Lufthansa pilotların tətilinə görə 876 uçuşu ləğv edir

Şəklin mənbəyi, AP
Lufthansa aviaşirkəti çərşənbə günü pilotların tətilinə görə 876 uçuşu ləğv edir, Almaniya şirkətinin mətbuat xidməti bildirir.
Məlumata əsasən tətil gününə təyin edilən 3000 reysdən yalnız 2124-ü həyata keçiriləcək.
Çərşənbə günü uçuşların ləğvi 100 min sərnişinin səyahət planına təsir göstərəcək.
"Lufthansa müştərilərini maksimal dərəcədə məlumatlandırmaq və imkan daxilində başqa uçuşlardan istifadə etmək fürsətini vermək üçün səylərini əsirgəmir", - sərnişinlərə üzrxahlığını bildirən şirkətin rəsmi açıqlamasında deyilir.
Çərşənbə günü Lufthansa və onun törəmə şirkəti olan Eurowings-in pilotları Almaniya Mülki Aviasiya İşçilərinin Cockpit Həmkarlar İttifaqının çağırışı ilə növbəti tətilə qatılırlar.
Pilotların əsas tələbi maaşların artırılmasıdır.
Tətil gecəyarısı başlayaraq bir sutka davam edəcək.
Həmkarlar ittifaqı son 5 ildə dondurulmuş maaşların hər bir ilinə 3,6 faiz əlavə ödəniş tələb edirlər ki, buda məvaciblərin 20 faiz artması deməkdir.
Bu 2014-cü ildən bəri Lufthansa pilotların sayca 14-cü tətilidir.




















