Britaniya mətbuatı: Bu həftə Türkiyəni Qərblə çətin söhbətlər gözləyir

Şəklin mənbəyi, EPA
Bu həftə Türkiyəni Qərblə çətin söhbətlər gözləyir
"Financial Times" yazır ki, Avropa İttifaqına üzv ölkələr Türkiyənin təşkilata üzvlüyü ilə bağlı son rəylərini bildirməlidirlər və onlardan bir çoxunun Ankara ilə gərgin münasibətləri Türkiyəni ona üzvlük səyləri ilə bağlı ayrılmış 1 milyard avrodan məhrum edə bilər.
Məqalədə deyilir ki, bu həftə keçiriləcək sammitdə Türkiyə ilə üzvlük danışıqlarının dondurulması və ya birdəfəli ləğvi barədə qərar gözlənilmir. Türkiyənin üzvlük məsələsi ilə bağlı Aİ sammiti Almaniya kansleri Angela Merkel-in təşəbbüsü ilə çağırılıb.
FT yazır ki, Aİ hökumətləri Türkiyədə davam edən təqiblərdən və Avropa vətəndaşlarının həbslərindən qəzəblidirlər, lakin bəziləri Ankara ilə bağlanmış miqrant sazişinin pozula biləcəyindən ehtiyatlanırlar.
Türkiyə bu sazişə əsasən öz üzərinə Avropaya miqrant axınının dayandırılmasını götürüb.
Bir Aİ diplomatı deyib ki, söhbət "tam və səmimi" olacaq. Almaniya başda olmaqla bir sıra Avropa ölkələri Türkiyəyə dair müzakirələrin ictimaiyyət üçün açıq olmasını istəyir.
Başqa bir Aİ diplomatı isə FT-yə deyib: "Türkiyə ölkədə insan haqlarının vəziyyəti və qanunun aliliyi məsələsində Avropadan aralanmaqda davam edir. Bu elə bir situasiyadır ki, Avropa ona Türkiyə-Aİ münasibətlərinin, üzvlük məsələsi də daxil bütün aspektlərini nəzərdən keçirməklə cavab verməlidir".
Diplomatlar bildiriblər ki, Avropa İttifaqı ilə Türkiyə arasında əldə edilmiş razılaşmaya görə, Türkiyəyə üzvlük üçün islahatların keçirilməsi məqsədilə 4 milyard avro verilməsi məsələsi debatların əsas mövzusu olacaq.
FT yazır ki, ən pis halda Türkiyəyə 2020-ci ilədək hər il 600-700 milyon avroluq tranşlarla verilməli olan təzminatın dörddə üç nisbətində ixtisarı baş verə bilər.
Söhbət ilk növbədə infrastrukturun və kənd təsərrüfatının inkişaf etdirilməsi üçün ayrılan pullardan gedir.
Türkiyəyə münasibətdə ən yumşaq variant yalnız hökumətin QHT-lərinə veriləcək pulun kəsilməsi olardı.
FT yazır ki, bu sammitin keçirilməsi planları Türkiyə prezidenti Recep Tayyip Erdoğan-la Almaniya kansleri Angela Merkel arasında münasibətlərin nə dərəcədə gərgin olduğunu göstərir.
Almaniyada ötən seçki kampaniyası zamanı xanım Merkel Türkiyənin Aİ-yə üzv qəbul edilməməsinə çağırmışdı.
FT yazır ki, Avropa İttifaqının danışıqları həm də Ankara-Washington münasibətlərinin son dərəcə gərgin dönəminə təsadüf edir.
ABŞ səfirliyi İstanbuldakı konsulluğunda bir əməkdaşın həbsi ilə bağlı Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna cavab olaraq ABŞ-dakı Türkiyə səfirliyi də eyni addımı atıb.
Bəzi Avropa ölkələri narahatdırlar ki, Avropaya qaçqın axınını dayandırmalı olan NATO üzvü Türkiyə ilə eyni gərginlik yaşana bilər.
Məqalədə deyilir ki, hətta Ankaranın ən kəskin tənqidçiləri də Avropa İttifaqı daxilində Türkiyə ilə rəsmi danışıqların tam dayandırılmasını istəyənlərin çoxluğa malik olmadığını bilirlər.
Bu danışıqlar bütün hallarda hazırda dalana dirənib. Bir Avropa diplomatı deyib ki, bu sammitdə iki yoldan biri seçilə bilər: "ya sadəcə olaraq narahatlıqların mövcud olduğunun qəbul edilməsi" və ya Ankaraya qarşı bundan daha sərt addımlar.
Avropa ölkələrindən bəziləri Türkiyəyə veriləcək pulun kəsilməsini münasib variant sayırlar. Onların fikrincə, bu puldan miqrant probleminin həlli üçün istifadə oluna bilər.
2016-cı ildə bağlanmış miqrant sazişinə görə, Türkiyə Yunanıstan adalarına gəlmiş qaçqınları qəbul etməyə razılıq verib.
Bu razılaşmaya əsasən, əgər Türkiyə öhdəliklərini yerinə yetirərsə, 2018-ci ilin sonunadək Ankaraya 3 milyard avro ödənilməsi nəzərdə tutulub.
FT yazır ki, Ankara Aİ üzvlüyünə qəbul üçün ayrılmış pulun kəsilməsini böyük bir ehtimalla Aİ-nin Türkiyəyə qarşı düşmən hərəkəti kimi təqdim edəcək.
Ola da bilsin ki, Ankara bu pulun onun böyük iqtisadiyyatı qarşısında "heç nə olduğunu" deyərək özünü qərara məhəl qoymamış kimi aparsın.
Avropa İttifaqında gələn həftə bu sammitdən heç də az əhəmiyyəti olmayan başqa bir hadisə də gözlənilir.
Avropa Komissiyası Türkiyənin üzvlük islahatları sahəsində tərəqqisinə dair hələ aprel ayında hazırlanmalı olan hesabatı bu həftə açıqlayacaq.

Şəklin mənbəyi, AFP
Tillerson Trump-ın "vurub-dağıtdığını" səliqəyə salır
"The Guardian" yazır ki, ABŞ dövlət katibi Rex Tillerson bazar günü verdiyi müsahibədə prezident Trump-ın ötən həftəsonu İranı "darmadağın edən tənqidlərinə" aydlınlıq gətirməli olub.
CNN telekanalının State of the Union proqramında çıxış edən Tillerson deyib ki, ABŞ İranla sazişdə qalmaq istəyir. Dövlət katibi habelə, Çinin Amerikanın Şimali Koreya siyasətindən çaşqınlıq keçirdiyi barədə iddiaları rədd edib.
O deyib ki, diplomatik manevrlər "ilk bomba düşənədək" davam edəcək.
Dövlət katibi eyni zamanda müsahibəni alan Jake Tapper-in təbirincə deyilsə, "axtalanmış" iddiasını qəbul etməyib. Bundan əvvəl Tennessee senatoru Bob Corker demişdi ki, prezident öz hərəkətləri ilə dövlət katibini "axtalanmış" hala salıb.
"Yoxlamışam, Jake, hər şey yerindədir" - deyib Tillerson.
Bunun ardınca TillersonTrump barədə çox mənalarda yozula biləcək tərifli sözlər deyib.
Keçmiş ExxonMobil rəhbəri deyib ki, "bu prezident çox unikaldır".
"Mən inanmıram ki, bu prezidentin unikal olduğuna kimdəsə şübhə var. Bu bizim yeni tariximizdə ən unikal prezidentdir" - deyib Tillerson.
Tillerson bu müsahibə zamanı da prezidenti "ipləmə" adlandırdığına dair iddiaları rədd edib.
"Mən oyun oynamıram. Washington çevrələrinin öz oyunları var. Bu oyunlar dağıdıcıdır. Mən bu sualı cavabla şərəfləndirmək istəmirəm və Jake, mən bir az təəccüblənmişəm ki, sən dünyada bu qədər problemlər ola-ola belə bir məsələyə bu qədər vaxt sərf etmək istəyirsən" - deyib Rex Tillerson.
Tillerson bir daha vurğulayıb ki, ABŞ İranla imzalanmış nüvə sazişinə sadiq qalır. Ötən cümə günü Trump bu sazişi ləğv edəcəyi ilə hədələmişdi.
Tillerson isə deyib ki, "biz sazişdəki qüsurlara onu imzalamış başqa tərəflərlə birlikdə baxa bilərik, amma biz bu sazişi olduğu kimi qəbul edirik və icrasını istəyirik".
Trump demişdi ki, əgər ABŞ başqa müttəfiqləri və Konqreslə birlikdə bu saziş barədə həll yolu tapa bilməsə, razılaşma dayandırılacaq.
Tillerson bu mövqeyi də xeyli yumşaltmalı olub. O deyib ki, iranlılar keçmişdə bu sazişin icrasında texniki pozuntulara yol veriblər, amma o pozuntuları aradan qaldırıblar. Deməli hazırda sazişin şərtlərinə əməl etmiş sayılırlar.
"The Guardian" yazır ki, ABŞ-ın BMT-dəki səfiri Nikki Haley də administrasiyanın İran siyasətini müxtəlif bucaqlardan izah etməyə çalışıb.
Haley NBC-nin Meet the Press proqramına müsahibəsində deyib ki, ABŞ İranla sazişi ona əməl olunmadığına görə yox, Şimali Koreya ilə bağlı yaranmış gərginliyə görə nəzərdən keçirir.
"Bizim dediyimiz odur ki, bir gün İran da ikinci Şimali Koreyaya çevrilməsin" - deyib Haley.
Keçmiş namziəd Hillary Clinton ötən bazar günü yayınlanmış müsahibəsində demişdi ki, administrasiyanın siyasəti İran və Şimali Koreya məsələsində çaşqınlıq yaradır və təhlükəli nüvə yarışına yol aça bilər.
Tillerson isə deyib ki, Trump-ın davakar tvitlərinə baxmayaraq ABŞ problemin diplomatik həlli yoluna sadiq qalır.
"Mən bunu bildirmək istəyirəm ki, prezident mənə bu məsələni diplomatik yolla həll etmək istədiyini deyib. O müharibə eləmək istəmir. Diplomatik səylər ilk bomba atılanadək davam edəcək" - deyib Tillerson.
Dövlət katibi deyib ki, "xoşbəxtlikdən prezident Trump-la onun çinli həmkarı arasında çox yaxın münasibət var"
"Mən bilən onlar yeddi-səkkiz dəfə telefonla danışıblar"- deyib Tillerson.




















