Sosial media Xədicəyə: "Həmişə azadlıqda dəyərli Azərbaycan xanımı"

Çap edildi

Azərbaycanda tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsdən azad edilməsi sosial medianın gündəmində əsas xəbər olub.

Çərşənbə günü Ali Məhkəmə jurnalistin 5 il şərti azadlığa buraxılması barədə qərar verib, bundan sonra o, həbsxanadan azad edilib.

Azadlığa çıxdığı ilk anlarda Xədicə İsmayıl sosial media statusunda paylaşıb:

"Hamıya salamlar. Həbsdən çıxdım. Dəstəyə görə çox sağolun. Güclü və enerjiliyəm. Bundan sonra da fəaliyyətimi davam etdirəcəm. Çox sağ olun."

Ona gələn yüzlərlə şərhləri arasında ən çox təbrik fikirləri yer alıb.

Rashid Aliyev adlı istifadəçi yazıb ki, "Hər kəs Azərbaycanımız üçün bildiyi kimi vuruşur, amma sizin mübarizəniz ən çətinidir! Çox sevindim! Azadlıq şirin şeydir bunu ancaq zindanlardan keçən bilər..."

"Həmişə azadlıgda dəyərli Azərbaycan xanımı. Var ol", Murad Sadıqov adlı istifadəçi qeyd edib.

Gulnara Canaliyeva adlı istifadəçi yazıb: "Xədicə xanimdan həqiqətləri eşitmək istəyir artıq millət! bu qədər əziyyətdən sonra susmaq olmaz!"

Rauf Binnetov isə yazıb ki, "həmişə azadlıqda. Azad olmaqdan şirin bir şey ola bilməz hamı, sizin heç bir günahınız yoxdur, yeni araşdırmalarınızı gözləyirik."

Bayram Velibeyov isə fikrini belə ifadə edib "Bu gün dünyaya yeni gəlmiş uşaq kimiyəm. Allah sizi qorusun Xədicə İsmayıl, cox sevinirəm, sevincimin həddi-hüdudu yoxdur."

"Axır ki.. bacarmadılar", Yusif Yrz qeyd edib.

Təbriklərdən əlavə, jurnalistin həbsdən çıxma səbəbləri və gələcək fəaliyyətilə bağlı fikir söyləyənlər də olub.

Ay Brat adlı istifadəçi paylaşıb; "Mənə bir şey çatmır nə əcəb bu rejimdən xanıma qarşı jest elədi ???"

Samran Rahimov bildirib ki, "Avropanın təzyiqlərinə dözməyib buraxdılar yəqin."

Zaur Xudayev: "Ən azı 1 ay. Ölkəni tərk edəcək və yaxud harasa səfir. Bizim köhnə xasiyyətdi..."

Kiki Koko adlı istifadəçi isə jurnalistə ehtiyatlı olmağı məsləhət görüb.

"Siz savadlı birisiz, calışın bir də mübarizənizi ehtiyatla edin."

"Xədicə xanımın bundan sonrakı fəaliyyətini səbirsizliklə gözləyirəm. Maraqlı olacaq," Amin Kamal deyib.

Samir Abdulla: "Təxminən 9 il əvvəl zavodda toplantıda sizi tanımışam. Yolunuzdan dönənə oxşamırsınız. Yola davam."

Xədicə İsmayıl 2014-cü ilin dekabrın 5-də həmkarını özünüöldürmə həddinə çatdırma ittihamı ilə həbs edilib, lakin sonradan bu maddə üzrə ona bəraət verilib. Həbs-qətimkan dövründə Xədicə İsmayıla qarşı mənimsəmə və vergidən yayınma kimi ittihamlar irəli sürülüb və o, 7 il 6 ay müddətinə həbs edilib.

Təxminən 1 il 5 ay müddətində həbsdə qalmış jurnalist mənimsəmə və ya israf etmə, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri üzrə bəraət alıb.

Ona qarşı hazırda qanunsuz sahibkarlıq və vergi ödəməkdən yayınma maddələri ilə 3 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin edilib. Həmin cəza məcəllənin şərti məhkumetmə maddəsinin tətbiq olunması ilə 5 il şərti cəza və 2 il dövlət və yerli özünü idarətmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum etmə ilə əvəzlənib.