Mətbuat icmalı: Rusiya Azərbaycan qazının Avropaya "nəqli ilə barışıb"

Çap edildi

"Azadlıq": AXCP gənclərinin Şəki sədri həbs olunub

AXCP Şəki şöbəsinin fəalları mayın 28-də Cümhuriyyət Günü ilə əlaqədar şəhərin Şəhidlər Xiyabanını ziyarət edib. Bu zaman polislər ziyarətə müdaxilə edərək tədbiri pozmağa çalışıblar. AXCP Gənclər Komitəsi Şəki şöbəsinin sədri Samir Həsənov saxlanılıb.

AXCP Şəki şöbəsinin sədri İslam Həsənovun kamerası zorla əlindən alınıb, tədbirdən çəkdiyi kadrlar silinib. Yaranan mübahisə zamanı səhhəti pisləşmiş İslam Həsənovu Şəki şəhər xəstəxanasına yerləşdiriblər.

"Şəki Şəhər Məhkəməsinin qərarı ilə Samir Həsənova 15 sutka həbs cəzası verilib. Həbsin səbəbi açıqlanmır."

"Azadlıq": Zaqatalada canavarlar kəndə hücum edib

Ötən gün səhər saatlarında Zaqatalanın Qandax kəndinə canavar hücumu olub, Azaqlıq qəzeti yazır.

Ev sahibi Əsgərov Akif Şəmsun oğlunun verdiyi xəbərə görə, həyətindəki tövləyə daxil olan yırtıcılar, 42 baş qoyundan 18-ni parçalayıb, 9-na xəsarət yetiriblər.

Hadisə yerinə Dövlət Baytarlıq Xidmətinin əməkdaşları gəlib, dezinfeksiya işləri aparılıb. Tələf olan qoyunlar dərmanlanaraq basdırılıb, məqalədə deyilir.

"Azərbaycan": Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində baş verən zəlzələnin gücü 3,5 ball təşkil edib.
Şəklin alt yazısı, Xəzər dənizində baş verən zəlzələnin gücü 3,5 ball təşkil edib.

Mayın 29-u səhər saatlarında Xəzər dənizində zəlzələ baş verib.

"AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 07:45-də qeydə alınıb. Zəlzələ 3,5 ball gücündə olub.

Zəlzələnin episentri 46 km dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss edilməyib."

"Yeni Müsavat": "Rusiya Azərbaycan qazının Avropanın cənubuna nəqli ilə barışıb"

"Rusiya prezidenti Vladimir Putinin Azərbaycan qazını Avropa bazarına çıxarmaq üçün nəzərdə tutulan Cənub Qaz Dəhlizinin ikinci hissəsinin-Transadriatik Qaz Kəmərinin təməlinin qoyulmasından cəmi 10 gün sonra Yunanıstana etdiyi rəsmi səfər aşağıdakı nəticəni ortaya çıxarıb: Rusiya Cənub Qaz Dəhlizini əngəllmək cəhdlərini dayandırır və Azərbaycan qazının Avropanın cənubuna nəqli ilə barışıb."

Qəzet yazır ki, səfər zamanı TAP-a alternativ hesab edilən İTGİ Poseidon qaz kəməri layihəsinin həyata keçiriləcəyinə dair heç bir bəyanat səslənməyib. "Putin bildirib ki, Rusiya Avropa bazarına qaz ixracını genişləndirmək üçün əsas stavkanı Baltik dənizinin dibindən keçən “Şimal axını-II” qaz kəməri layihəsinin həyata keçirilməsinə yönəldəcək".

İTGİ Poseidon qaz kəməri layihəsi hələ 2003-cü ildə irəli sürülmüşdü, yazır qəzet.

Qazın Yunanıstanın şimal-şərqindən İtaliyanın cənubuna nəql etməyi nəzərdə tuturdu, yəni marşrut eynilə TAP-ı təkrarlayırdı. Bu ilin əvvəllərində Bakıda Cənub Qaz Dəhlizində iştirak edən ölkələrin nazirlərinin ikinci işgüzar toplantısının keçirildiyi gün prezident Vladimir Putin “Qazprom” rəhbəri Aleksey Milleri Kremlə çağırdı və onunla söhbətdə İTGİ Poseidon layihəsinə dair Yunanıstan və İtaliya ilə əldə edilmiş ilkin razılaşmanın əhəmiyyətini vurğuladı.

Və tamamilə aydın idi ki, Rusiya “Qazprom”un Avropa bazarında inhisarçı mövqeyini zəiflədəcək TAP layihəsinin həyata keçirilməsindən heç də məmnun deyil və alternativ layihələr irəli sürməklə Avropanın cənubundakı mövqelərini qoruyub saxlamaq istəyir. Putinin mayın 27-də axşam Yunanıstan baş naziri Aleksis Tsiprasla keçirdiyi mətbuat konfransında energetika sahəsində ikitərəfli əməkdaşlığa dair formal bəyanatlar səslənib, ancaq İTGİ Poseidon layihəsinə dair memorandumun reallaşmasına yönəlmiş heç bir razılaşma açıqlanmayıb, məqalədə deyilir.