Stefan Schennach: hər 10 nəfərin 9-u seçkinin keçirilmə səbəbini bilmədi

Şəklin mənbəyi, Iqbal Agazade
90 saylı Ağdaş rayon seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkidə namizəd olan Ümid Partiyasının sədri İqbal Ağazadə seçkilərin qeyri-obyektiv keçdiyini iddia edir.
"Səsvermə otağından kənarda çox qanun pozuntuları edib də seçki otağında qanunu təmin etmək, bu seçki deyil. Seçkinin prinsipləri var və onlar bütövlükdə riayət olunmalıdır", partiya sədri əlavə edir.
Beynəlxalq müşahidəçilər seçkini ümumilikdə qənaətbəxş hesab etdiklərini desələr də, seçki məcəlləsində islahatların aparılması istəyini dilə gətiriblər.
Mərkəzi Seçki Komissiyası bəyan edir ki, istər səsvermənin təşkili, istərsə də keçirilməsi zamanı həm yerli, həm də beynəlxalq müşahidəçilərə kifayət qədər yüksək səviyyədə şərait yaradılıb və komissiyaya seçki pozuntusu ilə bağlı rəsmi olaraq hər hansı şikayət daxil olmayıb.
İyunun 18-i 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçki keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə 85,6 faiz səs çoxluğu ilə Yeni Azərbaycan Partiyasından olan namizəd Cavid Osmanov 7 namizəd arasından qalib seçilib.
"Sonuncu adam"

Şəklin mənbəyi, Getty
Keçmiş namizəd Iqbal Ağazadə deyir ki, seçki günündə icra strukturlarının köməyi ilə fərdi qaydada hər bir adamın seçkiyə daşıma və seçki günü kimə səs vermələri ilə bağlı açıq təbliğat aparılıb.
Buna görə o hesab edir ki, seçkinin ədalətli və tərəflərin hüquqlarını təmin edən bərabər şəraitdə keçirilməsindən "danışmaq mümkün deyil".
"Bizim bununla bağlı çəkilişlərimiz var. Bələdiyyə avtobus maşınlarıyla insanları daşıyır və deyir sonuncu adama səs verəcəksiniz", o əlavə edir.
Bundan əlavə partiya sədri bildirir ki, seçki günü partiyanın 100-ə yaxın müşahidəçisinin seçki məntəqəsinə daxil olması üçün onlara müşahidəçi vəsiqəsi təqdim olunmayıb.
"Biz onların sənədlərini komissiyaya təqdim etmişdik. Onlar da bizə təqdim etməli idilər, amma onlar göndərdilər yerli seçki dairəsinə. Onlar da onu bizə verməli olduğu halda, bizim müşahidə aparmağa yerimiz yoxdur, cəmi 6-7 stuldur deyib müşahidəçi vəsiqələrini vermədilər", İqbal Ağazadə qeyd edir.
Onun sözlərinə görə, bəzi məntəqələrdə onların müşahidəçiləri səs hesablama prosesinə yaxın buraxılmayıb, bəziləri isə məntəqədən polis vasitəsilə çıxarılıb.
Niyə yenidən seçki?

Şəklin mənbəyi, AFP
"Əsasən qadınlar olmaq şərtilə kiçik ağ rəngli avtobuslarda seçki məntəqələrinə seçicilərin gətirildiyini gördük," seçkini müşahidə edən Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Schennach BBC Azərbaycancaya deyib.
"Biz seçici və müşahidəçilərdən soruşduq ki, onlar bu seçki məntəqəsinə niyə gedirlər və niyə yenidən seçki keçirilir. Seçici və müşahidəçilər də daxil olmaqla hər 10 nəfərdən 9-u heç nə bilmədi", beynəlxalq müşahidəçi deyir.
Stefan Schennach qeyd edir ki, Ümid partiyasının müşahidəçiləri ilə yaşanan çətinliklərlə bağlı yerli seçki komissiya üzvləri ilə danışıqlar aparılıb və bəzi məntəqələrdə məhz beynəlxalq müşahidəçilərin müdaxiləsindən sonra məsələ həllini tapıb.
Ümid partiyası da daxil olmaqla yerli və beynəlxalq müşahidəçilərin aktiv iştirakı üçün kifayət qədər şərait yaradılıb, Mərkəzi Seçki Komissiyasının sözçüsü Şahin Əsədli BBC Azərbaycancaya deyib.
"Azad seçki mübarizəsi"
Müşahidəçilərlə yaranan "fərdi anlaşılmazlıqla" bağlı qurum sözçüsü deyib ki, seçki müddətində belə bir hal ortaya çıxmayıb.
O əlavə edib ki, əgər müşahidəçilərin fəaliyyəti komissiyanın işinə və səsvermə prosesinə müdaxilə kimi qiymətləndirə bilirsə belə bir halda məntəqə seçki komissiyası onlara bir daha vəzifələrini xatırladır və qarşılıqlı anlaşma şəraitində proses davam edir.
"Bu azad seçki mübarizəsidir. Siyasi təşkilatlar seçkilərə sərbəst qatılırlar. Bunlar da azad şəkildə bir-birnə qarşı ittihamlar elan edirlər. Amma bu məsələ ilə bağlı komissiyaya heç bir şikayət və ya məlumat daxil olmayıb", Şahin Əsədli seçicilərin avtobuslarla məntəqələrə gətirilməsinə aydınlıq gətirərkən deyib.
Qurum rəsmisi onu da deyib ki, belə bir rəsmi şikayət olacağı halda komissiya bununla bağlı tədbir görəcək.
Mərkəzi Seçki Komissiyası 2015-ci ilin noyabrın 17-də keçirilən iclasında, Ağdaş rayon 90 saylı seçki dairəsində qeydə alınmış deputatlığa namizədlərin müraciəti əsasında dairənin seçki nəticələrini ləğv edib. Həmin dövrdə dairə üzrə lider namizəd dördüncü çağırış Milli Məclisin deputatı, Çingiz Əsədullayev olub.
























