Səyahət bloqu: Asiya ölkələrini sevən Nərminənin xatirə və məsləhətləri

Nərminə Əhmədova
Şəklin alt yazısı, "Mənim üçün şəhərin, ölkənin ruhu çox vacibdir", Nərminə deyir
    • Müəllif, Günel Səfər
    • Vəzifə, BBC Azərbaycanca, Bakı
  • Çap edildi

Səyahət dedikdə bir çox insanın ağlına Avropanın qədim və inkişaf etmiş şəhərləri gəlir. 26 yaşlı Nərminə isə Asiya ölkələrini gəzməyi seçib.

Bu addımını Asiya mədəniyyətinə vurğunluğu ilə izah edən Nərminə ötən ilin dekabrında altı cənub şərqi Asiya ölkəsində 3 aydan çox vaxt keçirib, onların mədəniyyətiləri ilə tanış olub.

Ən böyük arzusu Yaponiyanı görmək olan Nərminə deyir ki, o ölkə çox bahalı olduğundan Asiya səyahətinə Nepal, Tailand, Kambocca, Vietnam, Malaziya və İndoneziya kimi ölkələrdən başlayıb.

Uşaqlıq arzusu

Nərminə Əhmədova Azərbaycan Dillər Universitetinin məzunudur. Hazırda Minskdə yaşayır və ABŞ-da yaşayan həyat yoldaşının yanına köçmək üçün hazırlaşır.

O, cənub şərqi Asiya ölkələrindən əvvəl turist kimi Norveç, İsveç, Danimarka, Latviya və Estoniya kimi Avropa ölkələrində və Kanar adalarında olduğunu deyir.

O, Avropada ən çox görmək istədiyi ölkənin İslandiya oldugunu da əlavə edir.

Nərminə bildirir ki, səhayət etmək onun uşaqlıq arzusu olub və o zamanlar İspaniyanı görmək üçün can atıb.

"Balaca vaxtı futbola azarkeşlik edirdim, İspaniyaya da ona görə getmək istəyirdim. İspaniya mənim üçün nağıl ölkəsi idi", deyən müsahibimiz illər keçdikcə bu arzusunun dəyişdiyini də əlavə edir.

O, Yaponiyanı görmək arzusu ilə yaşasa da, ora turist kimi getmək istəmədiyini qeyd edir.

"Yaponiya mədəniyyətini çox sevirəm. Orda uzun müddət yaşayıb o mədəniyyəti hiss etmək istəyirəm. Mənim üçün şəhərin, ölkənin ruhu çox vacibdir. Yaponiyanın ruhunu duymaq istəyirəm", Nərminə deyir.

Onun sözlərinə görə, cənub şərqi Asiya ölkələrinə səyahət etmək də bu vurğunluqdan irəli gəlib. Cənubi Koreya və Yaponiya çox bahalı ölkələr olduğu üçün, o, digər, daha ucuz Asiya ölkələrinə səfər etməyə qərar verib.

Turist yox, səyahətçi

Nərminə deyir ki, səyahətçi və turist bir birindən fərqlənir və əlavə edir ki, Asiyada turist yox, səyahətçi olub.

Tailand
Şəklin alt yazısı, "Tailand ucuzdur, ancaq adi bir şəlaləyə baxmaq üçün də pul istənilməyini ancaq bu ölkədə gördüm"

"Avropa ölkələrində olanda heç vaxt avropalı ilə dostlaşmamışam, ölkələrinin mədəniyyətini onların dilindən eşitməmişəm. Asiyaya səyahətçi kimi getdim və hətta avropalıları da Asiyada tanıdım", o deyir.

Müsahibim qeyd edir ki, Asiya və Avropa mədəniyyətləri arasında "kolossal fərq" var. Nərminə cənub şərqi Asiya ölkələrinə səyahətini Nepaldan başlayıb. Nepal onun ən çox qaldığı Asiya ölkəsi olub - o, burda 28 gün keçirib. O, Nepala sırf Himalay dağlarına görə getdiyini də deyir.

"Dağları çox sevirəm. Çox sevdiyim bir ifadə var, "bir dağdan gözəl, ancaq fəth etmədiyin digər dağdır". Nepalı ona görə seçdim", o bildirir.

Təbiəti gözəl olan amma işıqsız Nepal

Onun sözlərinə görə, Nepal üçün vizanı ölkəyə daxil olarkən əldə etmək mümkündür. Qiyməti isə 40 dollardır.

Müsahibimiz deyir ki, Nepalda ilk dəfə Azərbaycanın inkişaf etmiş ölkə olduğunu hesab edib.

"Paytaxtda 11 saat işıq olmur. İsti su tapsan sevinirsən. Katmandu çox tozlu idi. Gözəl məbədləri var, amma turistlərin rahatlığı nəzərə alınmayıb. Avtobuslarda çox sıxlıq olur. Himalay dağlarına görə də burda turizm yüksək səviyyədədir. Amma çox narahatlıqdır", o bildirir.

Nərminə Nepalda paytaxtdan başqa Pokhara və BesiSahar-da olub. Annapurna Circuit Campi-nın ən yüksək zirvəsi olan Throng La Pass-ı fəth edib.

Doqquz günə 5416 m-lik zirvəyə çıxmış müsahibmiz, fiziki hazırlığının yaxşı olduğu üçün bu nəliyyəti əldə etdiyini qeyd edir.

"Hər gün velosiped sürürəm və 10 kilometr qaçıram. O zirvəyə çıxmaq fiziki hazırlığı olmayanlar üçün daha çox günə başa gələcək ", o deyir.

Nərminə Nepalda cəmi 700 dollar pul xərclədiyini də əlavə edir.

Marağı olanlar üçün Nərminə banci campinqi məsləhət görür. Dünyada hündürülyünə görə 3-cü olan banci campinq məhz Nepaldadır.

"Ruhu hiss edilməyən" Malaziya

Onun növbəti dayanacağı Malaziya olub. Burada bir həftə vaxt keçirən Nərminə Kuala Lumpuru çox da bəyənməyib.

O deyir ki, Azərbaycan vətəndaşları üçün Malaziyada 1 aylıq viza lazım deyil. Burada yalnız paytaxtda olan Nərminə bu ölkə haqqında fərqli düşüncəyə sahibdir. O, paytaxtın gözəl olduğunu desə də, buranı "süni şəhər" adlandırır.

Ömründə heç vaxt göydələn görmədiyini deyən müsahibimiz Kuala Lumpurdakı göydələnlərdən söhbət açır. O, şəhərdə sürətli qatarlar, geniş parkların olduğunu vurğulasa da "şəhərin ruhunu" duymadığını qeyd edir.

Kambocca, Ankgor Wat
Şəklin alt yazısı, Nərmənə Kamboccaya əsasən Ankgor Wat məbədlər kompleksini görmək üçün gəldiyini deyir
Kuala Lumpur
Şəklin alt yazısı, Nərminə Kuala Lumpuru "süni şəhər" adlandırır

"Çox süni görünür. Elə bil bir sivilizasiya bu binaları tikib, sonra başqaları gəlib yaşamağa başlayıb", deyən Nərminə şəhərdə ən çox Kuala Lumpur Tower-i bəyəndiyini deyir.

"Gecə ordan şəhərə baxanda, evlərdən işıqlar azaldıqca dünyanın şar formasinda olduğunu hiss edirsən", Nərminə gördüklərini belə ifadə edir.

Nərminə bu ölkədə qiymətlərin ucuzluğundan da danışaraq, 5-6 dollara hosteldə qalmağın mümkün olduğunu da əlavə edir.

Bol turisti olan Tailand və Kambocca

Malaziyadan Tailanda yollanan müsahibimiz burda 2 həftə vaxt keçirib. O, Tailanda viza üçün şəkil, passport, bilet və otel bronu haqda sənədlərin və 35 dolların lazım olduğunu da qeyd edir. Nərminə Tailanda vizanı Malaziyadan alıb.

O, burda paytaxt Bankokdan başqa, Koh Chang adası və Kanchanaburi-də də olduğunu əlavə edir.

Nərminə müşahidələrinə əsasən, tailandlıların turistlərdən çox yorulduğunu deyir. O, burda görmək istədiyi hər şey üçün pul tələb edildiyini də bildirir.

"Tailandın demək olar ki, hər nöqtəsi turistikdir. Ucuzdur, ancaq adi bir şəlaləyə baxmaq üçün də pul istənilməyini ancaq bu ölkədə gördüm", deyən müsahibmiz bu ölkənin təbiətini çox sevdiyini də əlavə edir.

Tailanddan Kamboccaya yollanan Nərminə burada 1 həftə vaxt keçirib. O, ölkəyə daxil olarkən viza əldə etmək mümkün olduğunu deyir və Kamboccada əsasən Ankgor Wat məbədlər kompleksini görmək üçün gəldiyini qeyd edir. Angkor Wat "Lara Kroft: Sərdabələr oğrusu" filminin çəkilişlərinin aparıldığı məbədlər kompleksidir.

Nərminə bu məkanda gün batımını izləməkdən böyük zövq aldığını bildirir. O, bu mənzərəni "nəhəng ağaclar düz məbədlərin üzərindən səməya ucalırdı və sanki təbiət insanın yaratdıqlarını udurdu", deyərək təsvir edir.

Həmçinin baxın:

  • <link type="page"><caption> National Geographic foto müsabiqəsində diqqət çəkən fotolar</caption><url href="http://www.bbc.com/azeri/international/2016/05/160527_trains_elephants_ng.shtml" platform="highweb"/></link>
  • <link type="page"><caption> Səyahət bloqu: Bəlkə dağa çıxaq?</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2016/03/160131_travel_blog_5.shtml" platform="highweb"/></link>
  • <link type="page"><caption> Səyahət bloqu: Tək səyahət qorxuludur?</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2016/01/160106_travel_blog_3.shtml" platform="highweb"/></link>
  • <link type="page"><caption> Səyahət bloqu: İkiqat qənaətin yolları</caption><url href="http://www.bbc.com/azeri/blogs/2016/01/160124_travel_blog_4.shtml" platform="highweb"/></link>

Nərminənin sevimli ölkəsi: Vietnam

Sonrakı dayancağı Vietnamı isə Nərminə "aşiq olduğu ölkə" adlandırır. Vietnama viza lazımdır və xərci cəmi 25 dollardır.

Vietnamda 18 gün keçirən müsahibimiz burada Ho Chi Min, Danang, Hoi An, Hanoi, Halong Bay, Sapa, Ninh Binh kimi yerləri gəzdiyini deyir.

Vietnam
Şəklin alt yazısı, Vietnamı Nərminə "aşiq olduğu ölkə" adlandırır

Nərminə cənub şərqi Asiya ölkələrindən danışarkən onların hamısında motosikletin çox istifadə olunmasından bəhs edir. Bəzən bir motosikletdə 4 nəfərəin getdiyini görən müsahibimiz, bu halın onu çox təəccübləndirdiyini qeyd edir.

O, özünün də səyahətinin yarısından çoxunun motosiklet üstündə keçdiyini əlavə edir.

Vietnamı "xüsusi" adlandıran Nərminə, ölkənin təbiətini, insanlarını, qidasını və ümumilikdə ruhunu sevməsindən danışır.

O, Vietnamda çox kofe içildiyini deyir və burada olan hər kəsi yumurtalı kofenin dadına baxmağa çağırır.

"Asiya ölkələri çox ucuzdu, amma Vietnam onlardan ən ucuzu idi. Bu ölkə Çinin qonşusudur, amma yeganə olduğum Asiya ölkəsidir ki, burada Chinatown [Çin şəhərciyi] yoxdur. Buranın insanlarında milliyyətçilik görmədim, amma xüsusi qürür gördüm", o izah edir.

"Burada qalmaq üçün 18 gün çox azdır".

Dadlı yeməkləri olan İndoneziya

Nərminənin cənub şərqi Asiya ölkələrinə səyahəti İndoneziyada başa çatıb. Azərbaycan vətəndaşlarına 1 aylıq viza tələb etməyən bu ölkədə Nərminə ən çox küçədə satılan qidaları sevdiyini deyir.

"22 gündə 3 kiloqram kökəldim", Nərminə gülür.

İndoneziyanın gözəl təbiətindən söhbət açan Nərminə burada Jakarta şəhərində, Bali, Flores və şimali Sulawesi adalarında olub. O bu ölkənin digərlərinə nisbətən bir az bahalı olduğunu da əlavə edir və insanlarının çox qayğılı və mehriban olmasından bəhs edir.

Nərminə deyir ki, 2015-ci ilin dekabrın 22-də başladığı səyahətinə bu ilin aprelin 2-də yekun vurub. O, yenidən Vietnama qayıtmaq istədiyini, gələcəkdə İndoneziyanı daha yaxşı gəzməyi və Fillipini görmək istədiyini qeyd edir.

Səyahət arzusunda olan insanlara isə bunu demək istəyir: "Şəkillərdə baxdığınız mənzərələr, əslində daha gözəldir və heç bir arzu əlçatmaz deyil".