Rauf Mirqədirovun vəkili: "Müdafiə tərəfinin mövqeyi qüvvətlidir"

Bakı Ağır Cinayətlər Məhkəməsində "dövlətə xəyanət"də ittiham edilən jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Jurnalistin vəkili Fuad Ağayev BBC Azərbaycancaya açıqlamasında bildirib ki, iltizam verdiyinə görə o, məhkəmədə baş verənlər haqqında danışa bilməz.
Amma vəkil əlavə edib ki, müdafiə tərəfinin mövqeyi olduqca qüvvətlidir.
"Mirqədirovun törətmədiyi cinayəti sübut etmək mümkünsüzdür", vəkil deyib.
Jurnalistin məhkəməsi noyabrın 4-də <link type="page"><caption> başlayıb</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/11/151104_rauf_mirkadirov" platform="highweb"/></link> və həmin gün məhkəmə proseslərinin bundan sonra qapalı keçiriləcəyi barədə qərar verilib.
Proses noyabrın 25-də davam etdiriləcək.
"Ayna-Zerkalo" qəzetinin jurnalisti Rauf Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunduqdan sonra <link type="page"><caption> "dövlətə xəyanət" </caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2014/07/140717_rauf_mirgadirov_official_information" platform="highweb"/></link>ittihamı ilə həbs edilib.
Həbs olunandan bəri jurnalistlə bağlı həbs qətimkan tədbiri bir neçə dəfə uzadılıb.
Rauf Mirqədirov dövlətə xəyanət ittihamını qəti şəkildə rədd edir. Beynəlxalq insan haqları təşkilatları onun həbsini siyasi motivli hesab edirlər.
Azərbaycan hökuməti bu məsələlərlə bağlı bütün tənqidləri rədd edir və ölkədə insanların siyasi baxışlarına yox, əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunduğunu deyir.
























