Kreml Almaniyada nüvə silahının yerləşdirilməsini “cavabsız qoymayacaq”

B61-12 bombaları ilə Tornado tipli Almaniya təyyarələri təchiz oluna bilər.
Şəklin alt yazısı, B61-12 bombaları ilə Tornado tipli Almaniya təyyarələri təchiz oluna bilər.
Çap edildi

Rusiya prezidentinin mətbuat katibi deyib ki, Almaniyada əlavə 20 ABŞ atom bombasının yerləşdirildiyi təqdirdə Rusiya cavab addımına məcbur olunacaq.

"Əlbəttə bu Avropa qitəsində gərginliyin artmasına doğru daha bir addım, və üstəlik təəssüf ki, çox ciddi bir addımdır”, Dmitri Peskovun sözlərindən RBK agentiyində iqtibas gətirilir.

Onun sözlərinə görə Qərbi Avropada yeni atom bombalarının yerləşdirilməsi qitədə strateji qüvvələr balansını poza, və Rusiyanı əlavə addımlara sövq edə bilər.

Amerikanın Almaniyadakı hava bazasında əlavə bombaların yerləşdirilməsi barədə ZDF kanalı xəbər yayıb.

Televiziya bu nəticəyə ABŞ hərbi büdcəsinin təhlili əsasında gəlib.

Almaniya jurnalistlərinə görə söhbət 20 ədəd B61-12 bomba haqqında gedir ki, onlardan hər biri Xiroşima üzərinə atılan bombalardan 80 qat güclüdür.

Güman edilir ki, yeni bombalarla Tornado tipli Almaniya təyyarələri təchiz oluna bilər.

Almaniya jurnalistlərinin xəbərinə rəsmi reaksiya verilməyib.

Ötən əsrin sonunda Almaniayada 150 ABŞ bombası saxlanılıb. Lakin 2000-ci illərin əvvəlində təqribən 130 bomba ölkədən çıxarıldı. Hazırda Almaniyadakı Büchel bazasında 10-20 ədəd silahın qaldığı bildirilir.

Büchel Almaniya ərazisində ABŞ nüvə silahı olan yeganə hərbi bazadır.