ABŞ: Minnie Mouse-u səsləndirən aktrisa Russi Taylor 75 yaşında vəfat edib

Şəklin mənbəyi, Getty Images
Uşaqlar üçün cizgi film personajı Minnie Mouse-u 30 ildən çox səsləndirən sənətçi Russi Taylor 75 yaşında vəfat edib.
Walt Disney şirkətinin bildirdiyinə görə, aktrisa Kaliforniyanın Glendale şəhərində cümə günü vəfat edib.
Taylor 1986-cı ildən başlayaraq cizgi filmlərində Mickey Mouse obrazının partnyoru olan Minnie Mouse-u səsləndirib.
O, eləcə də The Simpsons cizgi filmində Bartın sinif yoldaşı Martin personajını səsləndirib.
Taylor, Mickey Mouse-u səsləndirən və 2009-cu ildə vəfat edən Wayne Allwine ilə evli idi.

Şəklin mənbəyi, Getty Images
Taylor 1944-cü ildə mayın 4-də Massachusetts ştatının Cambridge şəhərində doğulub.
1986-cı ildə Minnie Mouse-u səsləndirmək üçün keçirilmiş müsabiqədə 200 namizədin arasından bu rol üçün məhz Russi Taylor seçilib.
"Mən heç vaxt məşhur olmaq istəməmişəm, - Russi Taylor müsahibələrindən birində deyib. - İfa etdiyim obrazlar məşhur olub, elə bu da mənə bəs edib".





















