir. Ən əsas məsələ ondan ibarətdir ki, gələn ilin büdcəsi balanslaşdırılmış, reallığı əks etdirən və lazımlı olmayan xərclərə yol verməyən bir büdcə olmalıdır”.

Çıxışın maraqlı məqamlarından biri isə budur: "Əlbəttə ki, Avrasiya məkanında yaşanan siyasi, hərbi və iqtisadi böhranın səbəbləri araşdırılacaq. Ancaq indi təhlil aparmaq üçün kifayət qədər informasiya var və biz görürük ki, bu böhranın əsas səbəbləri sabitliyin pozulmasıdır və bəzi ölkələrin siyasi maraqlarıdır”.

"Azadlıq" qəzeti düşünür ki, İlham Əliyev bu fikirləri böhranın məsuliyyətini “kənar qüvvələr”in üzərinə atır və bununla hakimiyyəti vəziyyətdən çıxarmağa çalışır. "Əslində isə hər kəsə aydındır ki, Azərbaycanda böhranın əsas səbəblərindən ölkə iqtisadiyyatının neftdən asılılığı, qeyri-neft sektorunun faktiki olaraq olmaması ilə bağlıdır."

İlham Əliyev JEK-lərin və Nəqliyyat Nazirliyinin qanunsuz əməllərlə əhalini incitməsinə də toxunub. O deyib: "Gələcəkdə ...hər sahədə “ASAN xidmət”in standartları olmalıdır. Ona görə də gələn il hökuməti böyük işlər gözləyir”.

"Azadlıq": BMT-nin insan haqları üzrə ali komissarı

BMT-nin insan haqları üzrə ali komissarı Zeid Ra’ad Al Hussein sentyabrın 8-də Azərbaycanda vətəndaş cəmiyyətinə təzyiqlərin davam etməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda Azərbaycanda dövlət orqanları tərəfindən jurnalistlər, hüquq müdafiəçiləri və fəallara qarşı həddən artıq təzyiqlər, təqib və hədə-qorxuların davam etdirilməsi barədə məlumat verilir:”Mən Azərbaycanda ifadə azadlığı, sərbəst toplaşmaq və birləşmək azadlığından istifadəyə görə həbsə atılanları təcili azad etməyə çağırıram”-deyə o vurğulayır.

"Zeid araşdırmaçı jurnalist Xədicə İsmayılın sentyabrın 1-də 7 il yarım azadlıqdan məhrum edilməsini ölkədə müstəqil səslərin boğulmasına son nümunə olduğunu bildirir."

"Azərbaycan": Kaman ustası Habil Əliyev dünyasını dəyişdi

"Azərbaycanın Xalq Artisti, bənzərsiz kaman ustası Habil Əliyev dünyasını dəyişib.

Habil Əliyev 1927-ci il mayın 28-də Ağdaş rayonunun Üçqovaq kəndində dünyaya göz açıb. 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirlərini öyrənib.

Kaman ustası keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya və s. qastrol səfərlərində olub. Sənətkarın ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb."

"Azərbaycan": İlham Əliyev: " İmkan verməyəcəyik ki, “beşinci kolon”, milli satqınlar, xainlər burada meydan oxusunlar "

AZƏRTAC xəbər yayıb ki, sentyabrın 8-də Prezident İlham Əliyev iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilən müşavirədə deyib ki, bu il Azərbaycanda iqtisadi inkişaf çox sürətlidir.

"Prezident bildirib ki, 6 ayın yekunları deməyə əsas verir ki, biz bu ili çox yüksək nəticələrlə başa vuracağıq. Ümumi daxili məhsul təxminən 6 faiz artmışdır. Qeyri-neft iqtisadiyyatı 9 faizdən çox artmışdır. İnflyasiya çox aşağı səviyyədədir. Kənd təsərrüfatı 7,3 faiz artmışdır. Qeyri-neft sənayesi 14 faiz artmışdır. "...Qəbul etmək istəmirlər ki, bizim inkişafımızın təməlində düşünülmüş siyasət dayanır. Antiazərbaycan qüvvələr, islamafob qüvvələr, bizim müstəqilliyimizlə barışmaq istəməyənlər həmişə çalışırlar ki, işimizə kölgə salsınlar. Bu gün də bizə qarşı çirkin kampaniya davam edir - Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı, indi. Nəyə görə? Çünki biz ölkəmizi qoruyuruq. İmkan vermirik və verməyəcəyik ki, “beşinci kolon”, milli satqınlar, xainlər burada meydan oxusunlar”, - deyə ölkə başçısı bildirib."

"Yeni Müsavat": Hərbi Xidməti bitirib ehtiyata buraxılan əsgərlərin bir hissəsi yenidən hərbi hissələrə çağırılır

"Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən ...verilən məlumata görə, vətəndaşların yenidən çağırılmasına səbəb Müdafiə Nazirliyinin sentyabrın 6-dan 13-dək Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə Komanda Qərargah Hərbi Oyunları ilə əlaqədardır.

Dövlət Xidmətindən yenidən əsgərliyə çağırılan gənclərin hansı müddətə qədər hərbi hissələrdə qalacağının hələlik məlum olmadığını bildiriblər.

...Təlimlərə 65.000 nəfərədək şəxsi heyət, 700-dək zirehli texnika, 500-dən çox raket və artilleriya qoşunlarının qurğusu, Hərbi Hava Qüvvələrinin 40-dək təyyarəsi və 50-dək helikopteri, Hərbi Dəniz Qüvvələrinin 20-dək gəmi və kateri, eləcə də Xüsusi Təyinatlı Qüvvələrin və qruplaşmaların havadan mühafizəsi məqsədilə qoşunların hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri cəlb edilib.

Təlimlərdə hava kəşfiyyatının aparılması məqsədilə pilotsuz uçan aparatlardan istifadə olunacaq."

"Yeni Müsavat": Diplomat qalmaqalları Xarici İşlər nazirinin vəzifədən getməsinə səbəb ola bilərmi?

"Baş verənlərə rəğmən xarici işlər naziri hər hansı araşdırma aparmaq əvəzinə, xaricdəki diplomatları işdən qovmaqla kifayətlənir. Onun bu “siyasəti” isə Azərbaycanın xaricdə nüfuzuna ciddi zərbə vurur, diplomatlar hər hansı bir səbəblə ölkəyə qayıtmaq belə istəmirlər. Müstəqillikdən üzü bəri Azərbaycan diplomatiyasında bunca biabırçılıq görünməyib...

E.Məmmədyarovun yerində olmaması barədə rəylər yeni deyil. Bu barədə rəyi xüsusən hakimiyyətdaxili prosesləri dərindən bilən deputat Qüdrət Həsənquliyev tez-tez gündəmə gətirir. Arif Məmmədovla bağlı qalmaqaldan sonra Q.Həsənquliyev “Elmar Məmmədyarov yerində olmayan adamdır və nazirliyin işini qura, əməkdaşlarına nəzarət edə bilmir” deyə, münasibət bildirmişdi. A.Məmmədovla bağlı qalmaqal onun özünə qarşı yönəldi və o, səfirliyə ayrılan vəsaiti mənimsəməkdə ittiham edilir.

Amma bu, E.Məmmədyarovu heç də məsuliyyətdən azad etmir, əksinə, səfirliklərin işinə nəzarət etmədiyi barədə rəyləri möhkəmləndirir. Avstraliyadakı səfirliklə bağlı korrupsiya faktlarına tələsik reaksiya, diplomatın işdən çıxarılması nazirin idarəetməsi haqda sualları daha da artırıb.

Hakimiyyətdə, xüsusilə Prezident Administrasiyasında E. Məmmədyarovdan narazılıq böyüməkdədir. Ölkə prezidenti İlham Əliyevin yüksək etimadı sayəsində 2004-cü ilin aprelindən nazir olan E. Məmmədyarov şübhəsiz ki, indi diplomat karyerasının ən ağır günlərini yaşayır. Peşəkar diplomat diplomlu nazir son iki olayla rəhbərlik etdiyi XİN-ə faktiki nəzarəti itirmiş təəssüratı yaradır."

Qəzet "gələn xəbərlərə" istinadən yazır ki," E.Məmmədyarovun istefaya göndərilməsi məsələsi çox ciddidir və artıq onu əvəzləyəcək əsas namizəd üzərində də müzakirələr gedir. Sadəcə, onun istefaya göndərilməsini ləngidən səbəb Qarabağla bağlı danışıqlardır. Çünki 12 ildir ki, E.Məmmədyarov bu danışıqlarda iştirak edir və müzakirə edilən ən xırda detalları belə bilir. Hazırda Qarabağ cəbhəsində vəziyyət gərgindir və bu gərginliyin Azərbaycandakı noyabr seçkilərinə doğru daha da artacağı gözlənilir. Üstəlik, vəziyyət o yerə gəlib ki, müharibə ehtimalı artıb. Bu səbəbdən də E.Məmmədyarovun mümkün istefası noyabr seçkilərindən sonraya proqnozlaşdırılır."