40 ildir həbsdə yatan təriqət lideri Charles Manson ölüb

Şəklin mənbəyi, Getty Images
Qətllər törətməyə yönəlmiş təriqətin məşhur lideri Charles Manson 83 yaşında xəstəxanada ölüb.
O, bu ayın əvvəlində Kaliforniyada Bakersfield xəstəxanasına yerləşdirilib, ABŞ kütləvi informasiya vasitələri məlumat verib.
1969-ci ildə Manson ailəsi kimi tanınan Manson davamçıları yeddi nəfəri öldürüb.
Onların qurbanları arasında rejissor Roman Polanksi-nin hamilə arvadı Hollivud aktrisası Sharon Tate də olub.
Onun evində olan digər dörd nəfər də vəhşicəsinə qətlə yetirilib. Ertəsi gün isə Los-Ancelesdə varlı cütlük "Manson ailəsi" tərəfindən öldürülüb.
Manson "bazar günü axşam Kern Dairəsindəki xəstəxanada saat 8:13-da (02:13 GMT bazar ertəsi) öz əcəli ilə ölüb", Cəzaçəkmə Müəssisələrinin Kaliforniya şöbəsi bəyanatında bildirib.
Charles Manson 40 ildən çoxdur ki, həbsxanada idi.
Manson-un ölüm xəbərini ilk olaraq TMZ jurnalı yayıb. Jurnal Manson-un bacısına istinadən bu xəbəri verib.
Manson-un bacısı Debra-nın sözlərinə görə, cəzaçəkmə müəssisəsinin vəzifəli şəxsləri ona zəng edib.
Manson Amerikada irqi müharibə olacağına, sonra özünün yeni sosial quruluşun lideri kimi meydana çıxacağına inanırdı. Bu ideya Manson-un mübtəlası olduğu Beatles qrupunun eyniadlı mahnısından sonra "Helter Skelter" ləqəbi almışdı.
Prokurorluq iddia edib ki, Manson qətllərdə qaradərili amerikalıların günahkar bilinəcəyinə və bununla da irqi gərginliyin güclənəcəyinə ümid edib.
O, bır sıra davamçılarını İsa Peyğəmbərin reinkarnasiyası olduğuna inandıra bilib.
O, xarizması və narkotik vasitələrin kombinasiyası ilə əsasən gənc, orta sinfin qadınlardan ibarət davamçılarını öz hakimiyyəti altında saxlamaq üçün istifadə edib.
Ölüm cəzası
Manson heç kimi özü öldürməyib. Davamçıları qətilləri onun göstərişi ilə yerinə yetirib. Amma o, qətllərdə müqəssir bilinərək 1971-ci ilə ölüm cəzasına məhkum edilib.
Cəza yerinə yetirilməmişdən əvvəl Kaliforniyada ölüm hökmü qadağan edilib və Manson-un hökmü ömürlük həbs cəzasına çevrilib.
Həbsxanada olduğu müddət boyunca Manson 12 dəfə şərti olaraq vaxtından əvvəl azad olunmaq üçün müraciət edib.
2012-ci ildə Əfv idarə heyəti bildirib ki, onun özünü təmizə çıxarmaq üçün hər hansı səy göstərdiyi görünmür.
O, nümunəvi məhkum olmayıb, sərəncamında silahla və mobil telefonların qaçaqmalçılığı ilə yaxalanıb.
2014-cü ildə Manson-a onu sevdiyini deyən 26 yaşlı qadınla nikahlanmaq üçün lisenziya verilib, amma lisenziya müddəti başa çatıb və nikah irəliləməyib.
Həbsindən sonra Manson və onun davamçıları onlarla sənədli film və kitablar üçün mövzuya çevrilib.




















