Azərbaycan XİN: "DTİHB siyasi qərar qəbul edib"

Azərbaycan XİN noyabrın 1-də keçiriləcək parlament seçkilərini müşahidə etməyəcək ATƏT DTİHB tərəfindən seçkilərlə əlaqədar hazırlanmış ehtiyacların qiymətləndirilməsi hesabatına cavab olaraq quruma rəsmi məktub ünvanlayıb.
Qurumun seçkiləri izləmək üçün Azərbaycana otuz uzunmüddətli və 350 qısamüddətli müşahidəçi göndərmək niyyəti olub.
Məktubda ATƏT-in 9.5 milyon əhalisi və 125 seçki dairəsi olan Azərbaycana 400-ə yaxın müşahidəçi göndərmək istəməsinin heç bir məntiqə sığmadığı vurğulanıb, XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
"50 milyon əhalisi olan Ukraynaya 26 oktyabr 2014-cü il seçkilərini müşahidə etmək üçün 600 nəfər, 150 milyona yaxın əhalisi olan Rusiyaya 4 dekabr 2011-ci il seçkilərində 200 nəfər müşahidəçi göndərilib. DTHİB əhali və seçici sayına nisbətdə müşahidəçilərin sayının bu dərəcədə qeyri-mütənasibliyinin məntiqi izahatını hələ də verə bilməyib", cənab Hacıyev deyib.
Onun sözlərinə görə, ATƏT DTİHB-in rəhbərliyi tərəfindən birtərəfli qaydada məsləhətləşmə aparmadan, mandatını "kobud şəkildə pozaraq", Azərbaycanda keçiriləcək parlament seçkilərinin müşahidə edilməməsi barəsində qərar qəbul olunub.
"İcraçı təsisat olaraq, səlahiyyəti və mandatı icazə vermədiyi halda, DTİHB siyasi qərar qəbul edib. Bu onu göstərir ki, DTİHB-in rəhbərliyi müəyyən dairələrin təsiri altında məqsədyönlü şəkildə seçkilərin müşahidəsi kimi texniki məsələni siyasiləşdirir", mətbuat xidmətinin rəhbəri bildirib.
Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında ATƏT-in baş katibi Lamberto Zannier deyib ki, ATƏT DTİHB ilə Azərbaycan hökuməti arasında seçkiləri müşahidə missiyası ilə bağlı razılığın əldə olunmaması təəssüf doğurur, APA xəbər verir.
DTİHB seçkiləri müşahidə etməyəcəyi barədə qərarını sentyabrın 11-də açıqlayıb. "Azərbaycanın tətbiq etdiyi məhdudiyyətlərə görə parlament seçkiləri müşahidə missiyasını ləğv etmək məcburiyyətindəyik", qurumun direktoru Michael Georg Link <link type="page"><caption> deyib</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/09/150911_osce_election_observation_cancellation.shtml" platform="highweb"/></link>.

























