Mətbuat icmalı: “Bakı Marafonu 2016”nın 77 yaşlı iştirakçısı

Çap edildi

"Azadlıq": Hesablama Palatası iri dövlət qurumlarını “vurdu”

"Azərbaycanda bir sıra dövlət qurumları, o cümlədən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, “Azərenerji” ASC, Milli Arxiv İdarəsi və Xızı rayon İcra Hakimiyyətinin rəhbərliyi büdcə vəsaitinin artıq və səmərəsiz istifadəsinə yol vermiş əməkdaşları ilə bağlı intizam tənbeh tədbirlərini ümumiyyətlə tətbiq etməyib.

Bu isə gələcəkdə nöqsanların təkrarlanması riskini artırır. “Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının 2015-ci ildəki fəaliyyəti haqqında hesabatında göstərilib," qəzet yazır.

"Palata hesabatında qeyd edir ki, Dövlət Sosial Müdafiə Fondu (DSMF) üzrə müəyyən vəsaitin də ödənilməsi təmin edilib: “Dövlət büdcəsi ilə yanaşı DSMF üzrə aparılmış nəzarət tədbirlərinin nəticələrinə əsasən, 266,0 min manat vəsait Fondun büdcəsinə bərpa edilib, həmçinin məcburi dövlət sosial sığorta haqları üzrə az hesablanmış 636,9 min manat məbləğində vəsait sığortaedənlərin hesabatlarında əks olunub. Fondun rayon və ya şəhər şöbələri tərəfindən vətəndaşlara ödənişlər üzrə əskik məbləğlərin vətəndaşların hesablarına köçürülməsi təmin edilib və bu, cəmi 13,2 min manat təşkil edib”.

"Azərbaycan": “Bakı Marafonu 2016”nın iştirakçıları sırasında 77 yaşlı paytaxt sakini də vardı

Azərtac xəbər verir ki, “Bakı Marafonu 2016”nın ən yaşlı iştirakçısı 77 yaşlı Tanrıverdi Əliyev jurnalistlərə müsahibəsində belə deyib:

“Mənim üçün bu, tam yeni yarışdır. Düşünürəm ki, əgər insanda idmana maraq, sağlam bədən, fiziki cəhətdən güc-qüvvə varsa onun idmanın bütün növlərində perspektivi ola bilər. Belə yarışlar bizim kimi yaşlı insanların zövqünü oxşayır, bizləri yaşamağa səsləyir, özümüzə inam yaradır. Ən başlıcası Vətənin sağlam oğul və qızlarını görüb qürur duyuruq. Arzu edirəm ki, belə tədbirlər çox olsun.”

"Azərbaycan": Azərbaycan Prezidenti İlham Əliyev Tərtər, Ağdam və Bərdə rayonlarında olub

"Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarında olublar.

Prezident Tərtər rayonundakı “N” saylı hərbi hissədə olub. Müdafiə naziri Zakir Həsənov təmas xəttindəki son vəziyyət barədə Ali Baş Komandana məlumat verib," qəzet yazır.

"Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 27-dən 28-nə keçən gecə işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində zərər çəkmiş Tərtər şəhərinin Fikrət Əmirov küçəsində dağılmış evlərə baxıblar.

Sakinlərlə söhbət zamanı Prezident İlham Əliyev dəymiş ziyanın tezliklə aradan qaldırılacağını bildirib.

...Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva daha sonra Ağdam rayonunun qoşunların təmas xəttində yerləşən Mahrızlı kəndinə gəliblər".