Parlament seçkiləri və "Azərbaycanın dillemması"

Çap edildi

Azərbaycanda bazar gününə təyin olan seçkilər çox güman ki, 125 yerlik parlamentdə qüvvələr nisbətini dəyişməyəcək. Dəyişən odur ki, neft qiymətlərinin düşməsi fonunda ölkə yeni vəziyyətlə üzləşir, nüfuzlu Britaniya araşdırma mərkəzinin təhlilində deyilir.

Britaniyadakı Chatham House Kral Araşdırmalar İnstitutun (Royal Institute of International Affairs) səhifəsində dərc edilən təhlilə əsasən, seçkilər nəticəsində parlamentə əvvəl olduğu kimi hakim partiya, "loyal müxalifət" və hökumət təmayüllü “müstəqillər”in seçilməsi gözlənilir.

İllər ərzində “rəmzi müxalifət” dərəcəsinə çatan Müsavat və Xalq Cəbhəsi seçkilərdə iştirak etmir, yeni partiyalar isə siyasi səhnəyə buraxılmır.

Belə partiyalardan biri REAL-dır ki, onun sədri İlqar Məmmədov 2014-cü ildə 7 il müddətinə azadlıqdan məhrum edilib, Laurence Broers-in məqaləsində deyilir.

Bu arada neft qiymətlərinin düşməsi ölkəni yeni problemlərlə üz-üzə qoyub. Belə ki, prezident İlham Əliyev ictimai narahatlıq və məyusluq fonunda yavaşlayan iqtisadiyyatı idarə etmək üçün daha məhdud ehtiyatlara sahibdir. Başqa bir problem ictimai narazılığın səfərbər edilməsinə yol açan elitalar arasında parçalanmanın qarşısını almaqdır.

“Gərginlik aydın nəzərə çarpır və Azərbaycan elitasından qarışıq mesajar gəlir”.

Fevral ayında milli valyutanın devalvasiyası ilə yanaşı Avropa Oyunlarına ayrılan çoxmilyardlıq xərclər təəccüb və məyusluğa səbəb olub. Bu arada ölkədə Qərbi qıcıqlandıran siyasi opponentlərə təqiblər davam etdirilir.

Digər tərəfdən hökumət seçkilərdən əvvəl bir sıra gözlənilməz addımlar atıb.

İqtidar sahibkarlıq sahəsində vəziyyətin yaxşılaşdırılmasına yönələn addımlar elan edib. Bununla yanaşı mlli təhlükəsizlik naziri və yüksək rütbəli rəsmilər vəzifədən azad dilib. Bununla iqtidar cəmiyyətə "toxunulmaz" şəxslərin olmadığı barədə kəskin mesaj göndərib, təhlildə deyilir.

Belə görünür ki, prezident İlham Əliyevin strategiyası "islahata meylli fiqurları" irəli çəkmək vasitəsilə dəyişikliyə nail olmaqdır. Bu arada "müstəqil vətəndaş cəmiyyəti və siyasi rəqabət olmadan dəyişikliyə nail olmaq mümkündürmü" sualı gündəmdə qalır.