Brüssel: Hərbçilərə hücum edən şəxs xəstəxanada ölüb

Şəklin mənbəyi, AFP/Getty Images
Brüsseldə təhlükəsizlik qüvvələrinin nümayəndələrinə həmlə ardınca açılan atəş nəticəsində yaralanan şəxs xəstəxanada ölüb.
Prokurorluq hadisəni terror həmləsi kimi dəyərləndirir.
Maçete ilə silahlanmış 30 yaşlı Somali əsilli kişinin törətdiyi hücumda əsgərlərdən biri yüngül xəsarət alıb.
Həmlə şəhərin mərkəzindəki Boulevard Emile Jacqmain bulvarında baş verib.
Məlumata görə keşik çəkən hərbçilərə hücum edən kişi "Allahu əkbər" qışqırıb.

Şəklin mənbəyi, Getty Images
O, hərbçilərin açdığı atəş nəticəsində ağır yaralandıqdan sonra xəstəxanaya çatdırılıb.
Belçikanın federal prokurorluğu hücum edən şəxsin xüsusi xidmətlərə məlum olmadığını bildirir.
İnsidentin baş verdiyi ərazi polis və hərbçilər tərəfindən nəzarət altına alınıb.
Ötən il Belçika paytaxtında 30-dan artıq adamın ölümünə bais olmuş həmlələrdən sonra Brüsseldə hərbçilərin keşik çəkməsi adi hala çevrilib.





















