Mətbuat icmalı: Aİ Şərq tərəfdaşlığını "geosiyasi oyun kimi görmür"

Çap edildi

"Azadlıq": AZAL-ın dövlət zəmanətli borcu 650 milyon manatı üstələyib

Maliyyə naziri Samir Şərifov bildirib ki, “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin dövlət zəmanətli borclarının ümumi həcmi 650 milyon manatdan artıqdır.

“Bu vəsaitlər yeni təyyarələrin alınması və digər məqsədlərə istifadə olunmalıdır. Həmin təyyarələrdən səmərəli istifadə etmək, şirkətin gəlirliyinin artırılmasına şirkət tərəfindən üstünlük verilməlidir," deyə S.Şərifov qeyd edib.

"Azadlıq": "The Washington Post" Trumpın Azərbaycandakı biznesi barədə yazıb

""The Washington Post" qəzeti Bakıda tikintisi yarımçıq qalmış "Trump Tower" barədə məqalə dərc edib.

...Layihəyə pul xərcləməyən Donald Trump adından istifadə hüququnun satışından və mülkiyyətə idarəçilik müqaviləsindən milyonlar qazanıb. 2014-cü ilin yanvarından 2015-ci ilin iyulunadək Trump bu layihədən 2.5 milyon dollar gəlir, menecment haqqı kimi isə 323 min dollar əldə edib. Bunu prezidentliyə iddialı maliyyə bəyannaməsində qeyd edir.

... Müəllif yazır ki, hazırda əraziyə iki mühafizəçi və mürgü döyən biri baxır. Ətrafı ot-ələf basıb. «TRUMP» yazılmış böyük qlobusun yerləşdiyi fəvvarə isə qum və zibillə doludur.

Binada divarlardan asılı qalmış naqillər yellənir, elektrik və işıq yoxdur. Lobbidə katibə masası, demək olar, hazırdır. Elə ikinci mərtəbədə üzgüçülük hovuzunda çatışmayan da bircə sudur."

"...Neft ölkəsi olan Azərbaycanda Trump 35 yaşlı milyarder Anar Məmmədovla tərəfdaşlıq edib. Onun ailəsi hakim rejimin bir hissəsidir, ABŞ Dövlət Departamenti və digərləri bu rejimin köklü korrupsiya və insan haqları pozuntuları içində üzdüyünü bildirir.

Bunu araşdırmaçı jurnalistlər üzə çıxarıb… Əliyev rejiminin tənqidçiləri deyirlər ki, Məmmədovun Trump layihəsindəki roluna hökumət dəstək verib və gələcəkdə bu layihənin uğuru hökumət rəsmiləri ilə yaxşı münasibətlərin qurulmasından asılıdır."

Bakıda tikintisi yarımçıq qalmış "Trump Tower" barədə məqalə "The Washington Post" qəzetində dərc olunub.
Şəklin alt yazısı, Bakıda tikintisi yarımçıq qalmış "Trump Tower" barədə məqalə "The Washington Post" qəzetində dərc olunub.

... Müəllif yazır ki, AzadlıqRadiosunun araşdırmaları Məmmədovun atasının nazirliyi ilə kontraktlardan 1 milyarddan artıq qazanc əldə etdiyini üzə çıxarıb.

AzadlıqRadiosunun araşdırmaçı jurnalisti Xədicə İsmayılovanın saxta ittihamlarla həbsə atıldığı və yalnız ötən həftə buraxıldığı da vurğulanır. Anar Məmmədovun sərvətinin mənbələrinə dair suallara gəlincə, Trumpın baş müşaviri Alan Garten deyib ki, bütün bu məlumatlar razılaşma imzalanandan sonra ortaya çıxıb.

Ancaq Azərbaycan rəsmiləri korrupsiya iddialarını təkzib edir. «Azərbaycan inkişafa doğru düzgün yol tutub, gələcəyə baxırıq», - Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev belə deyir. «Geosiyasi baxımdan çətin bir mövqedə yerləşən, əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan, sözün əsl mənasında, sülh və sabitlik adası yarada bilib».

Məqalədə daha sonra Məmmədovların Azərbaycanda ən varlı ailələrdən biri olmasından, Anar Məmmədovun təsisçisi olduğu Azərbaycan Amerika Alyansının fəaliyyətindən söz açılır. Anonim danışan bir nəfər Məmmədovun ölkəsində xeyriyyə işlərini gördüyünü vurğulayır, onun çox parlaq birisi olduğunu deyir. Alyans isə dörd il ərzində Vaşinqtonda qala yeməklərlə birlikdə lobbiçilik işlərinə 12 milyon dollardan çox pul xərcləyib.

"Yazıda Azərbaycanın onillər boyunca Əliyevlər ailəsi tərəfindən idarə olunmasından, ölkədə insan haqlarının, söz azadlığının acınacaqlı durumundan söz açılır. Prezidentin illik məvacibinin 200 min dollar olmasına baxmayaraq, özünün və ailə üzvlərinin dünyanın müxtəlif yerlərində mal-mülkə yiyələndiyi vurğulanır."

"Azərbaycan": Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası Azərbaycana indiyədək 130 milyon dollar ayırıb

İqtisadiyyat naziri Şahin Mustafayevin Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının baş icraçı direktoru Xalid Məhəmməd əl Əbudi ilə görüşündə qeyd edilib ki, İslam İnkişaf Bankı (İİB) Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası tərəfindən Azərbaycanda indiyədək, əsasən, banklara və özəl şirkətlərə birbaşa kredit xəttinin açılması, səhm kapitalında iştirak olmaqla 14 layihənin həyata keçirilməsinə 130 milyon dollar ayrılıb.

"Görüşdə korporasiyanın Azərbaycan İnvestisiya Şirkətinin də təsisçisi olduğu “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” QSC-nin fəaliyyəti müzakirə edilib, yeni layihələrin nəzərdə tutulduğu vurğulanıb. Korporasiya ilə Azərbaycan arasında əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur. Əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bildirən nazir Şahin Mustafayev sənaye və kənd təsərrüfatı sahəsinə, o cümlədən sənaye parkları və məhəllələrinin yaradılması kimi prioritet sahələrə investisiya qoyuluşunu, özəl sektora maliyyə dəstəyinin genişləndirilməsini diqqətə çatdırıb.

İslam İnkişaf Bankı Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının nümayəndələri səfər çərçivəsində Sumqayıt Kimya Sənaye Parkı və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə tanış olacaqlar."

"Azərbaycan": Azərbaycan pilotları “Anadolu Qartalı – 2016” beynəlxalq təlimində iştirak edirlər

 Təlimlərdə quru qoşunları, hərbi hava və hərbi dəniz qüvvələri bölmələri iştirak edir. ( Şəkil - Arxiv)
Şəklin alt yazısı, Təlimlərdə quru qoşunları, hərbi hava və hərbi dəniz qüvvələri bölmələri iştirak edir. ( Şəkil - Arxiv)

"Türkiyə Respublikasının Konya şəhərində “Anadolu Qartalı – 2016” beynəlxalq təlimi keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mayın 30-dan başlayan təlimlərdə 7 ölkənin (Türkiyə, Azərbaycan, Avstraliya, Niderland, İtaliya, Pakistan və Səudiyyə Ərəbistanı) quru qoşunları, hərbi hava və hərbi dəniz qüvvələri bölmələri, o cümlədən NATO qərargahının nümayəndələri iştirak edirlər. Azərbaycan təlimlərdə Hərbi Hava Qüvvələrinin 3 pilotu ilə təmsil olunur.

Plana uyğun olaraq, real müharibə şəraitinə yaxın təşkil edilən təlimdə iştirakçıların bilik və bacarıqlarının səviyyəsi yoxlanılacaq, eləcə də təcrübə mübadiləsi həyata keçiriləcək.

Təlim iyunun 10-dək davam edəcək."

"Yeni Müsavat": İsveçin Azərbaycandakı səfiri: "Avropa İttifaqı “Şərq tərəfdaşlığı”nı geosiyasi oyun kimi görmür"

Qəzet İsveç Krallığının Azərbaycandakı səfiri İnqrid Tersmanın APA-ya veridyi müsahibəni dərc edib. "Hazırda bizim səfirlik səviyyəsində daimi təmsilçiliyimiz mövcuddur. ...Mən iqamətgahı Stokholmda olan səfirəm, lakin bura tez-tez gəlirəm. ...Düşünürəm ki, geriyə baxmalı və “Şərq tərəfdaşlığı”nın nə vaxt və nə üçün yaradıldığını xatırlamalıyıq. Avropa İttifaqı əlbəttə, qonşuluğunda stabillik, demokratiya və iqtisadi çiçəklənmənin olmasında çox maraqlıdır. Həmçinin, qonşuluğumuzda olan ölkələrin uzun illərdir bu layihədə nəzərdə tutulduğu kimi, demokratiya və iqtisadi çiçəklənmə kimi sahələrdə yaxın əlaqələr qurmaq istəklərini də qeyd etməliyik.

...Aİ-nin “Şərq tərəfdaşları”na verdiyi sıx siyasi assosiasiya və iqtisadi inteqrasiyanı özündə birləşdirən təklifin doğrudan çox yaxşı təklif olduğuna inanıram. Bu cür münasibət qarşılıqlı məsuliyyət tələb edir və yaxın tərəfdaşlıq arzusunda olan ölkələr üçün islahatlar keçirilməsi mənasına gəlir. İslahatlar və böyük ehtiyaclarla bağlı yaranan çağırışları nəzərə alaraq, Avropa İttifaqı bu islahatları, keçid prosesini dəstəkləmək, demokratiyanı gücləndirmək və rəqabətlilik yaratmaq üçün əhəmiyyətli yardım paketləri təklif edib. Həmçinin, İsveç də daxil olmaqla, Avropa İttifaqı ölkələri islahatlarla bağlı yardım proqramları təklif ediblər. Mən 5 il Moldovada səfir olmuşam və İsveç bu islahatlar prosesində ölkəni dəstəkləyən ən böyük donorlardan biri olub. Bu islahatlardan bəzisi çətindir, zaman, siyasi uzaqgörənlik və cəsarət tələb edir.

Aİ 500 milyonluq istehlakçısı olan dünyanın ən iri daxili bazarıdır və bizim bazardakı standartlar təkcə Avropa deyil, həm də beynəlxalq standartlara cavab verir. Aİ bazarı iqtisadi inkişaf və konkret iqtisadi münasibətlər üçün imkanlar açan cəlbedici bazardır. Əgər bir ölkə yaxın siyasi assosiasiya və iqtisadi inteqrasiya istəyirsə, o zaman özümüz üçün yaratdığımız standartlar və qaydalar birliyə daxil olmaq istəyənlərə münasibətdə də tətbiq edilməlidir.

Deməliyəm ki, Aİ-nin təklifi yaxşı təklifdir və yenə də qüvvədədir. Bizim "Şərq tərəfdaşlığı"na yanaşmamız həmişə şəffaf olub və tərəfdaşlarımız tərəfindən ifadə edilən maraq və ehtiyaclara əsaslanıb. Avropa İttifaqı “Şərq tərəfdaşlığı”nı geosiyasi oyun kimi görmür, əksinə biz hamı üçün faydalı olan stabil, çiçəklənən bölgə yaradılmasını istəyirik." Səfir ortaq humanitar layihələr barədə suala belə cavab verib:

"Biz BMT-nin ən iri donor ölkələrindən biriyik. Beləliklə, əgər burada BMT-nin qaçqınlarla bağlı proqramları həyata keçirilirsə, onda pulun böyük qismi İsveçdən gəlir. Hazırda ikitərəfli layihələrimiz mövcud deyil və səfirliyin də mədəni məsələlər üçün kiçik büdcəsi var. Lakin biz zaman-zaman əlavə maliyyə üçün müraciət edə bilərik. Biz bunu davam etdirəcəyik. Düşünürəm ki, ortaq əməkdaşlıq edə biləcəyimiz sahələr var."