Jurnalist Rauf Mirqədirovun məhkəmələri qapalı keçiriləcək

"Dövlətə xəyanət"də ittiham edilən jurnalist Rauf Mirqədirovun məhkəməsinə hazırlıq iclası çərşənbə günü Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib.
Vəkil Fuad Ağayevin sözlərinə görə, bu prosesdə müdafiə tərəfi dörd vəsatət qaldırıb, amma heç biri qəbul edilməyib.
Bu vəsatətlər cinayət işi üzrə icraata xitam verilməsi, jurnalistin həbsdən azad olunması, yolverilməz sübutların iş materiallarına daxil edilməsi və işdə adları çəkilən Laura Baqdasaryan və David Şahnazaryanın dindirilməsi ilə bağlı olub.
"Azərbaycan hüquqi yardım barədə Minsk konvensiyasının iştirakçısıdır. Ona uyğun olaraq, o iki şəxsin dindirilməsinin təmin olunmasını istədim, amma qəbul edilmədi", vəkil BBC Azərbaycancaya bildirib.
Vəkil deyir ki, prokurorun şifahi vəsatəti təmin olunub və məhkəmə proseslərinin bundan sonra qapalı keçiriləcəyinə qərar verilib.
Cənab Ağayevin sözlərinə görə, prosesin qapalı keçirilməsi o deməkdir ki, "aşkarlıq prinsipini kobud şəkildə pozmağa niyyətli adamlar var".
"Orada cəmi 2-3 vərəq var ki, onlar məxfi sayıla biləcək sənədlərdən çıxarışlardır. Qalanların heç biri sirr deyil. Bilirlər ki, işi quranların bəd əməlləri açıq məhkəmə iclasında tam görünəcək. Buna görə də açıq məhkəməyə maraqlı deyillər", o qeyd edir.
Növbəti proses 18 noyabrda baş tutacaq.
BBC Azərbaycancanın müxbiri Günel Səfərova məhkəmə binası qarşısından bildirib ki, bugünki məhkəməyə Almaniya və ABŞ səfirlikləri, Avropa İttifaqının Bakı ofisinin nümayəndələri, həmçinin jurnalistin anası və xalası qızı buraxılıb.
"Yerli media müxbirlərini adla çağırdılar, xarici media nümayəndələri isə qapının qarşısında gözləyir, bizə dedilər ki, yerlər dolub", müxbirimiz deyir.
"Ayna-Zerkalo" qəzetinin jurnalisti Rauf Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunduqdan sonra " <link type="page"><caption> dövlətə xəyanət</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2014/07/140717_rauf_mirgadirov_official_information" platform="highweb"/></link>" ittihamı ilə həbs edilib.

Həbs olunandan bəri jurnalistlə bağlı həbs qətimkan tədbiri bir neçə dəfə uzadılıb.
Rauf Mirqədirov dövlətə xəyanət ittihamını qəti şəkildə rədd edir. Beynəlxalq insan haqları təşkilatları onun həbsini siyasi motivli hesab edirlər.
Azərbaycan hökuməti bu məsələlərlə bağlı bütün tənqidləri rədd edir və ölkədə insanların siyasi baxışlarına yox, əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunduğunu deyir.
























