Kataloniyadakı müstəqillik referendumu haqqında nələri bilməliyik?
- Müəllif, Özge Özdemir
- Vəzifə, BBC Türkçe, Barselona
- Çap edildi
İspaniyanın muxtar vilayəti Kataloniya Madrid hökumətinin bütün maneələrinə baxmayaraq bazar günü referendum keçirməyə hazırlaşır.
Kataloniyanın başçısı Carles Puigdemont referendumdan əvvəl Avropa İttifaqını (Aİ) tənqid edib. Puigdemont Aİ-nın İspaniya hökumətinin Kataloniya xalqının əsas hüquqlarının pozulması qarşısında sakit qaldığını söyləyib.
Puigdemont "Aİ Kataloniya xalqının sərbəst toplaşma və söz azadlığı haqlarının məhdudlaşdırılması haqqında heç bir söz demədi. Amma Türkiyə və dünyanın digər yerlərində bu haqqlar məhdudlaşdırıldıqda "çox cəsarətli davranırlar" deyib.
Avropa Parlamentinin başçısı Antonio Tajani isə cümə axşamı verdiyi açıqlamada Kataloniyadakı referendumun qanundan kənar olduğunu söyləyərək bu məsələnin siyasi həllinin tapılması üçün çalışdığını bildirib.
Kataloniyanın 1 oktaybrda keçirmək istədiyi referenduma mane olmaq üçün Madridin tətbiq etdiyi üsullara xüsusilə muxtar vilayətin paytaxtı Barselonada etiraz edilir. İspaniya baş naziri Mariano Rajoy-un referendumun qarşısını almaq üçün verdiyi göstərişlər ölkənin "dikatatorluq dövründə" tətbiq etdiyi tədbirlərə bənzədilərkən ölkənin son illərin ən böyük siyasi böhranı ilə qarşı-qarşıya olduğu görünür.
Kataloniyada keçirilməsi planlaşdırılan referendumla bağlı bilinməsi lazım olan məsələləri 8 sualda araşdırdıq.
1. Kataloniya niyə müstəqillik referendumu keçirmək istəyir?

Şəklin mənbəyi, Getty Images
Kataloniyalılar İspaniyanın fərqli muxtar ərazilərində olduğu kimi özlərinə məxsus bir dilə, tarixə və mədəniyyətə sahibdirlər.
Vilayətin milli günü kimi qeyd olunan 11 sentyabr, Barselonanın 1714-cü ildə kral V Felipe tərəfindən ələ keçirilməsi və müstəqilliyini itirməsi günü kimi qeyd olunur.
Barselonanın daha çox siyasi müstəqillik üçün təzyiq göstərməsi 1930-cu illərdə baş verən vətəndaş müharibəsinin də əhəmiyyətli səbəblərindən biri idi. Vətəndaş müharibəsi general Franco-nun diktatorluğu ilə başa çatmışdı.
1975-ci ildə Franco vəfat etdikdən sonra, İspaniya demokratiyaya keçid etdi, Kataloniya da dili tanınan muxtar vilayətlərdən birinə çevrildi.
Lakin Kataloniya siyasi baxımdan daha çox müstəqil olmağı tələb edirdi.
Xüsusilə 2008-ci ildə bütün dünyanı öz təsiri altına alan maliyyə böhranının İspaniya iqtisadiyyatını sarsıtması, ölkənin iqtisadi baxımdan güclü ərazilərindən olan Kataloniyanın müstəqillik tələbini daha güclü bir şəkildə dilə gətirməsinə yol açdı.
2014-cü ildə vilayətdə qeyri-rəsmi təşkil olunan referendumda 5,4 milyon seçicidən 2,2 milyonu səsvermədə iştirak etdi. Səs verənlərin 80 faizi müstəqilliyi dəstəklədi.
2015-ci ildə keçirilən yerli seçkilərdə isə Kataloniya parlamentində müstəqilliyin tərəfdarı olan və çoxluq əldə edən partiyalar 18 ay içində referendum keçiriləcəyini açıqladılar. Sentyabr ayının əvvəlində keçirilən səsvermədə Kataloniya parlamenti 1 oktyabrda müstəqillik referendumunun keçirilməsi barədə qərar qəbul etdi.
2. Kataloniyanın iqtisadı mənada "İspaniyanı yükünü çəkdiyi" iddiası doğrudurmu?

Şəklin mənbəyi, EPA
İspaniyanın ən zəngin ərazilərindən biri olan Kataloniya ölkə əhalisinin 16 faizini, ümumi daxili məhsulun (ÜDM) isə 19 faizini təşkil edir. Ümumiləşdirici araşdırmaya görə mərkəzi hökumət vilayətdən aldığının qarşılığında daha az verdiyi qənaətindədir.
2014-cü ilin məlumatlarına görə, Kataloniyanın İspaniya iqtisadiyyatına vergilərlə verdiyi xeyir, İspaniyanın investisiyalardan əldə etdiyi gəlirdən 9,89 milyard avro daha artıqdır.
İspaniya dövlətinin Kataloniyaya verdiyi xeyir isə 2003-cü ildə büdcənin 16 faizini təşkil edərkən, 2015-ci ildə bu rəqəm 9,5 faizə düşüb.
3. Qanuni baxımdan referendumun qarşısında maneə varmı?

Şəklin mənbəyi, ÖZGE ÖZDEMİR
İspaniya Konsitusiyası ölkənin bölünməz olduğunu deyir. Baş nazir Mariano Rajoy-un Kataloniya Parlamentinin referendum qərarına qarşı çıxmasından sonra İspaniya Konstitusiya Məhkəməsi müstəqillik referendumunu təxirə salmışdı.
Konstitusiya Məhkəməsi eyni zamanda bu yaxınlarda referendumla bağlı fəaliyyət göstərən yerli idarəçilərin gündəlik 12 min avro (təqribən 24 min AZN) məbləğində cərimələnməsi barədə hökm çıxarıb.
Kataloniyanın hökumət binalarına edilən hücumlar nəticəsində isə 10-dan çox siyasətçi nəzarətə alınıb. İspaniyada prokurorluq referendumu dəstəkləyən 700-dən çox yerli nümayəndə barədə istintaqa başlayıb.
Ali Məhkəmə isə milli və regional təhlükəsizlik qüvvələrinə bazar günü səs vermə prossesi ilə bağlı hansısa bir fəaliyyətə mane olmaq səlahiyyəti verib.
4. İspaniya hökuməti referenduma mane olmaq üçün nə edir?

Şəklin mənbəyi, AFP
Madrid hökuməti, referendumun keçirilməyəcəyi barədə məhkəmə qərarını qəbul etməyən Kataloniya liderlərinin qanunlara qarşı çıxdığını deyir.
İspaniya baş naziri Rajoy referendumun qanuna və demokratiyaya zidd olduğunu bəyan edərək bu qərarı "qəbuledilməz bir itaətsizlik" kimi xarakterizə edib. Referenduma mane olmaq üçün Kataloniya nümayəndələri nəzarətə alınıb, seçki bülletenleri müsadirə olunub, regional hökumət binalarına reydlər keçirilib. İspaniya regiona gəmilərlə ən azı 6 min polis göndərib.
10 milyon seçki bülleteni müsadirə olunub, Kataloniyanın müstəqilliyi ilı bağlı yayın həyata keçirən internet saytları qadağan edilib.
Kataloniyanın polis qüvvəsi olan Mossos d'Esquadra-ya referendum hazırlıqlarının qarşısını almaq barədə göstəriş verilib. İspaniya mərkəzi hökuməti Kataloniya hökumətinin maliyyə qaynaqlarına referenduma büdcə ayrılmaması üçün əl qoyub.
5. Kataloniyalılar İspaniya hökumətinin tədbirlərinə necə cavab verir?

Şəklin mənbəyi, Getty Images
Kataloniya hökümətinin başçısı Carles Puigdemont referendum keçirməyin cinayət olmadığını açıqlayıb.
Puigdemont kataloniyayalıların smartfonlardakı tətbiqlərdən isitfadə edərək səs verməsi barədə Twitter-də elan yayıb.
Xüsusilə, Barselona küçələrində etirazların davam etdiyi bir vaxtda referendum tərəfdarları yazıçılarla birlikdə səs bülletenləri hazırlayıblar.
Bazar günü məktəblərin açıq qalması və səsvermə qutularının qurulması üçün müstəqillik tərəfdarı olan kataloniyayalılar səfərbər edilir.
6. Avropa İttifaqı Kataloniyanın referendum tələbinə nə deyir?

Şəklin mənbəyi, Getty Images
Avropa Komissiyasının başçısı Jean-Claude Juncker həm İspaniya Konstitusiya Məhkəməsinin qərarına, həm də referendumun müstəqillik nəticəsindən doğan qərara hörmətlə yanaşacaqlarını söyləyib.
Juncker müstəqil Kataloniyanın isə Aİ-ə təkrar müraciət etməsinin lazım olduğunu söyləyib.
Podemos-dan seçilən Barselona bələdiyyə başçısı Ada Colau isə Aİ-ə yazdığı açıq məktubda ittifaqı Madrid və Barselona arasındakı kontitusiya böhranına vasitəçilik etməyə çağırmışdı.
7. Referendumdan necə bir nəticə gözlənilir?

Şəklin mənbəyi, Getty Images
Kataloniyada müstəqillik referendumu istiqamətində aparılan sorğuların sayı çox olmasa da, Kataloniya hökuməti tərəfindən iyul ayında keçirilmiş bir sorğuda seçicilərin 41 faizi müstəqilliyi dəstəklədiyini, 49 faizin isə buna qarşı çıxdığını bildirmişdi.
İspaniyanın öndə gedən iki partiyasının - Xalq Partiyası (PP) və İspaniya Sosialist Əmək Partiyasının (PSOE) referenduma qarşı çıxmasına, hökumətin tətbiq etdiyi təzyiqə baxmayaraq küçələrdə referendumun təşkil edilməsi tələbləri səslənməkdə davam edir.
8. Referendumdan sonra nə baş verəcəyi gözlənilir?

Şəklin mənbəyi, Reuters
Kataloniya Parlamentinin qəbul etdiyi qərara görə, referendumun nəticələri məcburi olacaq.
Əgər səs qutularından müstəqillik qərarı çıxarsa, nəticələrin açıqlanmasından iki gün sonra Kataloniya parlamentinin bir araya gəlib müstəqillik qərarını açıqlaması lazımdır.
Kataloniya hökumətinin başçısı Puigdemont sandıqdan müstəqillik qərarı çıxsa belə bunu təkbaşına açıqlamayacağını bildirərək Madrid-i bu məsələ ilə bağlı bir masa arxasına oturmağa dəvət edib.
İspaniyanın iqtisadiyyat naziri Luis de Guindos isə referendumun baş tutmayacağnı, Madrid-in daha çox vəsait və maliyyə muxtariyyəti verməyi təmin edən konstitusiya dəyişikliklərini yerinə yetirə biləcəyini söyləyib.
Lakin bazar günü təhlükəsizlik qüvvələrinin səs verməyə mane olacağı təqdirdə xüsusilə Barselona küçələrinin qarışmasından narahatlıq hissi keçirilir.























