Mətbuat icmalı: “Repressiyalara görə məmurlara sanksiya tətbiq olunmalıdır”

Şəklin mənbəyi, Getty
"Azadlıq": “Azərbaycanda repressiyalara görə məmurlara sanksiya tətbiq olunmalıdır”
“Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatları Layihəsi”nin saytında Azərbaycandakı siyasi məhbuslar, o cümlədən həbsdəki jurnalist və bloggerlərdən bəhs edən geniş material yayımlanıb. Qəzet “Azərbaycanda Xədicə Ismayılova azadlığa buraxılandan sonra da jurnalistlər, bloggerlər, çoxsaylı fərqli fikirli adamlar həbsdə saxlanılır” başlıqlı məqaləni oxucularının diqqətinə çatdırıb.
Yazıda deyilir: "Azərbaycanda jurnalist Xədicə Ismayılova 537 günlük həbsdən sonra azadlığa buraxılıb, dünya mediasının suallarını cavablandırdığı gün başqa iki nəfər azərbaycanlı blogger və fotojurnalist həbs olundu. Ən azı, daha dörd jurnalist, foto-müxbir, beş blogger və ümumilikdə 70-dən artıq siyasi məhbus həbsdə saxlanılmaqda davam edir.
...Xədicə Ismayılovanın həbsi ABŞ Konqresində Azərbaycan prezidenti də daxil olmaqla, bu ölkədə hökumət üzvlərinə qarşı sanksiyalar, o cümlədən viza qadağası nəzərdə tutan “Demokratiya Aktı-2015″ adlı qanun layihəsinin ortaya çıxmasına səbəb olub. Hüquq müdafiə təşkilatları Azərbaycanda insan haqları sahəsində vəziyyət düzələnə qədər bu aktın qəbulunda israr edirlər.
...Xədicə Ismayılova deyir ki, bu, siyasi məhbuslar məsələsində türmə qapılarının fırlanması anlamına gəlir: “Bir nəfəri buraxıb, əvəzində ikisini tuturlar”. ...ABŞ-ın Bakıdakı səfirliyinin diplomatı olmuş, hazırda isə “Insan hüquqları naminə idman!” koalisiyasının koordinatoru Rebekka Vinsent deyir ki, Azərbaycanda hökuməti tənqid etdiyinə görə həbsxanaya salınan jurnalist, blogger və digər fəalların dəqiq sayı məlum deyil: “Bunu eləmək elə də asan məsələ deyil. Çünki Azərbaycanda siyasi məhbus siyahılarını hazırlayan hüquq müdafiəçilərinin özlərini həbs elədilər. Mənim əldə etdiyim məlumata görə, hazırda Azərbaycanda siyasi məhbusların sayı 70-dən artıqdır”.
Rebekka Vinsent deyir ki, Xədicənin ... azadlıqda olması çox yaxşı haldır, amma bu ölkədə insan haqları ilə bağlı görüləsi işlər həddindən artıq çoxdur: “Biz Azərbaycandakı bütün jurnalistlərin, bloggerlərin və digər siyasi məhbusların dərhal, qeyd-şərtsiz azadlığa buraxılması üçün çağırışlar etməliyik. Həmçinin bu ölkədəki sistem probleminin həllinə çalışmalıyıq. Çünki siyasi məhbus problemi bu ölkədə ümumi problemlərin simptomudur. Bu həm də ölkədə qanunun aliliyinin olmamasının göstəricisidir. Eyni zamanda, ölkədəki rejimin bu problemi həll etmək üçün siyasi iradəsinin olmadığını sübut edir”.
Xanım Vinsentin fikrincə, Azərbaycan hökumətinin bu özbaşınalının qarşısının alınması üçün lazımi addımlardan biri bu ölkədə insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan ayrı-ayrı dövlət məmurlarına qarşı sanksiyaların tətbiqidir."
"Azərbaycan": Qarsda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimi keçirilir

"Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, Qarsda iki ölkənin Silahlı Qüvvələrinin iştirakı ilə təlim başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimə ilk dəfə olaraq müşahidəçi qismində Gürcüstan Silahlı Qüvvələrinin nümayəndələri də qatılıblar.
Təxminən 1200-dən çox şəxsi heyətin iştirakı ilə keçirilən döyüş atışlı taktiki təlimin əsas məqsədi Silahlı Qüvvələr arasında təcrübə mübadiləsini reallaşdırmaqla qarşılıqlı əlaqələri inkişaf etdirmək, qərargahlarda müştərək planlaşdırma fəaliyyətlərini yoxlamaq, hərbi bölmələrin hazırlığını və əməliyyatları icra etmək qabiliyyətini yüksəltməklə onların uyarlılığına nail olmaqdır."
"Azərbaycan": Mərkəzi Elmi Kitabxanada saxlanılan qədim kitabların təqdimatı olub
"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) bu elmi qurumda saxlanılan ən qədim kitabların təqdimatı olub. ...MEK-in direktoru Leyla İmanova hər həftə burada kitab təqdimatlarının keçirildiyini söyləyib. O, gələcəkdə Azərbaycana aid olan qədim kitabların təqdimatlarının təşkil edilməsinin mümkünlüyünü vurğulayıb. Tədbirdə ilk yazı nümunələri, 1 milyon 330 mindən çox informasiya resursuna sahib olan MEK və ümumilikdə Azərbaycanda mövcud olan on ən qədim kitab barədə məlumat verilib.
Çıxış edənlər belə unikal kitabların rəqəmsallaşdırılmasını və kitabxanaçılıqla bağlı araşdırmaların MEK-in mütəxəssisləri tərəfindən aparılmasını, qədim kitabların təqdimatının keçirilməsini yüksək dəyərləndiriblər."
"Azərbaycan": Almaniya parlamentində “erməni soyqırımı ilə bağlı qətnamə qərəzlidir"

Şəklin mənbəyi, Getty
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev öz açıqlamasında deyib ki, "iyunun 2-də Almaniya parlamentində qondarma “erməni soyqırımı” ilə bağlı qəbul edilmiş qətnaməni qərəzli və qeyri-obyektiv" hesab edirik. Tarixin saxtalaşdırılması və onun siyasi məqsədlər üçün istifadə edilməsi qəbuledilməzdir.
Açıqlamada bildirilir ki, "Almaniya parlamentinin Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına, Ermənistan ərazisində tarixi torpaqlarında və işğal olunmuş Azərbaycan ərazilərində bir milyondan artıq azərbaycanlıya qarşı Ermənistan tərəfindən törədilmiş qanlı etnik təmizləməyə, o cümlədən Xocalı soyqırımına etinasız qaldığı halda, 101 il əvvəl baş verdiyi iddia edilən “erməni soyqırımı” kimi saxtalaşdırılmış tarixi məsələyə dair birtərəfli qaydada qətnamə qəbul etməsi və ona dair mühakimələr yürütməsi ikili standartların bariz nümunəsidir. Bu tarixi saxtakarlıq faktına parlament səviyyəsində münasibətin bildirilməsi Almaniya cəmiyyətinin və beynəlxalq ictimaiyyətin çaşdırılmasına xidmət edir."
"Yeni Müsavat": İlham Əliyev xaricdə yaşayan azərbaycanlıları Azərbaycana sərmayə qoymağa çağırıb
"Dünya Azərbaycanlılarının 4-cü qurultaylnda çıxış edən prezident İlham Əliyev xaricdə yaşayan zəngin, bizneslə məşğul olan soydaşlarımızı Azərbaycana sərmayə qoymağa çağırıb. O deyib ki, son illərdə Azərbaycana 200 milyard dollar sərmayə qoyulub. Onun yarısı xaricdən qoyulub. Bu da ölkəmizdə biznes mühitinin sağlam olmasınım göstəricisidir.
Prezident deyib ki, xaricdəki azərbaycanlılar hər il, heç olmasa bir dəfə ailələri ilə Azərbaycana gəlməyə çalışmalıdırıar.
"Bu, həm vətənlə əlaqələrin qırılmaması üçün vacibdir, həm də ölkəmizə faydalıdır. Azərbaycanın hər cür turizm təsisləri var, istirahət üçün infrastrukturlar mövcuddir. Qoy hər kəs öz ailəsi ilə istirahətini vətənində keçirtsin."
























