Britaniya mətbuatı: Kürdüstanın müstəqilliyi Kərkükün taleyindən asılı olacaq

Kerkuk
Çap edildi

Kürdüstanın müstəqilliyi Kərkükün taleyindən asılı olacaq

Populyar "The Conversation" portalında dərc edilmiş məqalədə deyilir ki, bütün hədə-qorxulara baxmayaraq, kürdlər İraq Kürdüstanının müstəqilliyinə səs veriblər.

Lakin "hə" deyənlərin arasında İraqla bir dövlətin tərkibində daha yaxşı gələcəyə tərəfdar olanlar da var, regionun tamamilə müstəqil dövlət olmasını istəyənlər də.

Bütün hallarda bu, müstəqllik üçün verilmiş çox ciddi bir mandatdır, deyilir məqalədə.

Məqalədə qeyd olunur ki, son 25 ildə Bağdadla ondan çox uzaqda, şimalda yerləşən Kürdüstanın tutuduğu siyasi yollar çox fərqli olub və bu, kürd bölgəsinin tam müstəqilliyini qaçılmaz edir.

Buna baxmayaraq, İraq Kürdüstanı Hökumətinin başçısı Məsud Bərzani Bağdad hökuməti ilə uzun-uzadı danışıqlara girməli olacaq. Başqa sözlərlə, Kürdüstanın müstəqil olması üçün, Bağdad bu bölgə üzərindəki suverneliyini güzəştə getməyə hazır olmalıdır.

Bu mənada müstəqilliyin qaçılmaz olduğu, heç də o demək deyildir ki, onun əldə edilməsi çox asan olacaq.

Bu çətinliklərdən birincisi müstəqil Kürdüstanın özünü necə maliyyələşdirəcəyi barədə suala cavabın tapılmasındadır. Kürdüstanın yerli iqtisadiyyatı tamamilə Türkiyədən asılıdır. Türkiyə bu referendumnla əlaqədar Kürdüstana yük daşımalarına blok qoyacağı və neft idxalını dayandıracağı ilə hədələyib.

Digər tərəfdən İraq Kürdüstanı hazırda öz büdcəsinin 13-17 faizini Bağdaddan alır. Bu büdcə daim mübahisələr doğursa da, hazırda Kürdüstan hökumətinin və onun xidmətlərinin ayaqda qalması üçün həyati əhəmiyyət daşıyır.

Doğrudur, tam müstəqillik tərəfdarları gözlərini neft gəlirlərinə dikiblər, amma neft qiymətlərinin aşağı, siyasi vəziyyətin isə qarışıq olduğu bir vaxtda bu bölgəyə beynəlxalq investorlar o qədər də maraq göstərməyəcəklər.

Əslində Kürdüstan 2014-cü ildən bəri dərin maliyyə böhranı yaşayır. Neft qiymətlərinin düşməsi, qaçqın axını - bunların hamısı bölgənin maliyyə vəziyyətinə çox mənfi təsir göstərir. Burada 2015-ci ildən bəri maaşlar verilmir.

Digər tərəfdən referendumda İraq Kürdüstanından başqa kürdlərin nəzarəti altında olan daha dörd bölgə iştirak edib: Kərkük, Məxmur, Sincar və Xanagin bölgələrinə Bağdad da iddialıdır.

Kürdüstanın indiki bərbad vəziyyəti nəzərə alınarsa, onun müstəqil olması üçün Kərkükün yeni dövlətin tərkibində olması vacibdir.

Çoxmillətli Kərkük İraqın ən böyük neft yataqlarından birinin üstündə oturub. Bu bölgənin kimə məxsus olması çox qədim sualdır.

Kürdüstan bura 2014-cü ildən nəzarət edir, lakin indi, İŞİD təhlükəsinin aradan qalxdığı bir vaxtda Bağdad neft bölgəsinə nəzarəti hərbi yolla da özünə qaytarmaq istəyə bilər.

Odur ki, Bağdad və Ərbil arasındakı gələcək danışıqların əsas mövzusu Kərkükün neft yataqları barədə olacaq.

Məqalədə deyilir ki, hətta İraq kürdlərinin öz arasında da referenduma münasibət birmənalı deyil.

Bəzi kürd partiyaları hesab edirdilər ki, referendum üçün heç də münasib vaxt seçilməyib.

Başqaları isə deyirlər ki, Bərzani referendumdan hakimiyyətdə qalmaq və özünün siyasi gələcəyini təmin etmək üçün faydalanmağa çalışır.

Və nəhayət Kürdüstan təkcə kürdlərdən ibarət deyil. Burada ərəblər, türkmanlar və başqa etnik qruplar var.

Müəllifin fikrincə, bu problem Kürdüstan İraqdan tam ayrılsa belə, ona rahatlıq verməyəcək.

T-800 robot used in Terminator 2

Robotlar dünyanın axırına çıxa bilər

"The Guardian" yazır ki, BMT Haaqada özünün suni zəkanın inkişafı prosesinin monitorinqi üçün qərargahını açarkən robotların dünyanı sabitsizləşdirə biləcəyi barədə xəbərdarlıq edib.

BMT-nin yeni Süni Zəka və Robot Texnikası Agentliyinin əsas funksiyası robotların tərəqqisinin işsizliyin artmasına təsirinin və müstəqil və ya muxtar robotların kriminal təşkilatların əlinə keçməsinin qarşısını almaq olacaq.

Məsələn Böyük Britaniya üzrə təxmini hesablamalar göstərir ki, robot texnikasının getdikcə təkmilləşməsi iş yerlərinin 30 faizinin ləğvinə səbəb ola bilər.

Bu arada ABŞ, Çin, Rusiya və İsrail avtonom silah texnologiyalarını inkişaf etdirməyə çalışırlar. Belə silahlar insan nəzarəti olmadan döyüş əməliyyatlarında müstəqil qərarlar qəbul edə bilər.

Digər tərəfdən BMT Regionlararası Cinayətkarlıq və Ədalət İnstitutunun baş starteji məsləhətçisi İrakli Beridze deyib ki, yeni texnologiyalardan BMT-nin özü də öz missiyalarında istifadə edə bilər.

Bununla yanaşı Beridze deyib ki, cəmiyyət yeni texnologiyalara həmahəng inkişaf sürəti kəsb etməsə qeyri-stabillik bərqərar olacaq.

Beridze Holandiyanın "Telegraaf" qəzetinə deyib ki, bu məsələnin həlli üçün ən müxtəlif sahələrdən olan ekspertlərin şəbəkəsinin yaradılması mühümdür.

Avqust ayında Tesla şirkətinin milyarder başçısı Elon Musk da daxil, 100-dək robot texnologiyası və süni zəka eksperti BMT-ni süni zəkadan silahların və ya bəzən deyildiyi kimi "qatil robotların" istehsalında istifadə edilməsi təhlükəsinə qarşı tədbir görməyə çağırmışdı.

Onlar yazırdılar: "Hazırda öldürücü avtonom silahların hərbiyyədə üçüncü inqilab yaratmaq təhlükəsi var.

Əgər bu vasitələr inkişaf etdirilsə, münaqişələr görünməmiş miqyasda və insanın ağlına belə gəlməyən sürətlə genişlənə bilər. Bunlar terror silahına, despot və terrorçuların xalqlara qarşı işlətdiyi silaha çevrilə bilər".

Ötən il professor Stephen Hawking xəbərdarlıq etmişdi ki, qüdrətli süni zəka insanlıq üçün ya ən yaxşı, ya da ən faciəli kəşf olacaq.

BMT ofisinə gəlincə isə, Hollandiya hökuməti ilə əldə olunmuş razılaşmaya əsasən onun heyəti ilkin mərhələdə çoxsaylı olmayacaq.

Loneliness

Qadınlar kişilərdən həmişə çox yaşayacaqlar

"The Telegraph" yazır ki, Britaniya Milli Statistika İdarəsinin rəqəmlərindən göründüyü kimi kişilərlə qadınların ömür uzunluğu gözləntisi arasında fərqin azalması dayanıb.

Bundan əvvəl, daha doğrusu xüsusilə də 2006-2008-ci illər arasında qadın və kişilərin ömür gözləntisi arasındakı fərq 4,2 ildən 2012-2014-cü illər arasında 3,7 ilə düşmüşdü.

Ümumən qadınların kişilərdən daha uzun yaşaması təbii sayılır.

Lakin alimlər əvvəlcə iki cins arasındakı ömür uzunluğu fərqinin azalmasını qeydə alanda düşünmüşdülər ki, bu azalma bundan sonra da davam edəcək.

Lakin 2014-2016-cı ilin rəqəmləri göstərir ki, 3,7 il fərqi dəyişməz olaraq qalır.

Alimlər deyirlər ki, ola bilsin bu, məsələn siqaretə qarşı kampaniyanın durğunluq mərhələsinə qədəm qoyması ilə bağlıdır.

Başqa sözlərlə 2006-2013-ci illərdə kişilər siqaret çəkməyi kütləvi şəkildə tərgidirdilər. Amma indi bu proses dayanıb və ya alimlərin dediyi kimi - "tərgidən tərgidib qurtarıb".

Son rəqəmlərə görə, Britaniyada kişilərin 17,7, qadınlarınsa 14,1 faizi siqaret çəkir.

Hazırda qadınlar üçün ömür müddəti orta hesabla 82,9, kişilər üçünsə 79,2 ildir.

Oxford Universiteti nəzdindəki Qocalma İnstitutunun professoru doktor George Leeson deyib ki, ömür gözləntiləri arasındakı fərqin azalmasındakı durğunluq bir çox faktorlarla, məsələn pəhriz və idmanla da bağlı ola bilər.

Digər tərəfdən istər qadın, istərsə də kişilər üçün ömür uzunluğu gözləntisi artmaqda davam edir, hərçənd bu artımın sürəti səngiyib.

Hazırda Britaniyada hər beş kişidən biri və hər üç qadından biri 90 yaşı aşır. 100 yaşlılar Britaniya əhalisi arasında ən sürətlə artan kəsimdir. 2002-2016-ci illər arasında bu rəqəm 92 faiz yüksəlib.

Britaniyada yaşı 100-ü keçən 15 min nəfər var. 90 yaşı aşanların sayı 571 min 270 nəfərdir.

Alimlər deyirlər ki, indi hökumətlərin başlıca vəzifəsi artan yaşlı nəslin həyat keyfiyyətinin yüksəldilməsi olmalıdır.

Bütün bu bəlli faktların arasında bir bəlli olmayanı da qadınların niyə kişilərdən çox yaşamasıdır.

Alimlərin də bilmədiyi şeylər var. Bilinən budur ki, qadınlar həmişə kişilərdən uzun ömür yaşayacaqlar.