Qarabağ: tərəflər atəşkəsə əməl edilmədiyini bildirir

Çap edildi

Dağlıq Qarabağ münaqişə bölgəsində 3 gün əvvəl döyüş əməliyyatlarının dayandırılması haqda razılaşma əldə edilsə də, tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, aprelin 8-nə keçən gecə erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində "60 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 110 dəfə pozub".

Azərbaycan Silahlı Qüvvələri cavab olaraq, qarşı tərəfin mövqeləri və səngərlərinə 114 dəfə atəş zərbəsi endirib, rəsmi məlumatda deyilir.

Tanınmamış "DQR Müdafiə Nazirliyi"nin məlumatına görə isə, aprelin 8-nə keçən gecə Azərbaycan tərəfi təmas xətti boyunca müxtəlif çaplı silah növlərindən “atəşkəs haqqında əldə edilmiş razılaşmanı pozmaqda davam edib”.

Həmçinin erməni qüvvələrin nəzarəti altında olan ərazilərin 60 millimetrlik minaatanlardan atəşə tutulduğu bildirilir.

“Daha intensiv atəşkəs təmas xəttinin şimal istiqamətində (Talış) qeydə alınıb. Bunun nəticəsində müqavilə əsasında xidmət edən 33 yaşlı sıravi əsgər həlak olub. Xəsarət alanlar da var“, - məlumatda deyilir.

Aprelin 2-ə keçən gecədən başlayaraq Dağlıq Qarabağın cəbhə boyu rayonlarında "qızğın döyüşlər" başlayıb. Hər iki tərəfdən mülki və hərbi tələfat var.

Aprelin 5-də atəşkəs razılaşması elan olunsa da, tərəflər razılaşmanın pozulması ilə bağlı bir-birini günahlandırır.

MDB XİN rəhbərləri Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı birgə bəyanatla çıxış edərək, ötən həftə sonu təmas xəttində silahlı toqquşmalar və insan tələfatına səbəb olan gərginliklə bağlı dərin narahatlıq ifadə ediblər.

"Münaqişə tərəflərini atəşkəs rejiminə ciddi əməl etməyə və yeni insan ölümlərinə imkan verməmək üçün təmkin nümayiş etdirməyə çağırırıq", bəyənatda deyilir.

MDB XİN rəhbərləri vəziyyətin stabilləşməsi üçün mümkün bütün tədbirləri görmək və ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən irəli sürülmüş prinsiplər əsasında münaqişənin sülh yolu ilə həlli istiqamətində səyləri aktivləşdirmək vacib olduğunu qeyd ediblər.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, aprelin 2-dən 5-nə kimi davam edən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 31 hərbçisi həyatını itirib. Dövlət qurumu yaralıların sayını açıqlamır.

Azərbaycanın Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi aprelin 3-də bildirib ki, cəbhədə atəşkəsin pozulması nəticəsində 2 dinc sakin həyatını itirib və 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Tanınmamış "DQR Müdafiə Nazirliyi" bildirir ki, aprelin 1-dən 7-nə kimi erməni tərəfindən 36 hərbçi həlak olub, 122 nəfəri yaralanıb, 21 nəfər itkin düşüb. İtkin düşənlərin sayının azalması 3 nəfərin həlak olanlar arasında, daha bir nəfərin sağ qalanlar arasında aşkar edildiyi ilə izah olunur.