Cavid Ağanın bloqu: Məhəllənin həyatımıza təzyiqi

Bakı
Çap edildi

Türkiyənin ən tanınmış sosioloqlarından olan Şerif Mardin vəfat edib. Şerif Mardin "Mahalle Baskısı" terminini yaratmış adamdır.

İnsanların məhəllədə rahat yaşaya bilməməsinə bənzədərək bu qavramı ortaya atıb. Qısaca desək yaşadığın cəmiyyətin dəyərləri sənin seçimlərinlə üst-üstə gəlmir və sən məhəllə təzyiqinə məruz qalırsan.

Bir misal çəkək - şəhərdə ev tutan gənclərin ən böyük bəlası məhəllə təzyiqidir. Problemin kökü də ev yiyəsində deyil.

Ev yiyəsi evi verəndə mütləq tapşırır ki, qız dost-tanış gətirməyin, səs-küy olmasın, qonşular baxır. Yəni əslində onun vecinə deyil evdə nə edirsən pulunu verdiyin müddətcə amma o da məhəllənin təzyiqindən bezib.

Türkiyədə hətta dünən belə bir hadisə baş verib: Ankaranın Kolej bölgəsində qalan bir ingilis dili müəlliməsinin yaşadığı binanın idarəçisinə qonşular şikayət edib. Səbəb nə olsa yaxşıdır?

Öz evində şortda gəzməyi. Binanın idarəçisi isə sakinə pərdəsini bağlı saxlamağı məsləhət bilib. Xəbər Türkiyənin Cumhuriyyət qəzetində yayımlanıb.

Problem təəssüf ki, Türkiyə ilə sərhədlənmir. Cəmiyyətin dəyərləri bəhanə olunaraq hər bir sahədə fərdin yaşam tərzinə müdaxilə olunur.

Məhəllə təzyiqinin özü elə birbaşa "məhəllə" adlı yaşayış kvartalından başlayır.

Ölkəmizdə bu haqda aparılmış ciddi bir sosioloji araşdırma olmasa da Bakı şəhərindəki müasir məhəllələrin əsasının Çar Rusiyası dövründə qoyulduğunu demək olar.

Müsəlman məhəlləsi, erməni məhəlləsi, yəhudi məhəlləsi kimi adlar qoyulan şəhərin bu hissələri artıq birbaşa öz adından başlayaraq kollektiv nəzarət sistemini formalaşdırırdı. Necə?

Məsələn, "Müsəlman məhəlləsi" - adından da bilindiyi kimi çadrasız qadınlar gəzə bilməz, insanlardan müsəlman qayda-qanununa uyğun yaşamaq gözlənilərdi.

Yaxud erməni məhəlləsində xristian mentalitetindən söhbət gedərdi. Parni iz Bakunun 2003-cü ildə çəkilmiş "Məhəllə" filmi bəlkə də ən gözəl nümunələrdəndir.

Qonşuları qohumlardan üstün görən atalar sözlərimiz, "dişin ağrayır çək qurtar, qonşun pisdir köç qurtar" kimi məsəllərimiz doludur. Nə dişi müalicə etmək təklif olunur nə də qonşu ilə problemi həll etmək.

Hər kəsə nəzarət edən göz

Məhəllə təzyiqi tamamilə bir orqanımızın üstündə qurulub - Göz. Bəli, Azərbaycan cəmiyyəti "göz cəmiyyəti"dir.

Məhəllə təzyiqi artıq məhəllənin xaricinə çıxıb - Azərbaycan özü böyük bir məhəllədir.

Aeroport yolundakı 1 metr qalınlığında binaya bənzəyən divarlar niyə var? - Kasıbların evi görünməsin. Zibilliklər niyə dağ boyda yığılıb qalır? - Əsas odur mərkəzdə görünməsin. Bir az pulu olan niyə qaçıb kreditə bahalı maşın alır? - Deyərlər bu necə vəzifəlidir.

Medalyonun digər üzü isə metropolislərin mərkəzində keçən insan həyatlarıdır.

Fərd azaddır, istədiyini edir, istədiyi yerdə yeyir-içir, istəsə hətta gecə klublarında səhəri açır.

Evinə kiminlə getdiyi, evdə kimlə yaşadığı heç kimə maraqlı deyil. Çünki məhəllə həm də tanışlıq deməkdir. Hamının bir-birini tanımağı mənasına gəlir. Kimsə kiminsə keşiyini çəkməlidir.

Yəhudi əsilli fransız filosof Emmanuel Levinas ilk qatilin Qabil olduğu kimi ilk əxlaqsızın da o olduğunu demişdir.

Allah Qabildən Habilin yerini soruşur, Qabil isə qəzəblə cavab verir: "Məgər mən qardaşımın qarovulçusuyam?!" Dinlərdəki camaat anlayışı buradan gəlir.

Gənclər seçim qarşısında qalır - öz azadlıqlarından əl çəkərək daim "göz" altında, baxılaraq, nəzarət olunaraq, təftiş olunaraq amma daha keyfiyyətli, pula və ya yeməyə ehtiyacı olsa kömək edəcək, dəstək olacaq insanlar ilə yaşamaq yoxsa tək, azad, meqapolisin sərt qanunlarına dözəcək şəkildə, kimsəsiz ayaqları üstə yaşamaq?

Bəlkə də orta yol mövcuddur. Bununla isə sosioloqlarımız məşğul olmalıdır. Mən öz növbəmdə ikincinin tərəfdarıyam.

İnsan azad olmalıdır. Başqasına nəzarət etməməlidir, nəzarət edilməməlidir.

Başqasının göz zövqünü nəzərə alaraq geyinməməli, bəzənməməlidir. Hamının dini özünə olmalıdır.

Məhəllə təzyiqi nədənsə cəmiyyətin əxlaqının qorunma yolunu fərdləri tənzimləməkdə görür. Rüşvəti, ədalətsizliyi, polis zorakılığını isə əxlaqsızlıqdan saymır.