Mətbuat icmalı: “Avropadan gələn siqnallara doğru reaksiya verməyin vaxtıdır”

Çap edildi

“Xalq qəzeti”: “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Avropa Parlamentinin məlum qətnaməsini qınayır

“Bəyanatda İctimai Birlik Avropa Parlamentinin qərəzli və reallıqla heç bir əlaqəsi olmayan qətnaməsini qətiyyətlə pisləyir, müstəqil dövlətin daxili işlərinə qarışmağın yolverilməz olduğunu bildirir. Bəyanatda deyilir: “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Avropa Parlamentinin sonuncu qətnaməsini qınayır və onu Azərbaycanın daxili işlərinə qarışmamağa çağırır. Bu qətnamə növbəti parlament seçkiləri ərəfəsində Azərbaycandakı ictimai-siyasi sabitliyi pozmaq üçün edilən cəhdlərdən biridir. Qətnamədə iyirmi ildən çoxdur torpaqlarımızın 20 faizinin Ermənistanın işğalı altında olduğu, qaçqın və məcburi köçkünlər problemi ilə üz-üzə olduğumuz reallığı gözardı edilərək, süni şəkildə siyasi məhbus problemi qabardılır, parlament seçkilərinə şübhəylə yanaşılır. Ermənistanın işğalçı və xalqa zidd siyasəti görməzlikdən gəlinərək Azərbaycana ədalətsiz münasibət göstərilir, Ermənistandan fərqli olaraq müstəqil dövlət olduğumuz həqiqəti nəzərə alınmır. Azərbaycan Respublikası Avropa İttifaqının üzvü olmadığı üçün bu təşkilat və onun qurumları qarşısında ölkəmizin heç bir öhdəliyi yoxdur. Azərbaycanın müstəqilliyinə edilən bu kimi müdaxilələr də yersizdir və Avropa Parlamentinin öz səlahiyyət hüdudlarını aşması mənasına gəlir. Bu səbəbdən təşkilat olaraq Avropa Parlamentini şiddətlə qınayır, onu müstəqil dövlətçiliyimizə hörmət etməyə və işğal edilmiş torpaqlarımızın azad edilməsində aktiv rol oynamağa çağırırıq.”

“Azadlıq”: Cəmil Həsənli: “Əslində parlament özündə güc tapıb ölkə başçısının qarşısında siyasi məhbusların azad olunması məsələsini qaldırmalı idi”

Milli Şuranın sədri, tarix elmləri doktoru, professor Cəmil Həsənli Avropa Parlamentinin Azərbaycandakı siyasi məhbuslar, noyabrın 1-də keçiriləcək parlament seçkiləri, korrupsiya ilə bağlı qəbul etdiyi sərt qətnamə və bir sıra başqa məsələlər barədə fikirlərini “Azadlıq” qəzeti ilə bölüşüb. Cəmil Həsənli müsahibəsində deyib: “Əlbəttə, ölkəni elə bir vəziyyətə gətirib çıxarmaq lazım deyildi ki, belə bir qətnamə də qəbul edilsin. Qətnamə yetərincə obyektiv və sərtdir. Bütövlükdə Avropa dəyərləri baxımından Azərbaycandakı vəziyyətin qiymətləndirilməsini özündə ehtiva edir. Əslində parlament özündə güc tapıb ölkə başçısının qarşısında siyasi məhbusların azad olunması məsələsini qaldırmalı idi. Məsələnin belə qoyuluşu problemin həllinə, vəziyyətin normallaşmasına Milli Məclisin böyük töhfəsi olardı. Hamı bilir ki, siyasi məhbuslar nahaqdan tutulub. Onlar öz vətəndaşlıq mövqeyi ilə seçilən adamlardırlar. …Bunlar elə bilirdi ki, bütün bu qanunsuzluqları edəcəklər və dünya da buna göz yumacaq, Avropa, demokratik dünya narahatçılıq ifadə etməklə məsələ qapanacaq. Ona görə qeyri-hökumət institutunun dağıdılması, siyasi partiya fəallarının təqib edilməsi, gənclər təşkilatları aktivistlərinin cəzalandırılması yolu ilə cəmiyyəti susdurmaq Azərbaycan hakimiyyəti üçün strateji istiqamət idi. Ölkədə polis rejiminin oturuşduğu güman edilirdi. Amma, göründüyü kimi, bu, özünü doğrultmadı. Gözümüzün önündə Mingəçevir hadisələri oldu. Bütün repressiyalara, təzyiqlərə, təqiblərə baxmayaraq əhali narazılığını ifadə edə bildi. Indiki halda vəziyyətdən ən yaxşı çıxış yolu islahatlara başlamaqdır. Siyasi məhbuslar buraxılmasa, seçki islahatları keçirilməsə, vətəndaş bu gün dünənkindən yaxşı yaşamasa, vəziyyət gərginləşməkdə davam edəcək.”

“Azadlıq”: Demokratiya İndeksində Azərbaycan, hətta Belarusdan da 23 pillə geridədir

“Böyük Britaniyanın “The Economist” dərgisi 2014-cü il üzrə Demokratiya Indeksini açıqlayıb. Ölkələrin demokratiya indeksinin başlıca meyarları aşağıdakılardır: – Seçki prosesi və plüralizm; – Hökumətin funksionallığı; – Siyasi proseslərdə vətəndaşların və siyasi qüvvələrin iştirakı; – Siyasi mədəniyyət; – Vətəndaş azadlıqları. Demokratiya Indeksində ilk 5 yeri Norveç, Isveç, Islandiya, Yeni Zelandiya və Danimarka tutub. …Azərbaycan 167 ölkə arasında 148-ci yerdə qərarlaşıb. Demokratiya Indeksində Azərbaycanın qonşularından Gürcüstan 81, Ermənistan isə 113-cü pillədədir. Təsəvvür edin, uzun illər “Avropanın sonuncu diktaturası” adlandırılan Belarus bu siyahıda Azərbaycandan 23 pillə öndədir.”

“Azadlıq”: Avropa Parlamentinin deputatı: “Avropadan gələn siqnallara doğru reaksiya verməyin vaxtıdır”

Avropa Parlamentində Litvadan olan deputat Petras Austrevisius “Azadlıq” radiosuna açıqlamasında bildirib ki, Azərbaycanda Milli Məclisin “Avronest”i tərk etmək qərarı, eləcə də Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramından imtina tövsiyəsi əslində, özünütəcrid siyasətidir. O qeyd edib ki, Avropa Parlamentinin Azərbaycana dair ötən həftə qəbul etdiyi qətnaməyə Bakıdan bunun tam əksi olan reaksiya, həmin sənəddə səslənən problemlərin həllinə dair real addımlar gözləyirdilər: “Tamamilə əksinə, biz Azərbaycan rəhbərliyindən başqa addımlar – problemlərin həllinə cəhdlər, dialoq, fikir mübadiləsi gözləyirik. Biz 100-dən çox siyasi məhbus olan Azərbaycanda insan haqlarının vəziyyətinin fundamental azadlıqların təməl prinsiplərinə, beynəlxalq hüquq normalarına ciddi şəkildə uyğunlaşdırılmasını istəyirik. Məncə, Avropadan gələn siqnallara doğru reaksiya verməyin vaxtıdır”. Litvalı deputat hesab edir ki, Azərbaycan rəhbərliyi Avropa Birliyi ilə tərəfdaş olduğunu göstərmək, bir yerdə işləyə bilmək üçün insan haqlarının vəziyyətində çox ciddi irəliləyişlərə nail olmalıdır: “Biz mesajımızı çatdırmışıq ki, tərəfdaşımız olduğunu göstərməsi, birgə işləyə bilməyimiz üçün Azərbaycanın sadalanan problemlərin həllində çox ciddi irəliləyişlər etməsi lazımdır. Mən Bakının qəbul etdiyi qərarı təcrid olunma, Avropa məhkəmələrindən uzaqlaşma hesab edirəm. Əslində, Azərbaycanın inkişafı üçün onun Avropa ilə əməkdaşlığına real alternativ görmürəm”.”

“Azadlıq”: ABŞ-ın ATƏT Daimi Şurasındakı səfiri Azərbaycanın insan haqları və söz azadlığı sahəsində öhdəliklərinə əməl etməməsi barədə danışb

ABŞ-ın ATƏT Daimi Şurasındakı səfiri Daniel Baer sentyabrın 14-də Azad Avropa və Azadlıq Radiosuna müsahibəsində bəyan edib ki, “ABŞ, bir sıra məsələlərlə bağlı digər ölkələrin hökümətləri ilə daha möhkəm tərəfdaşlığın tərəfdarıdır və Azərbaycanın insan haqları və söz azadlığı sahəsində öhtəliklərinə əməl eləməməsi buna əsas maneələrdən biridir”. O qeyd edib ki, söhbət ABŞ-dan yox, Azərbaycanın gələcəyindən gedir. “Xədicə İsmayıl, Rəsul Cəfərov, İntiqam Əliyev, Leyla və Arif Yunuslar kimi öz ölkəsinin güclü gələcəyinə inanan insanlar nahaq yerə hazırda həbsdədirlər. …Öz ölkələrinin gələcəyində tam qəti olan bu vətənpərvər insanlar güclü, varlı və daha demokratik Azərbaycan qurmaq istəyirlər”- deyə o vurğulayıb. Qeyd edək ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisi sentyabrın 11-də fəaliyyətinə qoyulacaq məhdudiyyətlərlə bağlı noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərində müşahidəçilikdən imtina edib.”

“Azadlıq”: Freedom House: “Azərbaycanlılar səslərinin oğurlanacağı riski ilə üzləşiblər”

“Freedom House bəyan edib ki, ATƏT-in seçkilərdə müşahidəçilikdən imtina etməsi Azərbaycanda azad və ədalətli seçkinin keçirilməsinə çox az ümid yeri qoyur. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı sentyabrın 11-də onun fəaliyyətinə qoyulacaq məhdudiyyətlərlə bağlı Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərində müşahidəçilikdən imtina edib. Freedom House təşkilatı bunun nəticəsində yaranmış vəziyyətlə bağlı bəyanat yayıb.”

Təşkilatın icraçı vise-prezidenti Daniel Calingaert deyib: “Prezident İlham Əliyev hökumətinin noyabrın 1-də keçiriləcək parlament seçkilərində Avropa müşahidəçi missiyası qarşısında qoyduğu şərtlər buna aydın işarədir ki, azərbaycanlılar səslərinin oğurlanacağı riski ilə üzləşiblər.” O həmçinin deyib ki, ABŞ Konqresinin üzvləri Azərbaycan xalqının müdafiəsi naminə Əliyev hökumətini öz hərəkətləri üçün izahat verməyə və seçkilərin hərtərəfli, etibarlı müşahidə missiyasına imkan yaratmağa çağırmalıdırlar.

“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisinin direktoru Michael Georg Link bəyan edib ki,seçkiyə məhdud sayda müşahidəçinin buraxılmasına dair Azərbaycanın qoyduğu şərt bu ölkənin ATƏT qarşısındakı öhdəliklərinə ziddir və təşkilatı öz seçki missiyasını ləğv etməyə “məcbur” edir. Azərbaycan Freedom House təşkilatının reytinqində “azad olmayan” ölkələr kateqoriyasına aid edilib.”