Mətbuat icmalı: "Manat ilin sonuna qədər sabit olacaq"

Şəklin mənbəyi, Getty
"Xalq qəzeti": Musiqi Kolleci tələbələrinin konserti
"Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kolleci tələbələrinin ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş konserti olmuşdur.
Orkestrin bədii rəhbəri və baş dirijoru, Xalq artisti, professor Rauf Abdullayevin idarə etdiyi konsertdə Musiqi Kollecinin istedadlı tələbələrinin ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənmişdir."
"Yeni Müsavat": Elman Rüstəmov: "Manat ilin sonuna qədər sabit məzənnədə olacaq"
Manat ilin sonuna qədər sabit məzənnədə olacaq.
Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib, "Yeni Müsavat" xəbər verir.
"Son vaxtlar milli valyutanın məzənnəsində sabitlik hiss olunur".
Onun sözlərinə görə, məzənnə bazarın tələbatına müvafiq müəyyən olunur."
"Azadlıq": "Beynəlxalq Bankda talanan 3 milyardı xalqa ödətdirirlər
" Beynəlxalq Bankı xilas etmək üçün dövlət büdcəsindən Mərkəzi Banka (MB) ayrılan 3 milyard manat borc 2045-ci ildə qaytarılacaq. Mərkəzi Bankın ötənilki fəaliyyət hesabatında bildirilir ki, borcun 2.5 milyardı artıq 2015-ci ildə götürülüb, yerdə qalan 500 milyon manat isə çox güman, bu il alınacaq. Borc illik 0.15 faizlə cəlb edilib.
...İqtisadçı ekspertlər bu “sağlamlaşdırma əməliyyatı”nı qüsurlu hesab edirlər. İqtisadçı ekspert Zöhrab İsmayıl hesab edir ki, bu məsələnin arxasında bankın özəlləşdirilməsi durur. “Bank bu müddətdə dövlət mülkiyyətində qalsaydı, – başqa məsələ, amma özəlləşdirilməyə hazırlanır. Indi, görək, bankın özü neçəyə özəlləşdiriləcək. Hər bir halda bank tam dövlət bankı deyil, buna görə də belə imtiyazlı şərtlər açıq şübhə doğurur. Həm müddət çoxdur, həm də faiz çox aşağıdır”.
Ekspert Rövşən Ağayev də banka verilən borcun 2045-ci ildəki mümkün dəyərinə diqqət çəkir: “Bu vəsait o zaman dəyərsiz kağız parçasına çevriləcək. Indiki nəslin vergi ödəyicilərinə büdcədən ödədirlər, 30 ildən sonra da gələcək nəslin biznes adamlarına ödədəcəklər – bankdan büdcəyə. Indiki nəsillərin pis əməllərinin bədəlini gələcək nəsillərə ödətməyin bariz nümunəsidir”.

Göründüyü kimi hökumət özəlləşdiriməyə hazırlaşdığı banka 30 il müddətində 0.15 faizlə kredit verir. Ölkənin bu qədər ağır vəziyyətində, belə bir “səxavət” göstərmək sağlamlaşdırmağa yox, xəstələndirməyə xidmət edir. Yəni, hökumət növbəti dəfə şəxsi maraqların təmin olunması üçün dövlət vəsaitlərini qurban verir."
Qəzet diqqəti devalvasiyadan sonra vətəndaşa dəymiş milyardlarla manat zərərə və hökumətin vətəndaşa hər hansı güzəştdən imtina etməsinə cəlb edir. Maliyyə naziri Samir Şərifov “bank xeyriyyə cəmiyyəti deyil” mesajını vermiş, Mərkəzi Bankın sədri Elman Rüstəmov isə demişdi ki, əhaliyə güzəşt edilməsi maliyyə intizamını poza bilər. "Necə olur ki, vətəndaşı bataqlıqdan çıxarmaq üçün 250 milyon manat tapmayan hökumət, Beynəlxalq Bankı sağlamlaşdırmaq üçün 3 milyardı dərhal tapır? Belə çıxır ki, bank xeyriyyə cəmiyyəti olmasa da, dövlətin vəsaiti xeyriyyə fondurur?
Səfil vəziyyətində olan vətəndaşa 25-30 faizlə kredit verənlər, Beynəlxalq Banka 0.15 faizlə, həm də 30 illik kredit verir.
"...Son 10 ildə ölkədən 95 milyard pul ofşorlara çıxarılıb, hər gün hakim ailədən tutmuş, kiçik məmura qədər müxtəlif adamların var-dövləti haqqında faktlar ortaya çıxır. Niyə hökumətin oğurladığını xalq ödəməlidir? Bu illər ərzində milyarderə çevrilmiş məmurlar, Beynəlxalq Bankı niyə özləri sağlamlaşdırmırlar? Cahangir Hacıyev də, Eldar Mahmudov da bu hökumətin kadrlarıdı, Beynəlxalq Bankdan bu hökumətin başında duranlar fayda götürüb, devalvasiya bu hökumətin yaratdığı cəhənnəmdi vəbütün zərərləri də bu adamalar ödəməlidir. Axı, nə vaxta qədər hökumət kürsüsünü zəbt edənlər qazancı özləri götürüb, zərəri dövlətin, xalqın belinə yükləyəcəklər?" deyə qəzet sual edir.
"Azadlıq": «İpək Yolu Sığorta» ASC-nin sahiblərinin payları bilindi
"Qiymətli kağızlar bazarı haqqında» Qanunda şirkətlərin illik hesabatlarının açıqlanması barədə sərt tələblər bəhrəsini verməkdədir. «İpək Yolu Sığorta» Açıq Səhmdar Cəmiyyəti auditorun müsbət rəy verdiyi illik hesabatı ictimaiyyətin diqqətinə çatdırıb.
Sənədə əsasən, payların toplam 77.4 faizi (hər bacıya 6 min 779 səhm) Cəmilə və Məlahət Əsgərova bacılarınındır. Hər səhmin qiyməti 844 manatdır.
Səhmlərin 19 faizi «Silk Way» aviaşirkətinindir. 2011-ci ilin uyununadək «AZAL Sığorta» adlanan bu şirkətdə «Azərbaycan Hava Yolları» QSC-nin payı indi müəmmalı şəkildə 3.6 faizə düşüb.
Rəsmi məlumatlara görə, 2001-ci ildə yaradılan «Silk Way» aviaşirkətində payların 60 faizi «SW Holding» MMC-yə, qalan 40 faizi isə Britaniyanın Virgin adalarında qeydiyyatdan keçmiş «International Handling Company Limited» şirkətinə məxsusdur. 20-dən çox şirkətin daxil olduğu «Silk Way Holding»in prezidenti Zaur Axundovdur. Qrupa da o nəzarət edir. «International Handling Company»nin mülkiyyətçilərinin adları isə açıqlanmır."
AzadlıqRadiosunun araşdırmasında deyilir ki, "İpək Yolu Sığorta" ASC yetərincə çox mənfəət götürən şirkətlərdəndir. "Bu şirkətin ötən il 5 milyon manatdan çox təmiz qazancı, bu ilin ilk 3 ayında isə vergilər ödənilməklə, 485 min manat mənfəəti olub. Şirkətin əsas müştəriləri, AZAL daxil, mülki aviasiya şirkətləri və onlara xidmət göstərən kommersiya qurumlarıdır.
Diqqət çəkən burasıdır ki, şirkətin bina və tikililərinin qiyməti, vur-tut, 52.6 min manatdır. Başqa bir fakt da diqqətəlayiqdir: devalvasiyanın ölkədə bank və tikintisektorlarına, eləcə də biznesin digər sahələrinə ağır zərbə vurduğu 2015-ci ildə "İpək Yolu Sığorta" ASC valyutanın məzənnə fərqindən təxminən 2 milyon manat irəli düşüb."
























