Britaniya mətbuatı: İranın inqilab keşikçiləri Trump-ı raketlərlə hədələdilər

Şəklin mənbəyi, Reuters
İranın inqilab keşikçiləri Trump-ı raketlərlə hədələdilər
"Financial Times" yazır ki, İranın İnqilab Keşikçiləri Korpusu Birləşmiş Ştatlara, bu qurumun terrorçu təşkilatlar siyahısına salınmaması üçün xəbərdarlıq edib.
Korpus bildirib ki, ona qarşı sanksiyalar elan edilsə, keşikçilər də ABŞ hərbiyyəsini hədəfləməkdə sərbəst olacaqlar.
Son günlər verilən xəbərlərə görə, ABŞ prezidenti İranın sanskiyalardan azad edilməsi müddətini uzatmamaq niyyətindədir. Başqa sözlərlə bu, Birləşmiş Ştatların, İran və 6 dünya gücü arasında 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxması demək olacaq.
Digər tərəfdən bu baş verərsə, İran hərbiyyəsi 1979-cu ildən bəri ilk dəfə olaraq sanksiyalarla üzləşəcək.
FT izah edir ki, indiyədək İran silahlı qüvvələrinin ən qüdrətli seçmə birliyi olan bu korpusla əlaqəli fərdlər və şirkətlər üzərinə sanksiyalar qoyulsa da, inqilab keşikçilərinin özləri birbaşa hədəflənməyiblər.
"Əgər ABŞ administrasiyasının axmaq qərarı barədə mediada yayılmış şayiələr gerçək çıxarsa, keşikçilər ABŞ hərbiyyəsi ilə İŞİD qüvvələri ilə rəftar etdikləri kimi davranacaqlar" - korpusun ali komandanlarından briqada generalı Məhəmmədəli Cəfəri deyib.
Cəfəri deyib ki, İran Vaşinqtonun, Amerikanın Düşmənlərinin Sanksiyalarla Hədəflənməsi barədə qanunu hərəkətə gətirməsini ABŞ-ın nüvə razılaşmasından birtərəfli qaydada çıxması kimi qiymətləndirəcək.
Trump İran, Şimali Koreya və Rusiyanı hədəfləyən bu qanunu ötən avqust ayında imzalayıb.
Briqada generalı deyib ki, ABŞ-ın nüvə sazişindən çıxması İran İslam Respublikasına özünün adi müdafiə raket və regional proqramlarını inkişaf etdirmək imkanı verəcək.
O əlavə edib ki, ABŞ-ın yeni sanksiyaları İrana tətbiq edilsə, onda ABŞ İran raketlərinin vura bildiyi 2000 kilometrlik ərazidəki bütün regional bazalarını buradan çıxarmalı olacaq.
Ötən həftə Donald Trump İranı Yaxın Şərq boyunca terrorçuluq və zorakılığın ixracında, qan tökülməsi və xaosda ittiham etmişdi.
FT yazır ki, Tehranın dəstəklədiyi Livan Hizbullah təşkilatı qonşu Suriyada prezident Bəşər əl-Əsədin qüvvələri ilə çiyin-çiyinə döyüşür.
İran habelə Yəmənin vətəndaş müharibəsində şiə hutiləri dəstəkləyir.
Bununla belə, Tehrandakı Qərb diplomatları deyirlər ki, ABŞ-ın İnqilab Keşikçilərinə qarşı hər hansı hərəkəti İranın Yaxın Şərqdəki fəaliyyətini daha da pozucu edəcək.
"Biz amerikalılara dəfələrlə xəbərdarlıq etmişik ki, keşikçilər məsələsində İran rejimi sıralarını daha da möhkəmləndirəcək və Yaxın Şərqdə daha qorxunc qüvvəyə çevriləcək, - deyib bir diplomat, - Amma ABŞ administarsiyası bizə qulaq asmaya bilər".
Avropa ölkələri 2015-ci ildə imzalanmış nüvə sazişini dəstəkləməkdə davam edirlər. Bu sazişi İranla birlikdə 6 dünya gücü imzalayıb və sənəd BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiq olunub.
Trump İran üzərindən sanksiyaları qaldıran şahadətnaməni oktyabrın 15-ədək ləğv edə bilər. Bundan sonra İranın üzərinə təkrar sanksiyaların qoyulması üçün Konqresin 60 gün vaxtı olacaq.
İranın praqmatik prezidenti Həsən Ruhani ötən şənbə bildirib ki, nüvə sazişini geri döndərmək mümkün deyil və bu beynəlxalq razılaşmanın pozulmasına görə məsuliyyəti İran yox, Amerika daşıyacaq.

Şəklin mənbəyi, Science Photo Library
Putinin "yubiley burgeri" yalan çıxdı
"The Guardian" yazır ki, hamburger adətən beynəlxalq qalmaqal yaradacaq qədər əhəmiyyətli bir şey sayıla bilməz, amma bir New York restoranı Kremldən qaynaqlanan saxta xəbərə görə məhz belə bir qalmaqala düşüb.
Məqalədə deyilir ki, Rusiyanın dövlət mediası New York-dakı məşhur "Lucy's Cantina Royale" restoranında ötən şənbə Putinin 65 illik yubileyi şərəfinə məxsusi ədvalı burger hazırlandığı barədə xəbər yaymışdı.
Rusiyanın bir nömrəli kanalı ORT bunu "bütün dünyada Putinin necə sevildiyini göstərən parlaq nümunə" kimi təqdim etmişdi.
"Rusiya liderinə ad günündə xoş arzularını bildirən heç də təkcə xarici liderlər yox, həm də bunun üçün ən qeyri-adi üsullar seçən adi insanlardır" - deyirdi ORT-nin aparıcısı.
Bu xəbərə görə New York-dakı Penn metro stansiyasının yaxınlığında yerləşən Lucy's meksika mətbəxi restoranının ofisiantı demişdi ki, qızardılmış kartofla verilən beşqat burgerin dəqiq çəkisi 1952 qramdır. Xəbərdə iddia olunurdu ki, bununla Vladimir Putinin 1952-ci ildə doğulması simvolizə edilib.
"Biz inanırıq ki, Vladimir Vladimiroviç müstəsna siyasətçi və tarixi fiqurdur. Buna görə də qərara gəldik ki, ilin bir gününü bu adama həsr edək" - demişdi ORT-nin gah Tamara, gah Tatyana, gah da Darya kimi təqdim etdiyi ofisiant qız. Bu süjeti Kremlin nəzarət etdiyi RT telekanına bağlı Ruptly şirkəti istehsal etmişdi.
Bunun ardınca TASS dövlət xəbər agentliyi Lucy's restoranının meneceri Ted Bryant-a istinadən yazırdı ki, "Putin bu restoranda ad günü bir gün ərzində xüsusi burgerlə qeyd olunan yeganə dünya lideridir".
Xəbər son dərəcə maraqlı idi, lakin onun bir problemi var idi. Məlumat saxtaydı.
Kreml təbliğatının yalanlarını faş edən saytın jurnalisti Aleksey Kovalyov həmin restorana zəng edəndə Lucy's-in barmeni ona demişdi ki, bu restoranda belə bir şey olmayıb.
Lakin kremlyönlü Twitter istifadəçisi həmin restorana zəng etdiyini və barda çalışan qadının səsini yazdığını iddia etmişdi. Qadın Putin burger ilə bağlı tədbirin həqiqətən də keçirildiyini deyirdi.
Bundan sonra Kovalyov restorana bir də zəng edib. Ona deyiblər ki, Rusiya dövlət televiziyasının verdiyi xəbərin yalan olduğunu deyən restoran işçisi əslində işçi yox təcrübəçi olub. Bundan sonra telefonun dəstəyini asmışdılar.
Lakin restoranın internet saytında Putin burgerinin bircə dənə də reklamı yox idi və oktyabrın 7-də restoranın Instagram saytında Rusiya prezidentinin ad gününə həsr edilmiş burgerləri görmək olmurdu.
"Bizim restoranımız Vladimir Putinin ad gününü heç bir şəkildə və ya formada qeyd etməyib. Biz müştərilərə heç vaxt Putin burgeri təklif etməmişik, Videosüjetdəki görüntülər saxtadır,"- Lucy's Cantina Royale restoranının sözçüsü "The Guardian" qəzetinə deyib.
Kovalyovun telefonla danışdığı qadına gəlincə isə, Ryan deyib ki, bu qadın doğrudan da restoranda işləyir və "bizi məktəb layihəsi üçün video çəkdiyini" deməklə aldadıb".
Ryan deyib ki, hazırda restoranın hüquqşünası bu insidentlə bağlı işi araşdırır.
Tənqidçilər bildirirlər ki, bu insident Kremlin maliyyələşdirdiyi saxta xəbər yaradıcılarının necə işlədiklərini göstərir.
"Bu axmaq hadisə Putinin və ona sadiq media və tərəfdarların nə dərəcədə yazıq vəziyyətdə olduqlarını göstərir - deyib Kovalyov The Noodle Remover saytına, - Onlar Qərbin diqqət və tanımasına o qədər tamarzıdırlar ki, birbaşa yalana əl atıb Qərbdə sadə insanların Vladimir Vladimiroviçə heyranlığını göstərmək istəyirlər. Bu çox kədərli bir haldır".
Ruptly şərh üçün müraciətlərə cavab verməyib.
Lakin Rusiyanın dövlət mediası yalan faş ediləndən sonra da geri çəkilməyi düşünmür.
RT telekanalının kommunikasiyalar direktoru Anna Belkina deyib: "Bizim bu xəbərin doğruluğuna inanmamağa heç bir əsasımız yoxdur". O, sübut kimi TASS-ın "Lucy" restoranının meneceri Ted Bryant-ı iqtibas etdiyini bildirir.
Amma problem də burasındadır ki, restoranın sözçüsü Ryan aydın şəkildə bildirib: "Lucy's Cantina Royale"da heç vaxt Ted Bryant adında işçi olmayıb və Putinin ad günü burgeri barədə xəbər tamamilə uydurmadır".




















