Sovetskidə daha 23 tarixi abidə "siyahıdan çıxarıla bilər"

"Sovetski"də yol tikintisi aparılan ərazidə olan 171 tarixi abidədən daha 23-ü siyahıdan çıxarıla bilər, Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov BBC Azərbaycancaya müsahibəsində deyib.
Onun sözlərinə görə həmin abidələr haqqında Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən hazırlanan təklif artıq Nazirlər Kabinetinə təqdim edilib. "Dövlətin bir proqramı olur, hökumətin qərarı hazırlananda bu əsasdır. Hökumət vacib qərar verirsə orda hər hansı tarixi abidəni saxlamaq mümkün deyil", xidmət rəisi vurğulayır.
Ekspertlər isə deyir ki, tarixi abidəni qoruma mexanizmi var və tarixi abidələrin söküntüsü zamanı bu mexanizmdən istifadə etmək olardı.
Tarixi abidələrin qorunması haqqında qanunun 7-ci maddəsinə 2012-ci ildə edilən dəyişikliyə əsasən təsdiqlənmiş siyahıdan abidənin çıxarılması müvafiq icra hakimiyyəti orqanının təklifi əsasında (yerli icra orqanı və Mədəniyyət və Turzim Nazirliyi), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın (Azərbaycan Milli Elmlər Akademiyası) rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən həyata keçirilir.
Sonuncu dəfə 2001-ci ildə aparılan tarixi abidələrin siyahısına əsasən Azərbaycanda 6308 tarixi bina var ki, onlardan Bakıda olan 171 abidə Nazirlər Kabinetinin 2013-cü ildə verilən qərarı ilə siyahıdan çıxarılıb.
"Yanlışlıq"

Cənab Sultanovun sözlərinə görə, Sovetski kimi tanınan və tikinti aparılan ərazidə ümumilikdə 171 tarixi abidə var ki, onlardan 76-sı Nazirlər Kabinetinin qərarı ilə siyahıdan çıxarılıb.
O iddia edir ki, 2001-ci ildə tərtib olunan tarixi abidələrin siyahısında "bəzi yanlışlıqlar var" və "bəzi abidələr ora səhvən salınıb". Həmin siyahı 1988-ci ildə hazırlanan köhnə siyahıya istinad olunub və abidə olmayan binalar "texniki olaraq siyahıya düşüb".
"Elə binalar var ki, onlar mövcud deyil, heç yerində yoxdur, amma siyahıya salınıb. Tarixi əhəmiyyəti olmayan panel binalar da bu siyahıya salınıb", o əlavə edir.
Memar Aytəkin İmranova "bu abidələri qorumaq o qədər çətindir ki" sual edərək deyir ki, Nazirlər Kabineti mühafizəyə aldığı abidələri "qoruya bilməyib".
Aytəkin İmranova da qeyd edir ki, onda olan məlumata görə "Sovetski söküntüsü" adı altında 33 abidə sökülüb, amma "rəqəmin bundan da artıq" ola biləcəyini də istisna etmir.
"Tarixi abidə sökülüb sonra da deyirlər yerində yoxdur. Bu boyda minillik şəhər tarixi tamamilə silinir", memar söküntü işlərini təhlil edir.
Prezidentin fərmanına əsasən hazırda Mədəni irsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tarixi binaların inventarlaşdırılmasını aparır və tam yeni siyahı 2016-2017-ci ildə hökümətə təqdim olunacaq, Zakir Sultanov deyir.
Xidmət rəisinin sözlərinə görə, Azərbaycanda bir çox tarixi abidələr Sovet dönəmində təyinatına uyğun istifadə olunmadığına görə "iflic vəziyyətə" düşüb.
"Sovet dönəmində bəzi binalar əhali arasında bölünərək kommunal mənzil kimi insanlara paylanılıb. Bunları restavrasiya etmək böyük vəsait tələb edir", cənab Sultanov bu il dövlət büdcəsindən tarixi binaların restavrasiyası üçün maddi vəsait ayrılmadığını vurğulayır.
Piano

Tarixi abidələr sırasına daxil olan, bir zamanlar Abbas Mirzə Şərifzadənin yaşadığı binanın ötən həftə sökülməsi sosial şəbəkədə uzun və qızğın müzakirələrə səbəb olub.
Bir çox şəbəkə istifadəçiləri Mirzağa Əliyev 115 ünvanında yerləşən binanın "Sovetskinin söküntüsü" çərçivəsində dağıdılmasını pisləyib, bəziləri isə "tarixi abidələri sökməklə nəyə nail olursunuz" deyə sual ediblər.
Sovetski kimi tanınan yaşayış ərazisində tarixi şəxsiyyətlərin yaşadığı 9 və onlarla tarixi bina var. Onlardan ən qədimi 1890-cı il, ən yenisi isə 1916-cı ildə inşa olunub.
Mirzağa Əliyev küçəsi 115-də yerləşən bina Azərbaycan SSRİ Əməkdar və Xalq Artisti adını alan tarixi şəxsiyyətlərdən olan Abbaş Mirzə Şərifzadənin adı ilə tanınırdı.
"Birinci gəldilər binanın üstündə o kişinin yaşaması haqqında yazılan yazını söküb apardılar. İki gün əvvəl də gəlib yernən yeksan etdilər", sakinlərdən biri binanın necə dağıdılmasını BBC Azərbaycancaya nəql edir.

Onun sözlərinə görə, ötən həftə sonu əraziyə gələn işçilər əvvəllcə evdən bəzi əşyaları çıxarıblar. Abbas Mirzə Şərifzadəyə məxsus olduğu deyilən pianonu isə kənara qoyublar.
"O boyda kişidən indi geriyə qalan ancaq bu köhnə pianodur", o əli ilə yol kənarında qalan pianinonu göstərib təəssüf hissi ilə qeyd edir.
Ərazidə işləyən işçilər isə pianonun aqibətinin necə olacağından özləri də xəbərsiz olduqlarını deyiblər.
Azərbaycanın tanınmış caz ustası İsfar Sarabski həmin pianoda musiqi ifa edərək <link type="page"><caption> öz səhifəsində paylaşıb</caption><url href="https://www.facebook.com/isfarsarabskiofficial/videos/1159934577364111/" platform="highweb"/></link>. Şəbəkə istifadəçilərindən biri videonun altında yazıb: "İki gündür yanında keçirəm, elə orda dayanıb".
Həmin küçədən bir qədər yuxarıda, Mirzağa Əliyev 102 ünvanında yerləşən mərhum jurnalist Osman Mirzəyevin yaşadığı 1916-ci il tarixli bina söküntünün növbəti hədəfi ola bilər.

Ərazidə olan işçilərin BBC Azərbaycancaya dediyinə görə, 1916-cı ildə inşa olunan bina sakinlərindən razılıq alınmadığına görə söküntü işlərinə başlanılmayıb.
"Qorumaq vacibdir"
Millət vəkili Fazil Mustafanın sözlərinə görə o, Milli Məclisdə bununla bağlı 4 ay bundan əvvəl məsələ qaldırıb, amma "heç bir reaksiya verilməyib".
"Təəssüf ki, bu cür təkliflərə diqqət yetirilmir. Azərbaycan şərtlərində belədir ki, əgər bir qərar verilibsə, bu müzakirə olunmur. Ona görə də, BŞİH-nin hər hansı bir qərarına qarşı çıxmaq imkanımız yoxdur", parlament nümayəndəsi "binaları sökə-sökə gedəcəklərini" güman edir.
Tarixi şəxsiyyətlərin yaşadığı binaları sökməyin "doğru addım olmadığını" düşünən cənab Mustafa "hər halda qorumaq vacibdir" deyərək problemi yenidən parlamentin gündəminə gətirəcəyini vəd edir.
"Bunun başqa yollarını da fikirləşmək olardı və bu abidələrin qorunması mexanizmi axtarılıb tapılmalı idi. Yoxsa elə şəhərsalma naminə bu cür abidələrin sıradan çıxarılması düzgün deyil", millət vəkili əlavə edir.
























