Tacikistanda yeni fitva: hakimiyyətin tənqidi “böyük günah”dır

- Müəllif, Аnora Sarkorova
- Vəzifə, BBC Rus Xidməti, Düşənbə
- Çap edildi
Tacikistan müsəlmanlarının ali dini orqanı olan Tacikistan İslam Mərkəzi yeni fitva verib: hakimiyyəti tənqid etmək “böyük günah” sayılır.
Fitva hakimiyyəti etibardan salan tənqidə, eləcə də hökumətin ünvanına qərəzsiz mülahizəyə yol verən beynəlxalq təşkilat və KİV-lərlə əməkdaşlığa şamil edilir. Allaha sadiq müsəlmanlara onlarla təmasa girmək və ya hər hansı əlaqədə olmaq rəva görülmür.
Bundan başqa, Üləmalar Şurasının həmin qərarında Tacikistan vətəndaşlarının başqa ölkələrdə döyüş əməliyyatında iştirakı qınanır.
“Camaatı hakimiyyəti devrməyə çağırmaq və təhrik etmək, məqsədləri ölkədə durumu sabitsizləşdirmək və milli birliyi şübhə altına qoymaq olan yerli və xarici təşkilat, KİV və partiyalarla əlaqə saxlamaq və əməkdaşlıq etmək böyük günah sayılır. Belə əməllərə qatılanlar Allahın qəzəbinə və o dünyada cəzaya düçar olacaq”, - İslam Mərkəzinin rəsmi qərarında deyilir.
Beləliklə Tacikistan hakimiyyəti artmaqda olan ifratçılıq təsirinə qarşı mübarizə aparır və ölkənin dindarlaşmasının qarşısını almaq istəyir.
Düşənbənin mərkəzi məscidində cümə namazından qabaq minlərlə möminlərə xitabən Tacikistanın baş müftisi Saidmukarram Abdukodirzoda Liviyanın çağdaş tarixini misal gətirib.
“Budur, Liviya xalqı öz öndəri Müəmmar Qəddafiyə qarşı çıxış etdi, və bunun axırı nə oldu? Qəddafinin vaxtında ölkədə minimal əmək haqqı 750 dollar olub, bir dollara 45 litr benzin almaq olardı. Onu devirdikdən sonra Liviyada hərc-mərclik, qarmaqarışıqlıq, nizamsızlıq, ölüm və qanunsuzluq hökm sürür”, - deyə baş müfti bu səhvləri təkrar etməməyə çağırıb.

Ruhani rəsmiləri bundan əvvəl də Tacikistan hakimiyyətinin dəstəklənməsi zərurətindən danışırdılar və hökumətin ünvanına hər hansı tənqidin yolverilməz olduğunu bildirirdilər, lakin indi onlar bununla bağlı xüsusi fitvalarını veriblər.
Tacikistan İslam Mərkəzinin qərarı hüquqi qüvvəyə malik deyil və tövsiyə xarakteri daşıyır, lakin islam dininin tacik müsəlmanlarının gündəlik həyatında rolunu və ruhanilərin təsirini nəzərə alaraq, çoxlarının ruhanilərin tövsiyələrinə qulaq verəcəyini güman etmək olar.
Fitvadan təəccüblənənlər
Rəsmi Düşənbənin öz əsas siyasi opponenti hesab etdiyi İslam Dirçəlişi Partiyasını yeni fitva təəccübləndirir.
“Biz dünyəvi dövlətdə yaşayırıq, Şəriət qanunlarına əsasən yaşamırıq ki, bu fitvalar insanlar üçün vacib olsun. İqtidar da ruhanilərin fikirlərinə diqqət verməyə borclu deyil. Lakin başa düşürük ki, bütün bu qərarlar siyasətçilərin bilavasitə iştirakı ilə qəbul olunur”, - İslam Partiyası sədrinin birinci müavini Saidumar Hüseyni bəyan edib.
Qanuna əsasən, Tacikistan dünyəvi dövlətdir, lakin əslində hakimiyyət çox fəal surətdə dini təsisatların işinə qarışır, xüsusilə, məscidlərin imam-xatıbləri seçiləndə həlledici rol oynayır.
“Bu yeni qərarla rəsmi ruhanilər hakimiyyətə qulluq göstərmək istəyiblər. Lakin əks effekt alınıb”, - Ozodon media-holdinqin təsisçisi Zafar Sufi deyir.
Onun sözlərinə görə, fitva – “ilk zəng”, çox vaxt hakimiyyətin hərəkətlərini tənqid edən jurnalistlərə, KİV-lərə bir növ xəbərdarlıqdır, və bu kimi addımlar narahatlıq doğurmaya bilməz.
“Nəticədə jurnalistlərin hüquqlarını ciddi məhdudlaşdıran tamamilə real qanun qəbul olunacağını istisna etmək olmaz”, - Zafar Sufi güman edir.
Tacikistan hakimiyyəti dindarların haqlarının tapdalanması bağlı, məscidlərin təftişi və bağlanması, dini partiya və hərəkat tərəfdarlarına qarşı məhkəmə prosesləri və islam qaydalarına uyğun geyinənlərin və saqqal saxlayanların təqib edilməsinə görə dəfələrlə tənqid edilib.

Bununla belə, müşahidəçilər son illər Tacikistanda dinə marağın artığını deyirlər. İndi hətta qeyri-dindar ailələr öz övladlarını ilahiyyat məktəblərinə göndərirlər.
























